Qurani Kərimdə Qədr gecəsinin əhəmiyyəti,

bu gecənin möminlər üçün nə qədər böyük fayda verə biləcək bir məqam, fürsət olduğu açıq şəkildə ifadə olunmuşdur. Peyğəmbər Əfəndimiz (s.ə.s.) hədislərində “Qədr gecəsini Ramazan ayının son on günü içərisində axtarın” buyurmuşdur. Başqa bir hədisi-şərifdə isə “Son 10 gün içərisindəki tək günlərdə axtarın” buyurulmaqdadır. İslam alimlərinin böyük əksəriyyətinin görüş və düşüncələrinə əsalanaraq Qədr gecəsinin Ramazanın 27-ci gecəsi olduğu söylənilir. Biz isə min aydan xeyirli gecə olan Qədr gecəsinin bəzi hikmətlərini böyük islam alimlərinin görüşlərinə əsaslanaraq açıqlamağa çalışaq. Niyə bu gecə haqqında bir il, üç əsr deyil, məhz min ay ifadəsi işlənilir.
Bu haqda ibn-Münzir və ibn-Əbu-Xatim belə yazırlar: “Rəsulullah Əfəndimiz (s.ə.s.) İsrail oğullarından (yəhudilərdən) bir nəfərin Allah yolunda min ay silah gəzdirmiş olduğunu öyrənmiş və bu fədakarlıqla müqayisədə ümmətinin ibadətinin az olmasından əndişələnmişdir. O vaxt da Allah-Təala məhz bu surəni (Qədr surəsi) nazil etmişdir.
İbn-Əbu-Xatimin Əli ibn Urvədən rəvayətinə görə, bəzi müsəlmanlar İsrail oğullarının 4 nəfərindən hər birinin səksən il Allaha ibadət etdiklərini öyrənmiş və ibadətlərinin onlarla müqayisədə az olacağından narahat olmuşlar. Cənabi-Cəbrayıl gəlib: “Ey Məhəmməd, ümmətin o bir neçə kişinin 80 illik ibadətindən heyrətə düşdü. Allah-Təala sənə ondan daha xeyirlisini endirmişdir”, - dedi və Qədr surəsini oxudu. Sonra da: “Bu, Sənin və ümmətinin heyran qaldığınızdan daha xeyirlidir”, - dedi. Rəsulullah sevindi.
İmam Malik “Muvatta” kitabında göstərir ki, Rəsulullaha Adəmdən üzü bəri yaşamış bütün ümmətlərin ömürləri göstərilmişdir. Peyğəmbər Əfəndimiz (s.ə.s.) öz ümmətinin ömrünün əvvəl yaşamış peyğəmbərlərin ümmətlərinin ömründən dəfələrlə qısa olduğundan və bu səbəbdən də onlar qədər ibadət etmək imkanına malik olmadıqlarından üzüldüyünü ifadə etmişdir. Allah-Təala da bu mübarək Zata Qədr gecəsini vermiş, bu gecəni ona və ümmətinə digər ümmətlərin min ayından daha xeyirli emişdir.
Min ay təxminən 83-84 ilə bərabərdir, nə az, nə çox, düz bir insan ömrü. Göründüyü kimi, Hz. Məhəmmədin (s.ə.s.) ümmətinə bir gecədə bir ömrün fəzilətini qazanmaq imkanı verilmişdir.