Diqqətsizlik etməməyə çalışmaq...



Hər insan bir çox cəhətdən gözəl əxlaqa sahib ola bilər. Nəfsini təlim edib xasiyyətindəki səhvləri düzəldərək Quran əxlaqını mənimsəyə bilər. Bütün bu gözəl xüsusiyyətlərini qorumağı da bacara bilər. Amma yenə də başına gələ bilən təhlükəyə qarşı həmişə hazırlıqlı olmalıdır. Bu təhlükə diqqətsizlikdir. İnsanlar həyatları boyu etdikləri bəzi hərəkətlərdən, ya da söylədikləri bəzi sözlərdən sonra bir bəhanə, ya da üzr ifadəsi olaraq “diqqətsizlikdən oldu” deyirlər. Bu doğrudur. İnsan bəzən istəmədən diqqətsizlik edə bilər. Ancaq bir az daha səmimi cəhd etsələr, Allahın izni ilə, möminlər bunun da öhdəsindən gələ biləcək ağıla sahibdirlər.

Bəzən insanın həyatı sakit və adi qaydada keçir. Ancaq bəzən də insanın əvvəllər yaşamadığı, haqqında heç bir məlumata sahib olmadığı yeni hadisələr və dəyişikliklər baş verir. Bəzən də bir çox hadisə üst-üstə düşür. İnsan hər zaman eyni problemlə qarşılaşmır. Elə vaxtlar da olur ki, eyni anda 4-5 müxtəlif və çətin problemlə üz-üzə qalır. Elə bu vaxtlarda da insan bunların hamısına qarşı hazır olmaya bilər.

Allah insanları bu şəkildə çətin hadisələrlə sınayacağını, hətta bəzən bu çətinliklərin ən şiddətli səviyyələrə çata biləcəyini Quranda bildirmişdir. İman edən hər bir insan Quranda bildirilən ayələrə əsasən düşünür və özünü belə hadisələrə əvvəlcədən hazırlayır. Ancaq bəzən nəzəri olaraq düşünülən bir hadisə həqiqətdə insanın düşündüyündən daha fərqli və daha çətin ola bilər. Heç ağlından keçirtmədiyi hadisələr insanın qarşısına çıxa bilər. Ya da bir hadisənin çətinliyini ancaq yaşadığı zaman anlaya bilər. Elə bu anlar insanın özünə nəzarəti itirdiyi, diqqətsiz olduğu vaxtlardır.

Bəzən də insan heç bir çətinlik olmadan, sırf diqqəti dağınıq olduğu, fikri başqa yerdə olduğu, yaxşı düşünə bilmədiyi və əhəmiyyətini dərk edə bilmədiyi üçün diqqətsizlik edə bilər.

Yaxşı, bəs “diqqətsizlik” necə olur? İnsan normal şəraitlərdə etməyəcəyi bir hərəkəti özünə nəzarəti itirəndə diqqətsizliklə edə bilər. Hətta ən həssas davrandığı, ən çox tədbir gördüyü, özünü ən yaxşı hazırladığı və normal vaxtlarda ən gözəl əxlaq göstərdiyi mövzularda belə diqqətsiz olanda səhv edə bilər.

Məsələn, insan xoşuna gəlməyən bir söhbət olanda tərs cavab verməməyə, nə olursa-olsun nəzakətli, hörmətli və mehriban davranmağa qəti şəkildə qərar vermiş ola bilər. Bu mövzuda çox diqqətli olar. Ancaq yuxarıda ifadə edildiyi kimi qarışıq və çətin vəziyyət meydana gəldiyi zaman diqqət tələb edən bir çox hadisə eyni anda baş verəndə diqqətsizlik yarana bilər. Eyni anda bir çox məsələni düşündüyü üçün o vaxt ona deyilən bir sözə qarşı düşünmədən, ani şəkildə sərt cavab verə bilər.

İnsan əlbəttə ki, diqqətsiz olduğu üçün səhv edə bilər. Bu göstərilən səbəblərə görə üzürlü sayıla da bilər. Əgər insan nəfsinə qarşı tədbirli olsa, bu riskin də qarşısını müəyyən qədər ala bilər.

Hər məsələdə olduğu kimi, bu məsələnin də çarəsi “Allah qorxusudur”. Allaha qarşı çox dərin hörmət və qorxu hissi olan insan hansı şəraitdə olursa-olsun, nə qədər çətin bir vəziyyətlə qarşı-qarşıya qalırsa-qalsın, Allahın iznilə, diqqətsizlik etməz. İnsan hər zaman vicdanının səsi ilə hərəkət edirsə, hər an ölümü, axirəti, hesab gününü düşünərək, Allahın rizasını qazana bilməməkdən qorxaraq yaşayırsa, deməli, diqqətsizlik etməmək üçün həmişə cəhd edir. Həmişə ağlında olan bu məlumatlar ona zehin açıqlığı və güclü qavrama forması qazandırır.

Əgər insan hər hansı bir mövzuda diqqətsiz davransa, bunun əvəzində dünyada və axirətdə nələri itirəcəyini dərk etsə, inşaAllah, diqqətsiz olmamaq üçün çalışar.

Buna misal olaraq cahiliyyə mühitində yaşayan bir insanı düşünək. Əgər bu insan çox böyük məbləğdə pul qazanıbsa və bu pulu bir yerdən digər yerə aparmalıdırsa, bütün diqqətini tamamilə bu işə yönəldər. Üstəlik, bu pulu qazanmaq üçün uzun illər böyük güc sərf edibsə diqqətini maksimum səviyyəyə çatdırar. Qarşılaşa biləcəyi bütün təhlükələri hesablayar və bunlara qarşı əsaslı tədbirlər almaq üçün var gücünü sərf edər. Çünki bilir ki, kiçik bir diqqətsizlik nəticəsində illər boyu əziyyətlə qazandığını bir anda itirə bilər. Elə bu fikirlər onun diqqətsizlik etməsinə, məsuliyyətsiz davranmasına, Allahın izni ilə, mane olar. Bu insan diqqətini özü üçün dəyərli olan, illərlə yığdığı pulu itirməmək üçün sərf edir.

Beləliklə, insan əgər diqqətsiz olacağı təqdirdə itirəcəyi şeyləri nəzərə alaraq hərəkət edirsə, qazandıqlarının dəyərini anlayırsa, iman etməyən bir insana nisbətən daha diqqətli, daha məsuliyyətli olar. Əgər Allah rizasını hər cür maddi və dünyəvi gəlirdən üstün tutursa, diqqətsizliyinin nəticəsində Allahın rizasını itirə biləcəyini anlayırsa, o zaman diqqət göstərmək, məsuliyyətli olmaq üçün əlindən gələni edəcək.

Quranda möminlərin Allah qorxularından qaynaqlanan bu diqqətləri barədə belə xəbər verilmişdir:

O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən qorxar və qiyamətdən lərzəyə gələrlər. (Ənbiya surəsi, 49)

Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir! (Mülk surəsi, 12)

İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır! (Bəqərə surəsi, 207)

Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər. (Muminun surəsi, 61)
(məqalə harun yahya)