'Deyinmək' çirkin cahiliyyə vərdişidir ...



İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir. (Loğman surəsi, 6) Bəzi insanlar gün ərzində qarşılaşdıqları hadisələr haqqındakı düşüncələrini həmişə “öz-özlərinə deyinərək” dilə gətirirlər. Bəzən narahat olduqları bir hadisə, bəzən naqislik olduğunu düşündükləri bir mövzu, bəzən gördükləri səhv bir hərəkət, eşitdikləri bir söz bu şəxslərin çox düşünmədən dərhal bu mövzulardakı narahatlıqlarını ifadə etmələrinə səbəb olur.

Əslində insanın doğru olmadığını bildiyi bir mövzunu dilə gətirməsi səhv deyil. Amma bu hərəkətin səhv olmaması üçün məqsəd mütləq, Allah rizası üçün, “o səhvi düzəltmək” olmalıdır. Bir də əgər ortada səhv bir rəftar, söz, ya da hadisə varsa, o zaman bu mütləq mövzunu həll edə bilən şəxslərə çatdırılmalıdır. Eyni zamanda da edilən səhv ən gözəl, ən hikmətli, ən məqsədəuyğun sözlərlə qarşı tərəfə çatdırılmalıdır. Ancaq “deyinmə” vərdişində bu sayılan hədəflərin heç biri yoxdur. Məqsəd yalnız adamın ağlına gələnləri söyləyərək “əsəb və hirsini” aradan qaldırmasıdır. Bu da deyinmənin nə qədər boş və səhv hərəkət olduğunu çox dəqiq şəkildə göstərir. Məsələn, “Bunu bura kim qoydu?”, “Bura bax, neçə gündür buranı heç təmizləyən yoxdur!”, “Nə qədər səs-küy salırlar!”, “Nə qədər çox sual verirlər?”, “Yenə də səhv edib, neçə dəfə başa salmaq olar!”, “Yenə hər tərəfi dağıdıb!” kimi deyinmə növləri çox insanın heç düşünmədən vərdiş etdiyi gün ərzində təkrarladığı məşhur cümlələrdir.

Bəzən də bu insanlar başqaları haqqında deyil, öz yaşadıqları hadisələr barəsində həmişə deyinirlər. “Çox acdım”, “Heç yata bilmədim”, “Çox yuxusuzam”, “Necə çatdıracağam, çox az vaxtım qaldı”, “Çox gecikdim”, “Çox xəstəyəm”, “Başım ağrıyır”, “Mən bunu necə bitirəcəyəm?”, “Heç halım yoxdur!”, “Ürəyim heç qalxmaq istəmir”, “Çox üşüyürəm”, “Çox istidir”, “Bu gün çox işim var, hamısını eyni anda necə edim?” kimi gündəlik həyatları barədə demək olar ki, hər mövzudakı mənfi düşüncələrini bir tərəfdən işlərini görərək, bir tərəfdən də deyinərək davam edirlər.

Bütün bu deyinməklərin ortaq cəhəti isə əvvəlki sətirlərdə də ifadə edildiyi kimi bunlara bir çarə tapmaq hədəfinin olmamasıdır. Məqsəd yalnız hiss edilən narahatlığı dilə gətirməkdir. Belə ki, çarə tapmaq üçün tədbirlər alınmadığı və bu buna cəhd edilmədiyi üçün narahatlıq törədən vəziyyətlər də həmişə davam edir. Buna görə də bu şəxs vərdiş etdiyi şəkildə bunlardan şikayətlənməyə davam edir.

Halbuki, Quran əxlaqına görə insan ətrafında gördüyü hər şeydən, duyduğu hər səsdən, şahid olduğu hər hadisədən məsuldur. Əgər ortada səhv bir şey varsa “bunu düzəltmək, ya da bunun düzəlməsi üçün səy göstərmək” möminin məsuliyyətidir. Buna görə də möminin narahatlıq törədən bir mövzuya baxışı əvvəlcə “buna çarə tapmaq” istiqamətində olmalıdır.

