'İçindən gəldiyi kimi davranmaq' səmimiyyətdir. Amma bəzən insan içindən gəldiyi kimi davranmamalı, daha gözəl rəftar göstərməyə çalışmalıdır



Təbiilik insan üçün çox böyük nemətdir. Təbii, səmimi, içindən gəldiyi kimi davranmaq həm insanın özü, həm də onunla birlikdə olanlar üçün böyük rahatlıqdır. Çünki bu insanın daxilində nə varsa, xaricində də o var. Ancaq insanlar bəzən “içindən gəldiyi kimi davranmaq” deyildiyi zaman “içində nə olursa-olsun bunu olduğu kimi xaricə vurmalı” olduqlarını zənn edirlər. Hətta bunu “dürüstlük” olaraq görürlər. “Mən heç nəyi gizlətmirəm, bunlar içimdəki duyğulardır” deyə düşünürlər. Halbuki insanın içindən gələn hər şey doğru deyil. Buna görə də insanın içindən gələn hər şeyi olduğu kimi xaricə vurması da doğru deyil. Bəzən insanın içindən gələn bəzi duyğuları tənzimləməsi, ya da məğlub etməsi lazım olur. Çünki insanın “içimdən gəlir” dediyi şeylər nəfsində olan və nəfsinin onu təşviq etdiyi hisslərdir.

İnsanın nəfsində həm gözəlliklər, həm də pisliklər var. Ancaq nəfsini istədiyi formaya salmaq, onda olan pislikləri məğlub etmək, gözəl və yaxşı olan şeyləri isə artırmaq insanın öz iradəsindədir.

Məsələn, insanın içindən ətrafındakı insanlara yaxşılıq etmək, sevgi, hörmət göstərmək, gözəl söz söyləmək, sevinmək, xoşsöhbət olmaq, fədakarlıq etmək, gözəllik təqdim etmək gələ bilər. İnsan bu vəziyyətdə “içindən gələnlərə” tabe olar.

Amma bəzən də insanın içindən susqunluq, küsmək, durğunlaşmaq, insanlardan uzaqlaşmaq, hirslənmək, kinlənmək, tərs hərəkətlər etmək, qışqırıb-çığırmaq, mübahisə etmək kimi mənfi hisslər gələ bilər. Bunlar da nəfsdə olan pisliklərdir. İnsanın belə bir vəziyyətdə “Nə edim, mən yalnız içimdən gəldiyi kimi davranıram” deyərək bu tərz rəftarlar göstərməsi doğru deyil. “İçindən gəlməsi” də göstərdiyi pis əxlaqı haqlı göstərəcək bəhanə deyil.

Çünki bunlar Allahın Quranda bəyənmədiyini bildirdiyi, nəfsə xüsusi olaraq verilən, insanın mübarizə edib məğlub etməsi lazım olan pisliklərdir. Allah gözəl əxlaqın vacibliyini və çəkinməli olduqları rəftarları insanlara bildirmişdir. İnsan “nə qədər içindən gəlsə belə” pis olduğunu bildiyi hərəkəti heç vaxt tətbiq etməməlidir. İçindən hirslənmək gəlirsə, dərhal bunun Allahın bəyənmədiyi əxlaq olduğunu düşünüb hirsini boğmalıdır. Hirslənən adama qarşı tam əksinə, gözəl söz söyləyib könlünü almalı, mehriban olmaq üçün nəfsini məcbur etməlidir. Ya da nəfsi ona susqunluq hissi verdiyi zaman dərhal bunun Quran əxlaqına uyğun olmayan əxlaq olduğunu düşünüb bərabər olduğu insanlara Allahın razı olacağı şəkildə “ən gözəl sözləri” söyləmək üçün iradəsindən istifadə etməlidir.

Bu vəziyyətdə nəfsin tələb etdiyi rəftarı göstərmək heç vaxt dürüstlük, təbiilik, səmimiyyət, daxilinin ilə xaricinin eyni olması demək deyil. Dürüstlük, təbiilik və daxili ilə xaricinin eyni olması Allahın əmr etdiyi, Quranda bəyəndiyini bildirdiyi gözəl əxlaqa dair hər rəftarı ən gözəl şəkildə xaricə vurmaq, ən səmimi şəkildə bu əxlaqı yaşamaqdır. İnsanın nəfsindəki pislikləri sırf “içindən gəldiyi” üçün tətbiq etməsi isə yalnız bu adamın əxlaqındakı çatışmamazlıqları göstərən əlamətdir.

Buna görə də insanın “içindən gələn hər şeyə tabe olması” heç vaxt düzgün deyil. İnsan içindən gələn hər cür yaxşılığa tabe olmalıdır. İçindən gəlmədiyi vəziyyətlərdə də mütləq yaxşılığı axtarmalı, nəfsini bu istiqamətdə tərbiyə etməli, nəfsindəki yaxşılığa olan meyli artırmalıdır.

Nəfsinin təşviq etdiyi pisliklərdə isə Allah qorxusunu, vicdandan və imandan qaynaqlanan iradəsindən istifadə edərək, içindən gələn bu hissə bunun tam əks olan yaxşılıqlarla cavab verməlidir.

Bu, möminin dünya həyatındakı imtahanının çox əhəmiyyətli bir hissəsidir. İnsan nəfsini tərbiyə edə bildiyi təqdirdə Allahın razı olacağını ümid etdiyi əxlaqa nail ola biləcək. Allah Quranda nəfslərindəki pisliklərə qarşı gözəlliyi seçən və nəfslərini Quran əxlaqına görə tərbiyə edənlər üçün belə buyurmuşdur:

And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır (Şəms surəsi, 7-10)

Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir! (Maidə surəsi, 105)

“Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” (Yusuf surəsi, 53)
(məqalə harun yahya)