Fədakar insan dünyanın ən ağıllı və ən qazanclı insanıdır



Fədakarlıq cahiliyyə insanları arasında bir növ “ağılsızlıq” olaraq qəbul edilir. Bu insanlara görə bir insan öz mənfəətini nə qədər yaxşı təmin edə bilirsə o qədər “ağıllıdır”. Ətrafındakı insanlardan və onların imkanlarından nə qədər çox istifadə edə bilirsə, digər tərəfdən də özünü bu insanlar tərəfindən nə qədər az istifadə etdirirsə, onlara nə qədər az mənfəət verirsə, bu insan onlar üçün “çox ağıllı” insandır. Əlbəttə ki, bu insanların fikirləri səhvdir. Axirətə inanmayan insanlar üçün bir başqasının mənfəətini təmin etmək, onun rahatlığını artırmaq, üstəlik bütün bunları öz istəklərindən əl çəkərək etmək “ağılsızlıq” olaraq qəbul edilə bilər. Ancaq axirətə inanan insan üçün bütün bunları yalnız Allahın rizasını qazanmaq üçün edən biri “dünyanın ən ağıllı” insanıdır.


Allah insana orta hesabla 60-70 illik ömür vermişdir. Əlində olan bu zamanı ən yaxşı şəkildə istifadə edən insan həqiqi mənada “ən ağıllı” insandır. Ancaq “həyatlarından maksimum istifadə etmək” dünyada ən çox mənfəəti əldə etmək demək deyil. Əksinə, “öz nəfsindən bir o qədər əl çəkməkdir”. Əlbəttə ki, burada vacib olan bütün bunları Allahın rizasını qazanmaq məqsədi ilə etmələridir.

Yoxsa cahiliyyə cəmiyyətində də ətrafındakı insanlar üçün özünü fəda edən, var gücləri ilə başqalarını xoşbəxt etmək, onlara daha yaxşı imkanlar təmin etmək, daha rahat olmaları üçün səy göstərən insanlar var. Ancaq bu insanların hədəfi Allahın rizası deyil. Yaxşılıq etdikləri hər insanı adətən bir sərmayə mərkəzi kimi görürlər. Etdikləri hər fədakarlıqla axır-əvvəl o insandan bunun əvəzini alacaqlarına ümid edirlər. Onlara fədakarlıq etmə gücünü verən yalnız bu “əvəz gözləmə ümididir”. Bir dostlarına hədiyyə aldıqları zaman onun da özlərinə ən az o məbləğdə bir hədiyyə alacağını ümid edərlər. Bir dostlarına işlədikləri yerdə iş tapanda gələcəkdə də onun ehtiyacı olanda o insanın ona iş imkanı verəcəyini umarlar. Qonşularına bir qab yemək verəndə qısa bir zaman sonra o qonşusunun da ona bunun əvəzində bir şey verəcəyini gözləyirlər. Bu insanlardan gözlədikləri tərzdə bir əvəz almasalar da, yaxşılıq etdikləri bu insanların dostluqlarını qazanmaq belə bu şəxslər üçün bir mənfəətdir. Əlbəttə ki, qoyduqları sərmayənin işə yarayacağı, bunlara ehtiyac duyulacaq bir günün gələcəyi qənaətindədirlər. Hətta öz uşaqlarına belə yaxşılıq etmələrinin səbəbi qocaldıqları zaman onların da özlərinə qarşı olan borclarını ödəyəcəklərinə inanırlar. Uşaqlarını çox yaxşı tərbiyə etmələrinin, onlara bu qədər yaxşı imkan təşkil etmələrinin, karyeralarının yüksəlməsi üçün bu qədər çox cəhd etmələrinin əsas səbəbi gələcəkdə bu imkanların hər birinin onların da həyatlarını rahat yaşamalarına səbəb olacağını düşünmələridir.

Möminlər isə fədakarlıq gücünü yalnız Allaha olan sevgilərindən, Allaha qarşı duyduqları dərin hörmət və qorxudan alırlar. Özünü Allaha daha çox sevdirmək istəyi, möminlərin 24 saat şövqlü və həyəcanlı olmalarını təmin edir. Ən çətin, ən yorğun, ən gücsüz olduqları anlarda belə Allaha olan sevgilərindən aldıqları güclə daha da çox fədakarlıq edə biləcəkləri bir fürsət tapmağa çalışırlar. Qarşılarına çıxan hər imkanı var gücləri ilə dəyərləndirməyə çalışırlar. O anda ehtiyac duyulan fədakarlığı edir, bunu edə biləcək başqa insanlar olsa da, onlar “xeyirlərdə yarışırlar”. Əllərinə düşən bu imkanı bir başqasına buraxmağı isə özləri üçün böyük itki hesab edirlər.

Möminin fədakarlığı, Allahı öz nəfsindən, bədənindən, malından, mülkündən, həyatından və sahib olduğu maddi-mənəvi digər hər şeydən daha çox sevdiyinin açıq bir əlamətidir. Belə insan Allahın sevgisini qazana bilmək üçün heç düşünmədən hər şeyini fəda edə biləcək gücdədir. Canını, malını, sahib olduğu hər şeyi Allaha təslim etmişdir. Allah Quranda bu əxlaqı göstərən möminləri müjdələmiş və əsl mənada “böyük qurtuluş və xoşbəxtliyin” ancaq bu şəkildə əldə edilə biləcəyini xatırlatmışdır:

De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)

Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə surəsi, 111)

Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər; Rəbbinin ayələrinə inananlar; Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər – Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər. (Müminun surəsi, 57-61)
(məqalə harun yahya)