SONSUZLUĞU DÜŞÜNMƏK...

Allah dünyadakı hər şeyi məhdud yaratmışdır. Hər işin bir sonu vardır. Bu səbəblə ''sonsuz'' anlayışını anlaya bilmək üçün üzərində düşünmək və bilinən bəzi ölçülərlə müqayisə etmək lazımdır. Belə bir müqayisə üçün bu nümunəni verək: içində olduğumuz kainatın əslində bir atomun nüvəsi olduğunu düşünün. İçində olduğumuz kainatın xaricinə maraq göstərərək araşdırma apardığımızı fərz edək. Olduğunuz nöqtədə araşdırma apararaq çata biləcəyiniz ən uc yer atomun xarici sərhəddi olacaqdır. Çəyirdəklə xarici sərhəd arasında kəşf etdiyiniz hər elektronda böyük bir mərhələ qeyd edildiyini düşünürsünüz. Atomun xarici sərhəddinə çatdığınız zaman isə bunun ardından da kainatın eyni şəkildə davam etdiyini ehtimal edirsiniz. Fəqət, içində olduğunuz atomun böyüklüyünə bənzər, düşünməyəcəyiniz qədər çox sayda atom ola biləcəyini xəyalınıza belə gətirə bilməzsiniz. Bu nümunəyə oxşar şəkildə içində yaşadığımız kainatı çox böyük zənn edə bilərik. Öz ölçülərimizlə, ya da dünyanın ölçüləri ilə müqayisə edildiyində kainat ucu-bucağı bəlli olmayan bir yer olduğu üçün təbii ki, bizə böyük görünür. Lakin bəlkə gözümüzdə belə böyütdüyümüz kainat digər kainatlarla müqayisədə atom ölçüsündədir. Doğrunu isə Allah bilir.

Allahın kainatda yaratdığı bütün atomların sayını isə demək çox çətindir. Lakin onları qüsursuz yaradan Allah bəlkə də hər birinin içində eynilə bizim kainatımıza bənzəyən qüsursuz kainatlar yaratmışdır. Necə ki, ayələrdə Allahın sonsuz yaratma gücünə diqqət çəkilir: ''Məgər göyləri və yeri xəlq edən Allahın onları eynilə yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalimlər ancaq öz küfrlərində israr edib dururlar'' (''İsra'', 17/99).

Bizim sahib olduğumuz bilik sadəcə olaraq Allahın izn verdiyi qədərdir. Allah qatındakı bilik isə sonsuzdur. Məsələn, Allah dünyada insan üçün 7 əsas rəng yaratmışdır. Biz 8-ci rəngi zehnimizdə canlandıra bilmərik. Lakin Allah 8, 9, və ya 10, hətta daha çox əsas rəng yarada bilər, amma biz Allahın bizə göstərdikləri xaricindəkiləri görə və dərk edə bilmərik.

İnsanın beş duyğusu vardır, altıncını xəyalına belə gətirməz. İnsanın yuxusunda yalnız dörd duyğusu olsa, beşinci duyğu var deyilərkən bunun nə mənaya gəldiyini başa düşməyə bilər. Lakin Allahın 6 duyğu yaratmaq üçün sadəcə olaraq ''ol'' deməsi kifayətdir. Bunun kimi Allah qatında heç bilmədiyimiz duyğular da ola bilər. Bəlkə də bunların bir qismini bizə axirətdə göstərəcək.

Bu mövzu ilə əlaqədar deyiləcək hər nə qədər çox ehtimal olsa da, nəticə olaraq bunların hamısı Allahın bizə dünyada öyrətdiyi biliklər istiqamətində inkişaf etdirilən fikirlərdir. Ancaq burada unudulmaması lazım olan mühüm bir nöqtə vardır; Allahın gücü və böyüklüyü sonsuz olduğu üçün bildirilənlərin hamısını Allahın istədiyi anda həyata keçirməsi mümkündür. Biz isə Allahın bizə öyrətdiyi xaricində heç nə haqqında qəti bir şey deyə və Allahın bildirdikləri xaricində heç bir biliyə sahib ola bilmərik.

