Xəstəlik zamanı xasiyyətdə olan dəyişiklik möminə yaraşmayan rəftar pozuqluğudur



Yaxşı, gözəl, rahat, asan, sağlam, sevgi dolu bir həyat... Bu əlbəttə ki, çox gözəl bir nemətdir. Hər insan həyatını ən rahat şəraitdə və ən gözəl nemətlər içərisində keçirmək istəyər və bu reallaşanda da çox xoşbəxt olar. Ancaq Allah dünya həyatında bəzi xüsusi vəziyyətlər də yaratmışdır. Çətinlik, sıxıntı, xəstəlik, ölüm, kasıblıq və itkilər… Bunlar hər insanın həyatının hər hansı bir hissəsində mütləq yaşadığı hadisələrdəndir və Allah bunları xeyir və hikmətlə yaratmışdır.

İnsan hər hansı bir çətinliklə qarşılaşmayanda, heç bir əzab görməyəndə, hər hansı bir çətinliyə səbr etmək məcburiyyətində qalmayanda, ətrafındakı insanlardan ancaq yaxşılıq, gözəl əxlaq, maddi və mənəvi dəstək görəndə, həyatını arzu etdiyi nemətlər içərisində keçirəndə sahib olduqları onu ancaq müvvəqəti olaraq xoşbəxt edir. Bu şəraitdə gərginlik hiss etmək, hirslənmək, kinli olmaq, qısqanmaq, mübahisə etmək üçün çox az səbəb var. Əksinə, nemətlərin gözəlliyi və ətrafındakı insanların gözəl rəftarları bu adamın əhvalını, rahatlığını həmişə daha da yaxşılaşdırır. Belə şəraitdə bu adam da ətrafındakılara qarşı son dərəcə yaxşı əxlaq göstərə bilər. Xeyirxah, bağışlayıcı, mülayim, fədakar ola bilər. Ancaq bütün bu xüsusiyyətlər yaşanan şəraitdən asılı ola bilər. Çünki bir insanın həqiqi xüsusiyyətləri çətin və əzablı anlarda, kasıblıqda və xəstəlikdə, haqsızlıqla rastlaşanda ortaya çıxır. Allahın dünyada müxtəlif çətinliklər yaratmağının böyük hikmətlərindən biri də burada gizlənmişdir. Allah bu yolla “həqiqətən gözəl əxlaq sahibi olan və hər şəraitdə Allah üçün bu əxlaqı göstərən qullarını” ortaya çıxarır.

Beləliklə, xəstəliklər insanların tez-tez qarşılaşa biləcəkləri, xüsusi olaraq yaradılan vəziyyətlərdən sadəcə biridir. Bəzi insanlar kiçik problemlərə o qədər də əhəmiyyət verməyib, ancaq daha təhlükəli vəziyyətlərdə xasiyyət dəyişdirdiyi halda, digər insanlar ən sadə problemdə belə xasiyyət dəyişikliyi yaşayırlar. Bir az başı ağrıyanda, bir az yuxusuz qalanda, bir az çox yorulanda bunu dərhal üzlərindən hiss etmək olur. Belə ki, bu insanları görənlər bu məsələ ilə əlaqədar bir şey bilməsələr də "Nə olub, xəstəsən?" kimi bir sual vermək məcburiyyətində qalırlar. Normal hallarda sahib olduqları xasiyyətlərinə nisbətən bezgin, yorğun, əldən düşmüş, qəmgin olurlar. Belə vəziyyətlərdə çox tərs, əsəbi və gərgin olurlar. Onlardan "Nə olub?" deyə soruşan insanlara əldən düşmüş halda tərs cavablar verirlər. Başqa vaxtlarda daha diqqətli olduqları mövzularda diqqətsiz olur, həmişə maraqlandıqları mövzularla maraqlanmırlar. Köməyə ehtiyacı olan bir insana qarşı diqqətsiz davranırlar. Onlara gözəl söz söyləyən, xoş və diqqətli davranan insanlara çox soyuq cavab verirlər. Ətraflarındakı nemətləri lazımınca qiymətləndirməyən, dünyada ən böyük problemə sahib olan insanmış kimi (belə görünən hadisələri də Allah böyük xeyir və hikmətlərlə yaratmışdır) və ən çox zərərə məruz qalan biri kimi davranırlar.

