''Necə olsa düzəldərəm'' deyə düşünüb səhv etməkdə cəsarətli olmamaq...



İnsanlar əhəmiyyətli gördükləri hadisələrə və dəyər verdikləri insanlara qarşı çox həssas olurlar. Bu mövzularda ən kiçik səhvi belə etməməyə çalışırlar. Hər şeyin qüsursuz şəkildə olması üçün əllərindən gələn hər şeyi edirlər. Dəyər verdikləri insanın üzərində əsir, onun saçının bir telinə də zərər gəlməməsi üçün həddən çox diqqət göstərirlər. Maddi-mənəvi bütün mövzularda bu insanları qoruyur, həmişə onları xoşbəxt etməyin yollarını axtarırlar. Əlbəttə ki, (Allah sevgisinə və Allah rizasına uyğun olan) bu sevgi və sədaqət modeli son dərəcə gözəl nemətdir. Buna görə də bu sevgi anlayışı şeytanın heç istəməyəcəyi bir əxlaq formasıdır.

Şeytanın belə sevgi əxlaqına sahib olan insanlara təsir etməsi olduqca çətindir. Buna görə də dolanbac yollardan və hiyləgərcəsinə yaxınlaşaraq onları aldatmağa çalışır. Məqsədi bu şəkildə "dərin sevgi" anlayışına sahib olan insanlar arasındakı sevgini zədələməyə çalışmaqdır. Allah Quranda şeytanın "insanların arasına fitnə-fəsad salaraq səy göstərəcəyini" belə bildirmişdir:

"Bəndələrimə de: "Gözəl sözlər söyləsinlər" Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir!" (İsra Surəsi, 53)

Bəzən insanlar şeytanın təsiri ilə çox dəyər verdikləri və (Allah rızası üçün) üzərində əsdikləri, çox sevdikləri insanlara qarşı da neqativ rəftar göstərə bilərlər. Əlbəttə ki, insan bəzən istəmədən də bir çox qüsurlar edir. Amma bunları əsaslı şəkildə düşünmədiyi, nəticəsini təxmin edə bilmədiyi üçün və ya istəmədən edir. Şeytanın istədiyi isə bu cür sadə bir şey deyil. Şeytan Müsəlmanların arasını vura biləcək şəkildə qüsurlu davranış və qüsurlu rəftar formasını axtarır. İnsanın Quran əxlaqından və Quran məntiqi ilə düşünməkdən uzaqlaşmasını və nəticədə səmimi sevgidən uzaqlaşmasını istəyir. Bu cür qüsurlu davranış və rəftara səbəb olmaq üçün isə insana "necə olsa sonra düzəldərəm" məntiqini təlqin edir.

Dərin sevginin şərtlərini yaxşı bilən insan əslində həqiqi sevgidə bu cür məntiqin mümkün olmadığını bilir. İnsan bir dəfə və ya çox qısa zaman ərzində olsa belə, nə fiziki, nə də mənəvi cəhətdən sevdiyinə qıymamalı olduğunu bilir. Bunun əksinin isə "sevdiyini və ona bəslədiyi sevgisindən sui-istifadə" olacağını və bu cür yanlış cəsarət anlayışının mütləq bir nəticəsi olacağını bilir. "Necə olsa sonra düzəldərəm" düşüncəsi ilə hərəkət edən bir insanın həqiqi mənada "sevgi yaşadığından" və "sevməyi bacardığından" bəhs etməyin də mümkün olmayacağını bilir. Həqiqi sevgidə heç bir səbəblə insanın sevdiyinə qarşı bu məntiqlə yaxınlaşmayacağını da bilir. Sevgidə o qədər diqqət və həssaslıq göstərərkən, "necə olsa düzəldərəm" məntiqi ilə edəcəyi bir rəftar pozuqluğunun bütün gözəllikləri kökündən baltalayacığı bilir.

Ancaq bu həqiqətləri bilmələrinə baxmayaraq, yenə də şeytan bəzən insanları bu cür səhv əxlaqa qarşı cəsarətləndirir. O an insanın nəfsinin istəklərinə tabe olmasında səhv olmadığını, çünki necə olsa istədiyi anda o rəftarını düzəldə biləcəyini təlqin edir. Əlbəttə ki, insanın (ölənə qədər) hər zaman və bütün mövzularda düzəliş etmək imkanı var. Amma bu imkanın olması insanın bilə-bilə səhv davranış göstərməsi, yanlış hərəkət etməsi üçün bəhanə deyil. İnsan istəmədən bir səhv etdikdə bunu düzəltmək üçün əlindən gələni edər və Allah diləsə həqiqətən də düzələr. Amma insanın istəmədən deyil, tam əksinə bu imkanın arxasına sığınaraq bilə-bilə səhv hərəkət etməsi, yanlış rəftar göstərməsi fərqli vəziyyətdir.

