[img]İnsan özünü mənfi düşüncələrə təslim etməməlidir...



Bəzən insan heç bir səy göstərməsə də hər hansı yaxşı nəticələr əldə edəcəyini düşünür. Halbuki bu tamamilə səhv fikirdir. Heç bir gözəl nəticə səy göstərmədən öz-özünə ortaya çıxmaz. Bu Allahın insanlar üçün yaratdığı imtahanın bir qanunudur. İnsanın nəfsində yaxşılıqlar və pisliklər bir yerdədir. Bu da Allahın insanlar üçün yaratdığı imtahanın bir başqa xüsusiyyətidir. İnsan həyatının son saniyəsinə qədər nəfsindəki pisliklərə qarşı mübarizə aparmalıdır. Nəfsini özbaşına buraxdığı halda gözəlliklər heç vaxt pisliklərə öz-özünə qalib gələ bilməz. Ağlını, iradəsini, vicdanını həmişə daha gözəl əxlaqa sahib olmaq üçün istifadə etməlidir.

İnsanın bu mübarizəsində əldə etməli olduğu bir xüsusiyyət də “müsbət düşünməkdir”. Yaxşılıqları və pislikləri özündə cəmləşdirən “nəfsin insanları mənfi düşünməyə təşviq etmə xüsusiyyəti” də var. Əlbəttə ki, nəfs müxtəlif yollarla əsl üzünü gizlədir. Müsbət düşünmənin bir mənada “özünü aldatmaq” olacağını, “mənfi düşünmənin isə insanı həmişə daha yaxşı və tədbirli edəcəyini”, “daha ağıllı addımlar atmasına səbəb olacağını”, “belə insanın təhlükələrə və risklərə daha hazırlıqlı olacağını” göstərməyə çalışır. İnsanları mənfi düşünmənin “realizm” olduğuna, müsbət düşünmənin isə “özünü aldatmaq” olduğuna inandırmağa cəhd edir.

İnsan bu vəziyyətdə Quran əxlaqına uyğun davranmağa çalışmalıdır. Allah Quranda müsəlmanlara “təvəkkül etməyi, hər hadisəni xeyirə yozmağı, Allahın qədərdə hər şeyi xeyirlə yaratdığını düşünməyi, nə olursa-olsun hər mövzuda Allahdan ümidini kəsməməyi” bildirmişdir. Mömin Quranı əsas götürərək davrandığı üçün şeytan və ya nəfs əksini istəsə də, nə qədər istədiyi davranışı düzgün göstərmək üçün bəzəsə də mömin müsbət düşünməkdən uzaqlaşmaz.

Eyni zamanda insan istərsə “müsbət düşünmək”lə “mənfi düşünməyin” insanın nəyi qazanmasına və nəyi itirməsinə səbəb olacağını sürətli və asan şəkildə müqayisə edib qavraya bilər.

Əvvəla, mənfi düşünmək adamın Allah rizasına uyğun düşünməyinə və Allahın razı olacağı əxlaqı yaşamasına mane olar. Allahı və Allahın sonsuz gözəlliyə sahib sifətlərini unutmağına səbəb olar (Allahı tənzih edirik). Allahın ağlını, şəfqətini, mərhəmətini, sevgisini, ədalətini, qullarına olan yaxınlığını, dualara cavab verən olduğunu, səmimi olan qullarını bağışlayacağını, axirətdə hər şeyin əvəzinin ən gözəli və artıqlaması ilə verəcəyini unutdurar. Dünyada olan hadisələrin Allahdan müstəqil olaraq reallaşdığı (Allahı tənzih edərik) düşüncəsinə, inancına qapılmasına gətirib çıxarar. Bütün bunlar da adamı cahilcə düşünməyə gətirib çıxarar. Bu da insanı əbədi olaraq qəm-qüssəyə boğar. Hər hadisəyə mənfi tərəfdən baxan biri qaranlıq, sıxıntılı, içinə qapalı, bədbəxt insan olar. Belə adam sahib olduğu səhv məntiqə görə ətrafındakı insanlara və yaşadığı hadisələrə qarşı əsaslı çarə olacaq bir davranış göstərə bilməz. Ətrafındakı insanlara qarşı həmişə mənfi fikirlərlə yaxınlaşdığı üçün çox şübhəcil, önmühakiməli, uzaq və soyuq bir davranış göstərər. Mənfi düşünən, mənfi danışan, mənfi addımlar atan bir insan olaraq ətrafındakı insanların sevgisini, hörmətini, etibarını itirər. Dostlarının yanında narahat olan və dostluğu bilinməyən bir insan olar. Heç kimi həqiqi mənada sevə bilməz, heç kimə şübhə duymadan yaxınlaşmaz. Həyatı həmişə narahat, bədbəxt, qəm-qüssə və ümidsiz fikirlər içində keçər. Bütün bunların nəticəsində də mənəviyyatında olduğu kimi, fiziki olaraq da gücsüz qalar.

