Daha səmimi və daha çox inanaraq dua etmək...



Allah insana dilədiyi hər mövzuda Özündən kömək istəmək və dua etmək imkanı vermişdir. Allah səmimi qullarının dualarına cavab verəcəyini vəd etmişdir. Bu, insan üçün Allahın çox böyük bir lütfü və nemətidir. Ancaq səmimiyyətdə çox böyük bir sirr gizlidir. İnsan bir hadisənin reallaşmasını həqiqətən səmimi olaraq çox istəyə bilər və bunu çox istəyərək Allaha dua edə bilər.

Ancaq duada axtarılan səmimiyyət bu deyil. İnsanın bütün fikrini yalnız o istədiyi şeyə verməsi və onu istəməkdə yaşadığı səmimiyyətdir. Duada lazım olan səmimiyyət isə Allaha qarşı hiss edilən şiddətli səmimiyyətdir. Allahı çox sevmək, Allaha çox güvənmək, Allahın sözlərinə və vədlərinə heç şübhə duymadan inanmaq, Allahın sonsuz ağıl sahibi olduğunu bilmək və Allahın ən gözəlini yaradacağından tam əmin olmaq...


Bir insan Allahın sonsuz gücünü, sonsuz ağlını, sonsuz sevgisini, sonsuz şəfqət və mərhəmətini, sonsuz lütfkarlığını, sonsuz əffediciliyini və dilədiyi an dilədiyi hər şeyi heç səbəbsiz yarada biləcəyini lazım olduğu kimi təqdir edə bilirsə və bütün bu həqiqətlərə olan inancında heç vaxt şübhəyə yer vermirsə, deməli ancaq o zaman bu şəxs səmimi dua edə bilər.

Cəmiyyətdə Allaha lazımi şəkildə inanmayan, lakin şübhəylə də olsa (Allahı tənzih edirik) zaman-zaman Allahın adını çəkən bir çox insan var. Bu şəxslər Allaha həqiqətən inanmadıqlarını, Allaha ibadət etməyərək və Quran əxlaqını yaşamayaraq açıq-aşkar ortaya qoyurlar. Ancaq dünyadakı şərtlər daxilində bir mövzuda istədikləri nəticəni əldə edə bilməyəcəklərini gördükləri zaman, ya da çətinlik, xəstəlik kimi problemlərlə qarşılaşdıqları zaman Allahı xatırlamağa başlayırlar. Ancaq əlbəttə ki, axtarılan səmimiyyət burada yoxdur. Bu yalnız içərisində olduqlarını düşündükləri çıxılmaz vəziyyətdən xilas olmaq üçün insanların müvəqqəti və səthi olaraq Allaha yönəlmələridir.

Allah Quranda bu cür insanların rəftarını müxtəlif ayələrlə açıqlamışdır. Normal şərtlərdə Allahı düşünməyə, xatırlamağa, şükr etməyə, ibadət etməyə, Allahdan qorxub çəkinməyə heç ehtiyac duymayan (Allahı tənzih edirik) insanlar zahirən çarəsiz olduqlarını hiss etdikləri anlarda “yalnız Allahın adını xatırlayıb, yalnız Allahdan kömək diləyirlər”:

(Ya Rəsulum!) De: “Gizlində (Allaha) dua edib:” Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?” De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bütün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?”" (Ənam Surəsi, 63-64)

Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur! (İsra Surəsi, 67)

Ayələrdə bildirilən insanlar Allah dualarına qarşılıq verib üzərlərindəki çətinliyi qaldırdığı zaman dərhal imansızlıqlarına, ya da şirk içərisindəki həyatlarına geri qayıdırlar. Allahın yaradılışdaki sonsuz gücünü, qullarına olan yaxınlığını, sevgisini, şəfqətini, qorumasını, nəzarət etməsini çox açıq şəkildə gördükləri halda, yenə də səmimi olmur və həqiqi mənada iman etmirlər.

Bir çox insanlar da Allaha iman edir və gün ərzində Allahın bu adlarının təcəllilərini həyatlarında açıq-aşkar görürlər. Allahın nə qədər böyük lütf sahibi olduğunu, iman edənlərə nə qədər gözəl bir həyat təqdim etdiyini, hər bir insana nə qədər bənzərsiz nemət və ruzilər verdiyini çox açıq şəkildə hiss edirlər. Ancaq yenə də dua edərkən bəzən bu həqiqətlərdən qəflətə düşür, “Allahın dualarına dəqiq qarşılıq verəcəyinə olan inanclarını” tam olaraq mühafizə edə bilmirlər. Hadisələri Allahın sonsuz gücünə görə deyil, dünyadakı şərtlərə, hadisələrin inkişafına, texniki həqiqətlərə baxaraq qiymətləndirirlər. Öz ağılları ilə həyat və yaşanacaq hadisələr haqqında qəti diaqnozlar verir və özlərinə görə müəyyən nəticələrə gəlirlər. Məsələn: “2+2 dəqiq 4 edir və bu iki rəqəmdən bundan aşqa bir nəticə çıxması mümkün deyil” kimi texniki diaqnozlar qoyurlar. Bu texniki həqiqətlərə olan inanclarını dualarına da əks etdirirlər. Allahdan bir şey istəyərkən həqiqətdə dünya şərtlərində bunun mümkün olmayacağına haradasa dəqiq inanırlar. (Allahı tənzih edirik).

