Hər şey ölçülü, biçilidir, hər şey bir məqsəd, bir vəzifə üçün yaradılıb, sağında, solunda gərəksiz bir şey göstərə bilməzsən, yer üzü sənin üçün bəzənib, döşənib. Qurani-Kərimdə bildirilir: “Allah-Təala Göyü yüksəltdi və ölçünü qoydu. Ölçüdə həddi aşmayın”. Burada “Göyü yüksəltdi” ifadəsinin altında çox mətləblər durur, yəni Göyün təbəqələri yerbəyer edildi, ekoloji tarazlıq yaradıldı və hər şey insanın istifadəsinə verildi. Və sərt

Hər şey ölçülü, biçilidir, hər şey bir məqsəd, bir vəzifə üçün yaradılıb, sağında, solunda gərəksiz bir şey göstərə bilməzsən, yer üzü sənin üçün bəzənib, döşənib. Qurani-Kərimdə bildirilir: “Allah-Təala Göyü yüksəltdi və ölçünü qoydu. Ölçüdə həddi aşmayın”. Burada “Göyü yüksəltdi” ifadəsinin altında çox mətləblər durur, yəni Göyün təbəqələri yerbəyer edildi, ekoloji tarazlıq yaradıldı və hər şey insanın istifadəsinə verildi. Və sərt şəkildə tapşırıldı ki, insan bu tərəzini, bu ölçünü pozmasın. “Ölçüdə həddi aşmayın” tapşırığında çox şeylər var. Yəni qurulmuş bu nizamı dəyişməyə cəhd göstərməyin, sizə aid olmayan işlərə baş aparıb özünüzə problem çıxarmayın, lazım olmayan şeylərlə məşğul olmayın, öz işinizi bilin, öz vəzifənizi yerinə yetirin və əgər həddi aşsanız, başınıza gələcəklərdən də xəbərdar olun.

Ötən il dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bir araya gəlib, dünyamızın sabahını müzakirə elədilər, dartışdılar, bir-birini ittiham elədilər, amma ortaq nəticəyə gələ bilmədilər. Bu zamana qədər ekologiya adlı təbii nizamı pozmaqla məşğul olmuş və bunun sayəsində önə çıxmış ölkələr digərlərinin önünü kəsməyə çalışdılar. İnkişaf etməkdə olan ölkələr isə qarşı tərəfdən revanş almağa cəhd göstərdi. Beləcə, qitələrə, ölkələrə bölünmüş bəşəriyyət bir-biri ilə yarışa girərək hamımızın ortaq evi olan bu Yer kürəsini zəhərləməkdə, fəlakətə doğru sürükləməkdə davam edirlər. Hər şeyə rahatlıq prizmasından baxan, hər şeyi əlinin altında hazır görmək istəyən modern insan nəfsi bəşəriyyətə məzar qazır.

Təbiətdə Allahın qoyduğu qanunlar var: suyun 0 dərəcədə donmağa başlaması, 100 dərəcədə qaynaması, göyə atılan daşın yenidən qayıdıb yerə düşməsi, ağacların yazda oyanıb, qışda yuxuya getməsi, sıxılmış buludlardan yağmurun tökülməsi, suyun yüksəkdən aşağıya doğru meyillənməsi, dəmirin paslanması, torpağa atılan toxumun cücərməsi.., bunların hamısı Allah-Təalanın qoyduğu qanunlardır. Əslində bizim üçün də bu kainat kitabında müəyyən vəzifələr təsbit edilmişdir. Qurani-Kərimdə bildirilir ki, bu yerlər, göylər, dənizlər, heyvanat və nəbatat insanın xidmətinə verilmişdir. İnsan yer üzünün əşrəfidir. Təbiət öz axarında inkişaf etdikdə gözəldir. Əgər insan əli çayın məcrasını dəyişirsə, dağı əridib yerində göydələn tikirsə, səhralarda meşə salmaq istəyirsə, demək, bu İlahi nizamı pozmağa cəhd edir. Uzağa getməyək, adicə bir misal göstərək: təbiətdə sizin adını belə bilmədiyiniz bir həşəratın yoxa çıxması silsilə fəlakətlərə səbəb ola bilir. Alimlər deyirlər ki, yer üzündə arıların nəslinin kəsildiyi vaxtdan bəşəriyyətin məhvinə qədər çox qısa bir zaman kəsiyi qalır. Allah-Təala Qurani-Kərimdə açıq-aydın şəkildə bildirir: “Ölçü qoyuldu və siz ölçüdə həddi aşmayın”.

Bu gün dünyanın qarşısında duran ən ciddi problemlərdən biri də geni dəyişdirilmiş bitkilər məsələsidir. Artıq bir çox bitkilər öz təbiiliyini, ilkin tərkibini itirib, daha çox maddi gəlir əldə etmək istəyənlər elmi həqiqi inkişafa, tərəqqiyə deyil, ticarətə yönəldərək bəşəriyyətin gələcəyini təhlükə altına atırlar. Bugünkü pomidorlar dünənkinə nisbətən daha gözəldir, daha şəffafdır, daha böyük və davamlıdır. Amma tərkibi bir çox hallarda zərərli çıxır. Paxlalı bitkilərin, meyvələrin üzərində aparılan təcrübələrin qarşısını almaq üçün dünyada bir çox təşkilatlar həyəcan təbili çalırlar.

Son dövrlərdə müxtəlif xəstəlik adları eşitməyə başlamışıq. Haqlı olaraq soruşula bilər: əvvəllər niyə bu qədər xəstəlik olmayıb? Cavabı çox bəsitdir. Əvvəllər süni, geni dəyişilmiş meyvələr olmayıb axı, ekologiyamız bu qədər çirkli olmayıb axı.

Bəşər tarixinə diqqət yetirəndə neçə-neçə qövmün, qəbilənin bir andaca həlak olduğunu görürsən və heç tərəddüd etmədən inanırsan ki, bir toplum, bir cəmiyyət özünü bəlaya layiq hala gətirmədikcə Allah-Təala onu cəzalandırmayıb.

Bu gün dünyamızı fəlakətə sürükləyirlər, nüvə silahları ilə, təbiətə buraxdıqları zəhərli qazlarla, meyvələrin genini dəyişməklə, heyvanları kulonlama yolu ilə artırmaqla... Bildiyimiz və bilmədiyimiz bir çox üsullarla.

Allah-Təala “həddi aşmayın” buyurur. Həddi aşanlar dünyamıza məzar qazırlar.

ZAMAN