İnsan özünü ifadə edə bilmədiyi üçün sıxıntı keçirməməlidir. Allah onun duyğularını insanlara mütləq hiss etdirəcəkdir.



Bəzən insan ətrafındakılara öz düşüncələrini, hiss etdiklərini tam şəkildə ifadə edə bilmədiyindən sıxıntı keçirir. Ürəyindəkiləri tam olaraq açıqlaya bilməmək bu insanın həyəcanına səbəb olur. Bunu edə bilsə, qarşı tərəfdə özü haqqındakı fikirləri dəyişdirəcəyini düşünür. Əlbəttə ki, bunu bacara bilmək gözəldir. Həqiqətən də bu insanların bir-birlərini daha yaxşı başa düşmələri və tanımaları cəhətdən çox əhəmiyyətlidir. Amma insan özünü istədiyi kimi ifadə etməyi bacarmırsa, içində hiss etdiklərini, düşüncələrini tam olaraq büruzə verə bilmirsə, bu onu təlaşlandırmamalı və sıxıntıya salmamalıdır.

Çünki insanın qarşısındakı adamı da, hadisələri də, bütün fikirləri və hissləri də yaradan yalnız Allahdır. İnsan özünü ifadə edə bilməsə də onun daxili dünyasında baş verən hər şeyi ən yaxşı bilən Allahdır. Onsuz da onun başına gələn bütün hadisələri yaradan Allahdır. Buna görə də əgər bir insan, nə olursa olsun, hər hansı bir məsələyə qəlbində səmimi və gözəl duyğular bəsləyirsə, məqəsdi yaxşılıq, dostluq, gözəl əxlaq nümayiş etdirməkdirsə, daxili dünyasındakı bu duyğuları insanlara hiss etdirəcək olan da Allahdır. Buna görə də insanın təlaşa, çətinliyə düşəcəyi heç bir şey olmamalıdır.

Yuxarıda sadaladıqlarımıza zidd olaraq əgər bu insanın içində az da olsa mənfi hisslər varsa və sözləri ilə bunu ört-basdır edib qarşı tərəfə fərqli imic verməyə çalışırsa, o zaman bu adam etdiyi səmimiyyətsizliyə görə təlaş içərisində olacaqdır. Çünki qarşı tərəfdə özü haqda gerçək olmayan bir fikir aşılamağa çalışır. Əlbəttə ki, Allah insanın ürəyindəki bu səmimiyyətsizlikdən xəbərdardır. İnsan qarşı tərəfdə özü haqda müsbət rəy yaratmağı bacarsa belə, Allah hadisələri onun həqiqi niyyətinə görə yaradacaqdır. İnsanlar bu cür davrananlara inansalar belə, Allah onun qəlbindəki həqiqi niyyətləri bu adamın həyatında əks etdirəcəkdir.

Buna görə də əgər insan qarşısındakı insanlarda müsbət qənaət meydana gətirmək istəyirsə, yalnız sözlə onları razı salmağa çalışmaqdansa səmimi olmalıdır. Əgər həqiqətən qəlbən səmimidirsə, Allah o insandakı bu dəyəri mütləq digərlərinə də hiss etdirəcəkdir.
(məqalə harun yahya)