“İncimə mədəniyyətinin” alçaldıcı tərəflərini görə bilmək..



İnsan uşaqlıqdan vərdiş etdiyi bir davranışı dəyişdirməyə çalışmadığı halda o davranış onda həyatı boyu davam edər. Cəmiyyətdə səhv olub-olmadığı araşdırılmadan qəbul edilən bir çox davranış da insanlar arasında bu yolla geniş şəkildə yayılmışdır. Cəmiyyətdə “incimə” olaraq adlandırılan davranış da vərdiş halını almış xasiyyətlərdən biridir. Ümumiyyətlə, insan yaşadığı hər hansısa hadisədən sonra “inciməli” olduğuna inanırsa, bu davranışında heç bir problem görməz. Bəlkə də bir çox insan bu yanlış davranış formasına heç başqa tərəfdən baxmayıb. Çünki bir tərəfdən baxanda sadəcə səhv davranış kimi görünən “incimə”, digər tərəfdən baxanda çox alçaldıcı davranış forması kimi görünür.


Əvvəlcə insan bunu düşünməlidir: Həqiqətən də onu narahat edən bir hadisə baş versə belə insanın bu vəziyyətdə birdən-birə əsəbiləşməsi, qaşlarını çatması, üzünü turşutması, danışıqlarında və hərəkətlərində pozuqluqlar meydana gəlməsi normaldırmı? Möhkəm xarakterə sahib olan insanın çox sadə bir hadisə qarşısında bir anda özünü itirib acizləşməsi məqbuldurmu? Bu şəkildə özünü itirməsi, xarakterinin pozulması, fiziki və mənəvi olaraq özünə nəzarəti itirməsi təəccüblü deyilmi? Belə bir insanın nə dərəcədə möhkəm xarakterə sahib olduğu deyilə bilər? Ya da belə insanın xarakterinə inanmaq olarmı? Əlbəttə ki, bütün bunlar bu insanda hələ möhkəm xarakterin formalaşmadığını göstərir. Eynilə bu davranış qarşısında zəif olmaq, kiçik bir hadisə ilə qarşılaşanda “incimək” alçaldıcı hərəkətdir.

İnsanın “incimə” kimi zəif əxlaqdan qaynaqlanan davranışın acizliyini və alçaqlığını görməsi üçün istifadə edilən metodlardan biri də bu cür xüsusiyyətə sahib olan insanları müşahidə etməkdir. Çünki insan sahib olduğu əskikləri ancaq özünə “kənardan” baxdığı zaman görə bilər. Üstəlik insan doğruluğuna inandığı davranışlarındakı əskiklərin də fərqinə varmaya bilər. Ancaq bir başqa insanı çox obyektiv şəkildə analiz edə və onda olan əskikləri müşahidə edə bilər. Bu cür yanaşma insanın özündə olan əskikləri də görməsi üçün çox faydalı olur.

Diqqətlə baxdıqda, yetkin insanın hələ də şəxsiyyətinin tam formalaşmaması, bəzən uşaq kimi davranması və iradəsizlik etməsi çox qəribə görünür. Heç kim kənardan baxanda gördüyü əskik xüsusiyyətli bir insan kimi olmaq istəməz. Amma nəyə görəsə özündə olan bu xüsusiyyətlərin fərqinə varmağı çox çətin olur və bu davranışa məğlub olur.

Üstəlik, bu cür insanlar ancaq səhv hərəkətlə qarşılaşdıqları zaman yox, həm də normal davranışda da küsəyənliklərindən qalmırlar və əhvalları pozulur. Bəzən də yaxşı niyyətlə edilən bir hərəkət, deyilən gözəl bir söz, sevgi dolu bir hərəkət belə bu cür insanlarda səhv fikir yaradaraq “inciklik” meydana gətirir.

