Tək qadınmı? Dişi heyvanlar da, bitkilər də başqası üçün yaşayar. Çiçəklər tac yarpaqlarını fəda edərlər eşqə. Dişi, özünə etməsə həyat bir hücumda sona çatardı. Qadının bu fədakarlığı içdən gələn bir şeydir.Ölənə qədər bunun üçün çalışmırıqmı?Bizim ki, bir könüldə, bir kitabda bir yaşamaqdır. Gələcəyə daşmaq, adımızı bizdən sonra yaşatmaq, bir bədəndə yenidən cavanlaşmaq və ya başımızdan bir dünya yaratmaqdır istəyimiz.
Bu məqsədə çatmaq üçün hansı ağrıya dözülməz? Əbədiləşmək üçün ölmək. Ana uşağı üçün hər fədakarlığa dözər. Kişi, əsəri üçün. Ehtiras, yəni bir əsərdə reallaşmaq, bir əsərdə yaşamaq arzusu həm bir kişini qanadlandıra bilər həm qadını. Amma eşqdə əbədiləşmək tək qadının arzusudur. Ancaq ana ölümsüzlüyünü bütün genişliyi ilə hiss edə bilər. Varlığından bir parça inkişaf edəcək, gələcəyi fəth edəcək, yaşayacaq. Ağac meyvə vermişdir artıq. Özünü sevgiyə və sevdiyinə həsr etməsi bundandır. Başqa biri üçün yaşayan onu anlamaq ehtiyacındadır. Həyatı yaratmaq, yəni başqasında yaşamaq. Onu sabahlara aparacaq olan: Uşağı.

Bəs kişi üçün elədirmi? Onu əbədiyyətə aparan körpü, uşağı deyil. Bədənindən bir bədən çıxara bilməz. O, başıyla, ürəyiylə və ya əliylə yaratmaq məcburiyyətindədir əbədiyyətini. Bunun üçün də varlığının mərkəzi özüdür.Kişi, həyatını fəda edər amma ehtiraslarından imtina edə bilməz..
Ətrafındakı insanlarla ürəkdən maraqlanmaq qadının qadınlığından gəlir. Amma, çəkdiyi ağrıların qaynağı da budur.
Öz yolunu işıqlandıran bir fənərdir eqoizm. Eqoistin, hədəfinə çatmaq üçün kimsənin köməyinə ehtiyacı yoxdur. Hara getdiyini bilər və tək gedə bilər. Ancaq qadınlar bunu edə bilməzlər. O, tək sevmək və sevilmək üçün deyil, getmək üçün də başqalarına möhtacdır.
Qadın eqoizmdən məhrumdur. Bunun üçün kişiyə möhtacdır. Sabit bir nöqtəyə ehtiyacı var. Yoxsa küləyin qarşısında tərəddüd edər dayanar. Müəyyən bir hədəfə yönəldilmək məcburiyyətindədir. Bu susuzluq zəka nöqsanlığından doğulurmuş. Pis bir tərbiyənin əsəriymiş. Yalan. Ən yaxşı tərbiyə belə qadının bu xüsusiyyətini yox edə bilməz. Əksinə zəkası inkişaf etdikcə bu ehtiyac da böyüyər. Düşüncələr, düşüncələr. Hansını seçəcək? Dəyəri nədir bunların?

Kişilər hər istədiyini əldə edə bilər. Səbr etməsi,səy göstərməsi bəs edər. Hədəfə özü nail ola bilər. Qadının dəyişməyən, əllə tutular bir hədəfi yoxdur ki. Erkən və ya geç doğulmaq, filan ölkədən, filan təbəqədən olmaq, sevimli olmaq, yuxusundakı kişilə beş il əvvəl, beş il sonra qarşılaşmaq. Ətrafındakılar onu sevmirsə nə edə bilər? İradəsiylə, zəkasıyla, səyiylə sevdirə bilərmi özünü? Eşq satın alına bilməz. Eşq, qadının bütün həyatıdır. Və eşq başdan başa kaprizdir. Qadının səadəti nə qazanacağı şöhrətdə, nə yüksələcəyi mövqedədir. O sevmək və sevilmək istəyər. Həyatı yaratmaq, gözyaşlarını qurutmaq, ətrafındakı bütün canlıları xoşbəxtliyə qovuşdurmaq istəyər. Bütün sevinclərinin, bütün qayğılarının qaynağı budur.