Bu inancdakı insanlar Allaha “Bəlkə oldu” məntiqiylə dua edirlər. “Mən bu hadisələrin necə inkişaf edəcəyini bilirəm, nəticə dəqiq bu şəkildə olacaq, amma mən yenə də bəlkə əksi olar deyə dua edim” kimi bir anlayışla Allaha yönəlirlər. Bu düşüncələriylə əslində öz diaqnozlarının reallaşması üçün dua etdiklərinin fərqində deyillər. Çünki belə insanın əsl inandığı və dəstəklədiyi fikir öz diaqnozlarıdır. İstədiyi şeylərin reallaşması üçün lazım olan isə bunun tam əksidir. Allaha çox güvənərək və Allahın istədiyi hər şeyi yarada biləcəyinə çox inanaraq dua etmək...

Səmimi imanın və səmimi duanın ən əhəmiyyətli şərtlərindən biri, insanın öz düşüncəsi ilə dünya həyatının zahirinə aldanaraq diaqnoz qoymaq xasiyyətini tərgitməsidir. Allahın sonsuz ağlının yanında özünün çox məhdud və səthi ağla sahib olduğunu bilməsidir. Allahın dilədiyini yaratmasındakı sonsuz gücünün qarşısında öz acizliyini görməsidir. Hadisələrin xaricdən görünən tərəfi ilə bunların ardında gizlənən həqiqətlərin eyni olmadığını və bunları ancaq Allahın biləcəyini qavramasıdır. Texniki həqiqətlərə baxaraq etdiyi diaqnozların çox vaxt doğru olmadığını bilməsi, Allahın gücünün bütün bunların üstündə olduğunu anlamasıdır. İnsan ürəyində Allaha qarşı dərin bir sevgi, güvən və təslimiyyət yaşayırsa, Allahın hər hadisəni ola biləcək ən gözəl və ən xeyirli şəkildə nəticələndirəcəyini unutmamasıdır. Allahın çətinlik və ehtiyac içərisində olan səmimi bir qulunu mütləq rəhmətiylə əhatə edəcəyindən əmin olmasıdır.

Allah Quranda dilədiyi təqdirdə hər şeyin mümkün ola biləcəyini insanlara çox açıq şəkildə göstərir. Allah ən çətin, heç bir çıxış yolunun olmadığına dair çox dəqiq sübutlar meydana gəldiyi hadisələrdə də heç gözləmədikləri yerlərdən qullarına köməyini çatdırır. Allah dilədiyi zaman çox az bir qrup insanı sayları çox olan insanlara qalib etdirir. Fironun əsgərləriylə dənizin suları arasında çıxılmaz vəziyyətdə qalan İsrailoğullarına və Hz. Musa (ə.s)-a Allah heç gözləmədikləri şəkildə bir qurtuluş yolu açmışdır. Yaşı irəlilədiyi və xanımı da doğuma əlverişli yaşda olmadığı halda, Allah Peyğəmbərinin soyunu davam etdirəcək uşaq vermişdir. Allah balığın qarınındakı Peyğəmbərinə oradan çıxıb xilas olma imkanı yaratmışdır. Allah heç kimin görə bilməyəcəyi bir quyunun dibinə atılan Peyğəmbərinə oradan xilas olması üçün imkan yaratmışdır. Quranda Allahın sonsuz yaratma gücünə və səmimi qullarına olan köməyinə dair bir çox xəbər verilmişdir. Bütün bu nümunələrin bir hikməti də insanların Allahın sonsuz gücünü, sonsuz rəhmətini və dilədiyində insanlara heç gözləmədikləri yerlərdən köməyini çatdıra biləcəyini qavramalarıdır.

Allah Özünə könüldən səmimiyyətlə inanan, qeyd-şərtsiz, heç bir şübhə duymadan, tam bir təslimiyyətlə güvənən bir kimsənin bütün dualarına qarşılıq verəcəyini Quranda belə xəbər vermişdir:

(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə Surəsi, 186)

Rəbbiniz dedi ki: "Mənə dua edin, sizə razılıq edim. Doğrusu Mənə ibadət etməkdən böyüklənən (müstəkbir)lər; cəhənnəmə boyun bükmüş kəslər olaraq girəcəklər. (Mömin Surəsi, 60)

(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız? (Nəml Surəsi, 62)

Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! (Saffat Surəsi, 75)

Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz! (Əraf Surəsi, 55)
(məqalə harun yahya)