Əlbəttə bir az baş ağrısı, mədə ağrısı, ya da gündəlik yorğunluqda bu şəkildə xarakter dəyişdirən insanın bundan daha böyük bir xəstəliklə qarşılaşanda necə əxlaq göstərəcəyi ətrafındakı insanları düşündürür. Normal şəraitdə, hər şey istədikləri kimi olanda, bütün nemətləri rahat şəkildə əldə edə biləndə göstərdikləri gözəl əxlaq və xarakter çətin zamanlarda göstərdikləri bu rəftarları nəticəsində tamamilə şübhəli hala gəlir.

Halbuki, insanın sağlam şəxsiyyətinin bu cür çətin anlarda ortaya çıxacağını bilməli və daha diqqətli davranaraq Allahın razı qalacağı xarakteri göstərməyə çalışmalıdır. Bu vəziyyətdə insan əks davranışın Quran əxlaqına uyğun olmayacağını və iman edən insana heç yaraşmayacağını bilməli və “şəraitdən asılı olmayaraq eyni xarakteri göstərməlidir”.

Əlbəttə ki, insan yaşadığı çətinliklər və xəstəliklər üçün çarə axtarmalı, ən ağıllı və ən düzgün tədbirləri almalı və sağlamlığını qorumağa çalışmalıdır. Bunun üçün əlindən gələni etməlidir. Amma eyni zamanda mütləq gözəl əxlaqını da davam etdirməlidir.

Gözəlliyi də, çətinliyi də yaradanın Allah olduğunu və bunların hər birinin mütləq xeyirli olduğunu bilən insanın xəstəliklər qarşısında reaksiyası yenə də ancaq Quran əxlaqı ilə olar. Onu nemətlər içində rahat, komfortlu mühitdə yaradan Allah olduğu kimi, xəstəlik verən, bu nemətləri azaldan da Allahdır. Xəstə olduğu zaman belə insan saysız nemətlər içərisindədir. Yenə Allahın rəhməti, şəfqəti, sevgisi, yaxınlığı, lütfü və qoruması altındadır. İmani məlumatları yenə də eynidir. Allahın razılığının hər şeydən üstün olması, ölüm, axirət, hesab günü, cənnət, cəhənnəm eyni şəkildə bütün həqiqətlərilə yenə də mövcuddur. Elə isə bu həqiqətləri bilən insanın xasiyyət dəyişdirməsi, fərqli xarakter göstərməsi də məqbul deyil.

Əlbəttə ki, insanın bir yeri ağrıyanda, bir narahatlığı olanda bu fiziki cəhətdən müxtəlif dəyişikliklərə səbəb ola bilər. Lakin əxlaqda və üslubda bir dəyişiklik olması qəbul edilə bilməz. Əksinə, mömin kiçik də olsa, böyük də olsa hər xəstəliyi Allah qorxusunun artması, Allaha şükr etmək, Allahın nemətlərini xatırlamaq, rahatlığın, sağlamlığın nə qədər böyük bir lütf olduğunu anlamaq, insanın acizliyini və Allaha olan möhtaclığını daha yaxşı qavramaq, qısası daha gözəl əxlaqlı olmaq üçün bir vəsilə olaraq görməlidir. Mömin insan bütün bu vəsilələrin insanları Allaha yaxınlaşdıra biləcəyini bildiyi üçün düzgün istifadə etmək və maksimum yararlanmaq üçün əlindən gələn hər şeyi etməlidir.

Allah Quranda möminlərin belə hadisələrlə imtahan olunacaqlarını və sonsuz Cənnət həyatının da ancaq bu imtahanlarda göstərdikləri gözəl əxlaq və səbr ilə mümkün olacağını belə bildirmişdir:

(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır! (Bəqərə surəsi, 214)

Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)
(məqalə harun yahya)