Faydası və hikməti yoxdursa, xəstəliyin dilə gətirilməməsi gözəl əxlaqdır...



İnsanlar gündəlik söhbətlərdə yaşadıqları sıxıntılara, çətinliklərə, xəstəliklərə geniş yer verirlər. Baş ağrısı, mədə ağrısı, yorğunluq, yuxusuzluq kimi ən adi bir narahatlığı da hər fürsətdə dilə gətirib, bu haqda uzun-uzadı danışırlar. Xroniki və digər ağır xəstəliklərdə də vəziyyət bundan fərqlənmir. Həyatlarının qalan hissəsində zamanın böyük qismini məhz bu xəstəliklər haqqında danışaraq keçirirlər. Bu cür insanlar hər gün onları əhatə edən eyni insanlarla, eyni problemlərdən sanki ilk dəfə danışırmış kimi təkrar bəhs etməkdən yorulmurlar.

Halbuki xəstəlikləri tez-tez dilə gətirmək insanların nə özlərinə, nə də qarşılarındakılara hər hansı bir fayda vermir. Bu insanların məqsədi də mövzu ilə əlaqədar hər hansı bir məlumat əldə etmək, hər hansı bir problemi həll etmək, ya da xəstəliyinə bir çarə tapmaq deyil. Bu daha çox cəmiyyətdə adət halını almış, bir növ cahiliyyə xarakterindən qaynaqlanan söhbət formasıdır.

İnsanlar ətraflarında da çox rastlaşdıqları bu davranış forması ilə xəstəliklərini daha da ətraflı şəkildə və çox vaxt da şişirdərək izah etməyi adi söhbət olaraq görürlər. Ancaq əslində söz bir məqsəd, ya da hikmətlə söylənməyəndə boş söhbət olur. İnsan özünə və başqalarına heç bir fayda gətirməyən bu cür söhbətə ayıracağı vaxtı daha gözəl söhbətlərə, ya da faydalı fəaliyyətlərə ayıra bilər.

Allah Quranda insanlara “boş danışıqlardan çəkinmələrini” bildirmişdir. Əgər izah edilənlər hər iki tərəfə də heç bir fayda verməyəcəksə, xəstəliyi aradan qaldırmayacaqsa bu da bir növ boş danışıq olur.

Eyni zamanda, insanın acizliyini, sıxıntılarını dilə gətirməsi heç də etik hərəkət sayılmır. Müsəlman güclü əxlaqa malikdir. Mömin əzaba, çətinliyə dözümlüdür. Bu da onun imanından qaynaqlanır. Nə qədər çətin vəziyyətdə olursa-olsun bu çətinliklərini dilə gətirən, bunlardan şikayətlənən, deyinən üslubdan istifadə etməyi özünə yaraşdırmaz. Bir çətinlik yaşayanda, ya da xəstə olanda bunu sadəcə söhbət olsun deyə ətrafındakılara danışmaz. Bəzən başqalarının da ibrət alması, üzərində düşünməsi, insanın nə qədər aciz və Allaha nə qədər möhtac olduğunu qavramaları üçün yaşadığı çətinliklərdən bəhs edə bilər. Xəstəliyin Allaha yaxınlaşmağa vəsilə olan çox hikmətli hadisə olduğunu, insanların sınanmaları üçün xüsusi olaraq yaradıldığını və Quran əxlaqına əsaslanaraq özünün bütün bu yaşadıqlarını necə dəyərləndirdiyini başqalarına izah edə bilər. Bu cür izah Quran əxlaqının bir gərəyidir və insanların da düşünüb imanda dərinləşmələrinə vəsilə olan çox vacib bir təbliğ metodudur.

İman sahibi olan bir insan bütün bunları danışdığı zaman Allaha olan təslimiyətini, təvəkkülünü, yaşadıqlarında gördüyü hikmət, xeyir və gözəllikləri ifadə edən üslubunu “vəziyyəti ilə də” təbliğ etmiş olar. Çünki izah edilənlər qədər insanın öz əxlaqı ilə də nümunə olması bəzən insanlara çox təsir edir. Əgər insan bu təbliği edərkən üz ifadəsi ilə, səs tonu ilə, üslubu ilə (Allahı tənzih edirik) zərər çəkmiş insan formasını alsa, izah etdiklərinin bəlkə də heç bir təsiri olmayacaq. Amma həqiqətən özü də xəstəliyində olan hikmətləri görə bilirsə, təbii olaraq bu səmimi qənaəti izahında da əks olunacaq.

Eyni zamanda mömin çarə axtarmaq, kömək istəmək üçün də xəstəliyindən bəhs edər. Fiziki cəhətdən həqiqətən də çətin vəziyyətdə olanda müalicə məqsədi ilə ətrafındakı insanların özünə dəstək olmasına ehtiyac duyanda da xəstəliyini dilə gətirər. Xəstəliyi haqqında təcrübəsi olan və ya mütəxəssisdən məlumat almaq məqsədi ilə də xəstəliyini ətraflı şəkildə açıqlayar. Amma bütün bunlar məqsədli və hikmətli, Allahın razı olacağı əxlaqa uyğun, şəkildə edilən davranışlardır. Burada şikayət, deyinmə üslubu, ya da boş söhbət məqsədi yoxdur.

Bununla yanaşı, bəzən insan ətrafındakı insanlar arasında səhv başa düşülməməsi üçün də xəstəliyindən bəhs edir. Məsələn, şiddətli ağrısı varsa və ya fiziki cəhətdən gücsüz bir vəziyyətdədirsə ondan kömək istəyən birinə məcbur qaldığı üçün narahat olduğunu bildirər, lazım olsa mövzunu daha da açıqlayar. Təmbəllik etdiyini, kömək etmək istəmədiyini düşünməmələri üçün bu izahı da yenə Allah rizası üçün edər.

Bunun kimi insanın xəstəliyindən bəhs etməyini vacib edən bir çox vəziyyət də ola bilər. Mömin bunun vacib olub-olmadığını, Quran əxlaqına və müsəlman xarakterinə uyğun olub-olmadığını vicdanı ilə təsbit edir.

Hər şeyi Allahın yaratdığını, bütün çətinliklərdə minlərlə hikmət olduğunu və müsəlmanın imanının ən vacib əlamətlərindən birinin “təvəkkül” olduğunu bilən bir insan üçün xəstəliklər çox vacib imtahan vəsiləsidir. Mömin xəstə olduğu müddət ərzində sözləri, ya da rəftarı ilə ən gözəl əxlaqı göstərməyin axirəti üçün çox güzəl bir qazanc olacağını bildiyinə görə xəstəliyi Quranda xəbər verilən bütün hikmətləri ilə düşünüb, buna uyğun hərəkət etməyə çalışar.

Mömin xəstəliyi (Allahı tənzih edirik) şikayətlənmək olaraq deyil, əksinə Allaha şükür və yaxınlaşma vəsiləsi olaraq görər. Acizliyini qavramağında olan dərinlik, dünya həyatının müvəqqəti olduğunu anlamağındakı qətiyyətlilik, ölümün və axirətin yaxınlığını bilməyindəki açıqlıq imanlı insan üçün xəstə olduğu zamanlarda ən yüksək həddə çatar. Bu iman dərinliyini əldə etməyin nə qədər vacib olduğunu bilən bir mömin bu dərinliyi zədələyəcək cahil və qafil üslublardan şiddətlə çəkinər.
(məqalə harun yahya)