Bununla yanaşı, bu şəxslər deyilmələrinə və şikayətlənmələrinə şahid olan insanların da bu vəziyyətdən narahat ola biləcəklərini gözardı edirlər. Halbuki, insanın yanında yaşadığı hər hadisədən şikayət edən bir şəxsin olması həm mənəvi, həm də fiziki cəhətdən çox yorucu və bezdiricidir.

Əvvəla, bu şəxsin içərisində olduğu ruh halının Qurana uyğun olmaması və tamamilə cahiliyyəyə aid əxlaq yaşaması bunu görən möminlərdə ciddi narahatlığa səbəb olur. Çünki bu şəxs ətrafına “hər şeyi Allahın yaratdığını, hər hadisədə xeyir və hikmət olduğunu, hər şeyin qədər daxilində və insanların imtahanları üçün xüsusi yaradılan hadisələr olduğunu unutduğu” təəssüratını verir. Çətinliklərə və naqislik kimi görünən, səbr edilməli, fədakarlıq edilməli hadisələrə Quran əxlaqı ilə cavab verməli olduğundan qafil olduğu şübhəsini meydana gətirir. İnsan Quranda bildirilən “hirslənməli bir hadisə ilə qarşılaşdığı zaman qəzəbini boğmaq, sözün ən gözəlini söyləmək, insanlara ən gözəl şəkildə öyüd verib, yaxşılığı əmr edib pislikdən çəkindirmək” kimi əxlaq xüsusiyyətlərini yaşamaqla məsul ikən bunun əvəzinə özünü iradəsizcə cahiliyyə əxlaqına buraxması, əlbəttə ki, şübhə meydana gətirən hərəkətdir.

Mömin vicdanını dinləyən insandır. Allahdan qorxub hər an Quran əxlaqına uyğun rəftar etməklə və hər sözünü Qurana uyğun olub-olmadığını düşünərək danışmaqla məsuldur.

Mömin deyinmə vərdişinin Allaha inanan, qədəri, dünya həyatının imtahan yeri olduğunu və axirəti bilən insanın əxlaqı ilə uyğun gəlməyəcəyini bilir. Deyinmək mömin şəxsiyyətinə, vicdanına və Müsəlman şüuruna yaraşmayan hərəkətdir. Müsəlman lazım olsa gördüyü hər çatışmamazlığı öz imkanları ilə düzəldər, amma yenə də bunlardan şikayət etməz. Zahirən nə qədər zərər çəkmiş kimi görünsə də, bunu heç vaxt şikayətlənərək dilə gətirməz. Əlaqədar şəxslərlə danışaraq, ya da lazımlı tədbirləri alaraq bu vəziyyəti ortadan qaldırmağa çalışar, amma heç vaxt bunları cahilcə izah etməz. Hirslənəcəyi bir vəziyyətlə qarşılaşsa belə qəzəbini boğar. Heç vaxt əsəbiləşdiyi üçün bunu məqsədsiz bir şəkildə üzə vurmaz. Hirsini boğmaq üçün deyinməz. Hirsin ancaq Allaha təvəkkül etməklə və Quran əxlaqına tabe olmaqla ortadan qalxacağının şüurundadır.

Buna görə də çətinliklərlə qarşılaşdıqda “deyinməmək” möminlərlə cahiliyyə insanlarını ayıran əhəmiyyətli əxlaq xüsusiyyətlərindən biridir. Müsəlmanların bu mövzuya bu dünyagörüşü ilə yaxınlaşmaları və Quran əxlaqını ən mükəmməl şəkildə yaşamaq üçün ağıllarını, vicdanlarını və iradələrini ən gözəl şəkildə istifadə etmələri imanın onlara bəxş etdiyi gözəl bir məsuliyyətdir.

(Ya Rəsulum!) Bəndələrimə de: Gözəl sözlər söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra surəsi, 53)
(məqalə harun yahya)