Əvvəlcə “incimə” deyilən bu davranışın Quran əxlaqı ilə uyğun olmadığına diqqət çəkilməlidir. Allah Quranda iman edən insanların hadisədən və insanlardan asılı olmayaraq hər zaman Quran əxlaqına uyğun davrandıqlarını söyləyir. Möminin belə vəziyyətlərdə necə əxlaq göstərəcəyi isə ayələrdə belə xəbər verilmişdir:

Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər. (Furqan surəsi, 63)

Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?! Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu yalnız səbr edənlərə verilir və yalnız böyük qismət sahiblərinə əta olunur! (Fussilət surəsi, 33-35)

Quranda izah edilən bu əxlaq möminin möhkəm xarakterini, alicənablığını və ən çətin şəraitdə olsa belə özünü itirmədən ən ağıllı şəkildə çıxış yolu tapdığını göstərir. Deməli, insan özünü Quran əxlaqına əsasən hazırlamalı və bu cür səhv davranışları özünə yaraşdırmamalıdır.

Səhv davranışla qarşılaşanda buna eyni cür, ya da daha pis şəkildə cavab vermək düzgün deyil. Əgər insan ona edilən hər hansısa hərəkətdən narahat olursa, bu hərəkətin başqasını da narahat edəcəyini bilməlidir. Bu zaman möminin vicdanı bunu etməyə mane olar. Sırf nəfsini rahatlatmaq üçün belə səhv bir hərəkət etməz.

Şübhəsiz ki, insan həyatı boyu müxtəlif xarakterli insanlarla qarşılaşır. Qarşısına Quran əxlaqından uzaq, cahil xarakterli insanlar çıxır. Əgər insan hər dəfə belə insanlarla qarşılaşanda ona uyğunlaşmağa çalışsa, deməli, etibarlı xarakterə sahib deyil. Halbuki mömin müxtəlif hadisələrlə, fərqli xüsusiyyətlərə sahib insanlarla qarşılaşsa da öz xarakterində dəyişiklik yaşamaz və Quran əxlaqı ilə yaşayanlardan başqa heç kimə uyğunlaşmağa çalışmaz.

Eyni zamanda insan hadisələr qarşısında yaşadığı xarakter dəyişikliyinin də məntiqini yaxşı düşünməlidir. İnsan niyə “inciyər”? İnsan özündə olan mənfi xüsusiyyətləri gizlətmək əvəzinə niyə bunu daha da sərt şəkildə meydana çıxarmalıdır?

İnsan ətrafdakılardan nəfsinə əks olan hərəkət görəndə “inciyir”. Ancaq bu əxlaqi zəifliyin mənbəyi də digər əxlaqi problemlərdə olduğu kimi hər şeyi Allahın yaratdığını və hər şeyin Allahın istəyi ilə, yazdığı qədərlə həyata keçdiyini unutmaqdır. Heç bir şey Allah istəmədikcə olmaz. Heç kim Allah istəməsə insanı əsəbləşdirəcək, narahat edəcək bir hərəkət edə bilməz. Buna görə də əgər insan belə hadisə ilə qarşılaşarsa, bunu Allahın etdiyini bilməlidir və bu hadisədə bir xeyirin, bir hikmətin olduğunu anlamalıdır.

“İncidiklərini” ətrafdakılara hiss etdirməyə çalışan insanlar bunu kinlərinə, əsəblərinə və intiqam alma istəklərinə görə edirlər. Halbuki insana qarşı səhv və haqsız hərəkət edilibsə və bunu edən insanın səhvini anlamağını istəyirsə, bunun üçün edəcəyi ən gözəl hərəkət onu “Allaha tapşırmağıdır”. Allah sonsuz ədalət sahibidir. Bir haqsızlıqla qarşılaşanda Ona sığınan qullarına Allah dünyada və axirətdə sonsuz ədalətlə cavab verəcək.

Mömin Allaha sığınaraq, hər işdə xeyir və hikmət olduğunu bilərək cahiliyyə əxlaqından təmizlənməlidir. Allah Quranda möminləri sonsuz ədaləti ilə bəhrələndirəcəyini belə bildirmişdir:

Həqiqətən, Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu ikiqat artırar və öz tərəfindən də böyük mükafat verər! (Nisa surəsi, 40)

Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və zülm olunmayacaqdır!. (Bəqərə surəsi, 281)
(məqalə harun yahya)