Buraya qədər Allahın ən kiçik aləmlərdən ən böyük aləmlərə qədər yaratdığı saysız dəlildən ancaq çox az qisminə müraciət edə bilirik. Allahın elminin əhatə etdiyi biliklərin hamısını başa salmağa çalışsaydıq da, buna əsla nail ola bilməzdik.

Düşünün ki, tək bir insanla əlaqali məlumatlar DNT-nin içərisinə 1 milyon ensiklopediya səhifəsini dolduracaq şəkildə yerləşdirilmişdir. O halda, yalnız bu an yaşayan insanların DNT-lərindəki məlumatları bildirməyə başlasaq, bunu 1 milyon x 8 milyard səhifə ilə ifadə edə bilərik. Bu, əlbəttə mümkün deyildir, amma belə bir şeyə nail olduğumuzu fərz etsək, ortaya 8 milyard ensiklopediya səhifəsi qədər məlumat çıxacaq. Bu rəqəm bəlkə sizə ilk anda bir şey ifadə etməyə bilər. O halda belə bir sual soruşaq: -1 milyon və ya bir milyard səhifə məlumatın üst-üstə qoyulduqda nə qədər ola biləcəyini heç təsəvvürünüzə gətirirsinizmi? Bu kitabın səhifələri ölçüsündə 1 milyon səhifəni üst-üstə qoysaq, 30 mərtəbəli bir bina yüksəkliyində olar[54]. Amma əgər bunu 1 milyard səhifə üçün düşünsək, o zaman qarşımıza Everest zirvəsindən 10 dəfə uca bir yüksəklik çıxar. Amma bizim DNT üçün verdiyimiz rəqəm 1 milyon da deyil, 1 milyard deyil, tam 8 trilyondur...

İndi gəlin, kainatın ucu-bucağı bəlli olmayan böyüklüyü ilə gözlə belə görünməyəcək kiçiklikdəki DNT-ni müqayisə edək. Bir DNT-nin içinə bu qədər məlumat sığışdıran Allahın bu böyüklükdəki kainatda yaratdığı bütün məlumatı ifadə belə edə bilməcəyimizi bir daha anlayırıq. Allah elminin sonsuzluğu barədə Quranda belə deyir: ''Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Rəbbimin sözləri tükənməzdi. Həqiqətən Allah yenilməz qüdrət və hikmət sahibidir!'' (''Loğman'', 31/27).

Göründüyü kimi, biz nə qədər çalışsaq da, Allahın elmini dərk etməyə gücümüz çatmaz, çünki Allahın elmi sonsuzdur. Bizim ancaq Allahın bizə icazə verdiyi qədərini dərk etməyə gücümüz çatır: ''Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi və əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun özünün istədiyindən başqa bir şey dərk edə bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları müdafiə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur'' (''Bəqərə'', 2/255).

Kitab boyu Allahı görməyinizə və anlamağınıza çalışıldı. Bunlar Allahın əmri ilə Onun hər şeyə gücü çatdığını və həqiqətən elmi ilə hər şeyi şərtləndirdiyini bilməyiniz, hər incəlikdə Onun böyüklüyünün nümayiş etdirildiyini düşünməyiniz üçün bildirildi. Çünki, bu böyük həqiqəti düşünmək və xatırlamaq Allaha qul olan hər insan üçün məsuliyyətdir. Allah barədə bir ayədə belə bildirilir: ''Yeddi qat göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında nazil olar'' (''Talaq'', 65/12).

Yaddan çıxarmaq olmaz ki, böyük olan Allahdan üz çevirənlər, Onun ayələrinə fikir verməyənlər və ona qarşı üsyankar olanlar böyük bir cəzaya məhkum ediləcəklər. Cəhənnəmdə bu cür insanlar haqqında veriləcək əmr Quranda belə açıqlanır: ''Onu tutub qandallayın! Sonra da cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı'' (''Haqqə'', 69/30-33).
(harun yahya Allah ağılla bilinir)

54. Terence Dickinson, The Universe And Beyond, Sf.16