Bununla yanaşı, müsbət düşünən bir insan isə hər şeydən əvvəl Allahın razı olacağı əxlaqı göstərər. Çünki müsbət düşünmək Allahın bəyəndiyi əxlaqın, səmimi imanın, Allaha qarşı olan inamın və təslimiyyətin bir nümunəsidir. Bu əxlaqı yaşayan adamın vicdanı rahatdır. Çünki Qurana uyğun olan əxlaqı yaşayır. Yaşadığı hadisələrə, ətrafındakı insanlara Allahın istədiyi və bəyəndiyi baxışla baxır. Hər hadisəni xeyirə yozub, hər şeyin gözəl tərəfini görə bilir. Yaşadığı hadisələrdəki mənfilikləri görüb, bunlara kədərlənib, sıxılıb, pessimizmə qapılmaq əvəzinə, çox kiçik gözəlliyi belə görən, bu nemət üçün Allaha şükür edən və bunun sevincini yaşayan əxlaqa sahibdir. Allahın hər insan üçün olduğu kimi, onun üçün də saysız nemət yaratdığını dərk edir. Mənfi kimi görünən bütün hadisələrin Allahın bir imtahanı olduğunu və “Allahın istədiyi kimi davrananda” bunların hər birinin dünyada və axirətdə onu xeyirlərə qovuşduracaq vəsilələr olduğunu bilir. Ən çətin, ən qarışıq, ən mürəkkəb hadisələr olsa belə mənfi fikirlərə düşmür. Çünki “Allahın səmimi qullarına qəti şəkildə kömək edəcəyini” yaddan çıxartmır. Gücünün çatmadığı hadisələrdə özünü itirmir. Çünki Allahın sonsuz güc sahibi olduğunu bilir. Hadisələrin özü-özünə baş vermədiyini, Allahın hər şeyi xeyir və hikmətlə yaratdığını bildiyi üçün hər hadisədə bir gözəllik görür. Bütün bu həqiqətləri bilməsi ona dünyada əbədi rahatlıq və xoşbəxtlik verir. Hər nə olursa-olsun Allahdan ümidini kəsmədiyi, Allaha çox inandığı, Allahın kömək edəcəyinə inandığı üçün çox rahatdır. Hər məsələdə müsbət və ağıllı baxışa sahibdir. Hadisələrdə, ya da insanlarda olan mənfi tərəflərdən, əskikliklərdən və qüsurlardan xəbərdardır. Amma bunun çarəsinin hər şeyə pessimist dünyagörüşlə baxıb, kədərlənib, sıxılmaq olmadığını bilir. Bu əskiklikləri yox etmək üçün atacağı hər addımı Allaha güvənərək, müsbət düşünərək, ümidvar olaraq, gözəllikləri görüb bunları əsas götürərək atar. Buna görə də ən çox sevilən, ağlına güvənilən, sözünə etibar edilən, məsləhət alınan, dost olaraq seçilən şəxslər məhz belə müsbət düşüncəyə, gözəl əxlaqa sahib olan şəxslərdir.

Üstəlik, “müsbət düşünmək” “özünü aldatmaq”, ya da “realist olmamaq” demək deyil. Əksinə, bir çox insanın görə bilmədiyi həqiqəti görmək “Allahın sonsuz gücünü lazımınca təqdir edə bilmək, Allahın gücünə şahid olmaq” deməkdir. Əsl realizm budur. Əsl doğruluq-dürüstlük belə olur. Bunun əksi insanın özünü aldatmasıdır. Çünki əksini düşünən insan hadisələri özünün, ya da qarşısındakı insanın etdiyini düşünür. Öz gücünün və insanların gücünün məhdud, yaradılanların aciz olduğunu gördükcə mənfi düşüncələrə qapılır. Halbuki öz gücü onsuz da heç nəyə çatmır. İnsana müsbət düşünmə, ümidvar olma, hər hadisənin nəticəsindən bir gözəllik görmə gücünü verən “Allahın gücünə olan inancı” və “Allahın gücünü lazımınca qavramağıdır”.