Əvvəla bu, Allahın rizasına və dinə uyğun rəftar deyil. Allahı sevən insan Allahın bəyənməyəcəyi hərəkətdən necə olursa-olsun çəkinər. Allahın məmnun olmayacağını bildiyi rəftar üçün heç vaxt "necə olsa düzəldərəm" deyə düşünüb cəsarətlə bunu tətbiq edə bilməz. Allah qorxusu onu belə səhv cəsarətdən çəkindirər.

Bundan əlavə, insan bir an sonra yaşayıb-yaşamayacağından da əmin deyil. Hər an ölə biləcəyini bilən və axirətə inanan bir insan heç vaxt "gələcəkdə düzəldərəm" məntiqinə güvənib bilərəkdən səhv hərəkət etməz. Öldüyü təqdirdə Allaha hesabını verə bilməyəcəyi, Quran əxlaqına uyğun olmadığını bildiyi və nəticədə də sonsuza qədər böyük bir peşmançılıq yaşamasına səbəb olacaq bir rəftarda göstərməyə cəsarət edə bilməz.

Eyni şəkildə, insanın səhv rəftar etdiyi adam da hər an ölə bilər. İnsanın əlində bu tərəfdən də qəti olaraq düzəliş etmək imkanı olduğuna dair bir zəmanəti yoxdur. Əlbəttə ki, hər bir hadisədə bir xeyir var. O adam ölsə belə insan Allaha qarşı peşmançılığını yenə ifadə edə bilər. Ancaq mömin insan bu ehtimalı da nəzərə alaraq belə bir hərəkətdən çəkinər.

Bundan başqa, bəzən insanın çox asan düzəldə biləcəyini zənn etdiyi bəzi vəziyyətlərin düzəlişi zənn etdiyi qədər asan olmaya bilər. Allah insanın qədərində imtahan olaraq onun daha çox səy göstərməsini tələb edəcək şəkildə bir vəziyyət də yarada bilər.

Bəzən də səhvləri düzəltmək insanın təxmin etdiyindən daha çox vaxt apara bilər. Sadəcə gözəl bir söz və ya gözəl bir münasibət mövcud olan səhvin tam olaraq düzəlməsi üçün kifayət etməyə bilər. İnsanın etibarını, sevgisini, hörmətini qazanmaq bəzən uzun zaman sabit şəkildə davam edən gözəl əxlaq nəticəsində reallaşa bilər. Çünki göstərilən səhvin yenidən göstərilməyəcəyinə dair tam zəmanət verilməlidir. İnsan Allahdan qorxduğuna və Quran əxlaqına uyğun olmayan bir rəftardan diqqətlə çəkindiyinə dair əxlaqı ilə Müsəlmanlara güvən verməlidir. Beləliklə, bəzən bir an nəfsin istəyinə tabe olub edilən səhv bir hərəkətin düzəldilməsi üçün həftələr, ya da aylar keçməsini tələb edə bilər. Buna görə də Allahdan qorxan insan bir neçə dəqiqəlik eqoist bir istək üçün bu cür nemət itkisini nəzərə almamalıdır.

Allah Quranda Müsəlmanlarda güvən meydana gətirəcək rəftarın "həmişə göstərilən gözəl əxlaq" olduğunu bildirmişdir. Çünki bu səmimi imanın əlamətidir. Allahdan qorxan bir insanın hərdən gözəl əxlaq, hərdən də pis əxlaq göstərə bilməsi normal deyil. Çünki bunlardan biri Allah qorxusunun, o biri də Allahdan qorxmamağın əlamətidir. Bir insan eyni anda bu iki hissi birdən keçirə bilməz. Əgər bir insanın həyatında Allahdan qorxmadığına dair bir an varsa, o zaman imanı da şübhə altındadır (Doğrusunu Allah bilir).

Buna görə də həqiqətən səmimi olaraq iman edən insan üzərinə bu şübhəni almamalıdır. Həqiqətən Allaha qəlbən iman etmişsə, həyatının hər anında bu imanının və səmimiyyətinin tələblərini yaşamalıdır. "Necə olsa düzəldərəm" deyərək heç vaxt səhv olan bir rəftarı bilə-bilə tətbiq etməməlidir. Bunun dünyada da, axirətdə də insana böyük bir peşmanlıq gətirə biləcəyini unutmamalıdır. Həyatının hər saniyəsində "Allahın ən çox razı olduğu rəftarları göstərməyi hədəfləməli"dir. Nəfsi nə qədər istəsə belə, şeytan nə qədər cazibədar göstərsə belə heç vaxt Quran əxlaqından uzaqlaşmamalıdır.

Mal və uşaqlar dünya həyatının bər-bəzəyidir: Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir! (Kəhf surəsi, 46)

Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır! (Məryəm surəsi, 76)
(məqalə harun yahya)