Bütün bu həqiqətləri diqqətlə nəzərdən keçirən insan “Allahın razılığının müsbət düşünməkdə olduğunu” görməlidir. Bununla birlikdə mənfi düşünməyin insana heç bir faydası olmadığını, əksinə adamın həyatını çox pis və mənasız hala gətirdiyini, çox çətinləşdirdiyini və mənən çox keyfiyyətsizləşdirdiyini qavramalıdır. İnsanı bu kədərdən digərinə sürüyən, hər yerdə, hər hadisədə adama bədbəxtliyin qapısını açan, nə özünə, nə də başqalarına heç bir faydası olmayan şeytani dünyagörüşü olduğunu anlamalıdır. Quran əxlaqı insanın Allahın insanlar üzərindəki böyük lütfünü görməsinə, ətrafındakı gözəlliklərin sevincini və xoşbəxtliyini yaşamasına, bütün bunlar üçün Allaha qəlbən şükür etməsinə və ən çətin şərtlərdə belə Allahdan gözəllik ümid etməsinə vəsilə olar. Beləliklə, əsl realizm budur.

Bununla yanaşı, mənfi düşünmənin “hazırlıq” olduğunu düşünən insan bu mövzuda da yanılır. Belə pessimist, çökmüş, içinə qapanmış, bədbəxt, ümidsiz insanın həqiqi mənada tədbir görməsi də mümkün deyil. Doğru düşünmə, hadisələri olduğu kimi görüb məqsədəuyğun qiymətləndirmə və tədbir alma qabiliyyətini yaşadığı ruh halı ilə birlikdə itirmiş vəziyyətdədir. İnsan tədbir almağı ancaq müsbət düşünmənin gətirəcəyi rahat, ağıllı, müsbət və düzgün mənəviyyatla reallaşdıra bilər. İnsanları, hadisələri və təhlükələri doğru analiz etməsi ancaq belə məqbul dünyagörüşünə sahib olduğu zaman mümkün ola bilər.

Allahın Quranda insanlara bildirdiyi bir sirr var. İnsan mənfi düşüncədənsə ətrafındakı gözəllikləri, nemətləri, müsbət inkişafları görə bildiyi və bu dünyagörüşlə düşünə bildiyi halda “Allah bu adamın nemətini daha da çox artırır”. Əksi olduqda, yəni insan həmişə içərisində olduğu şəraitdən, yaşadığı hadisələrdən, ətrafındakı insanlardan şikayət etdiyi, yalnız çatışmamazlıqları, qüsurları gördüyü, gözəllikləri isə lazımi kimi qiymətləndirmədiyi halda isə özünün səbəb olduğu bədbəxt həyat tərzi yaşayır.

Beləliklə, hər insan Allahın bildirdiyi bu məlumat haqda yaxşı düşünməlidir. Ən çətin şəraitlərdə belə həyatda sevinəcəyi, xoşbəxt olacağı, şükür edəcəyi çoxsaylı nemət və gözəllik vardır. Əgər insan az nemətə də şükr etməyi, az gözəllikdə belə ümidli olmağı bacarsa, Allah ona dünyada və axirətdə daha çoxunu verəcək. Allah Quranda insanlar üzərindəki nemətinin bənzərsizliyini və nemətə şükür etmənin əhəmiyyətini belə bildirmişdir:

"(Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!”." (İbrahim surəsi, 7)

(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət olar). (İbrahim surəsi, 34)

Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)

İnsan həyatı boyu ən çətin anlarda belə bu həqiqətləri unutmamalıdır. Həyatının sonuna qədər müsbət düşünməli və nə olursa-olsun bu xüsusiyyətdən əl çəkməməlidir. Ancaq bu da heç vaxt unudulmamalıdır ki, insan gözəl əxlaqı, müsbət düşünməyi, Allaha ümid etməyi nemətə qovuşa bilmək üçün deyil, Allahın razılığını qazanmaq üçün etməlidir. Allah dərgahında qəbul ediləcək davranışlar bunlardır. Çünki Allahın razılığı dünyada və axirətdə olan bütün nemətlərdən üstündür. Allah razı olanda onsuz da nemətini lütf edəcək. Lakin bu gözəl əxlaq ancaq, Allahın izni ilə, Allahın razılığının heç bir nemətlə müqayisə edilməyəcək qədər böyük lütf olduğunu qavrayan insanlara nəsib olacaq.
(məqalə harun yahya)