Sosial şəbəkələr (internet səhifələri) qəflət üçün yox, Allaha xidmət etmək üçün istifadə edilməlidir
Facebook haqqa xidmət etməlidir



Texnologiyanın inkişafı və yeni kəşflərlə hər cəmiyyətdə zaman keçdikcə müxtəlif yeniliklər yaşanır. Keçmişdə necə televiziya, internet, ya da cib telefonları kimi vasitələrin insan həyatına daxil olması ilə cəmiyyətlərdə müxtəlif dəyişikliklər yaşandısa, eləcə də bu dövrdə kiçik, ya da böyük olan hər yenilik insanların həyatına böyük dəyişikliklər gətirir. Belə ki, son illərdə insanların tanış olduğu bu yeniliklərdən biri də internet istifadəçiləri arasında özünə geniş yer tapan “Facebook”dur. Dünyanın hər tərəfindən çox geniş kütlə müxtəlif məqsədlərlə özünü tanıtmaq, ifadə etmək və dost tapmaq üçün Facebookdan istifadə edir.

Bununla yanaşı, Facebookdan istifadə edən insanların hər biri fərqli və müxtəlif mədəniyyətə malikdirlər. Şimali Avropanın ucqar qəsəbəsində yaşayan insan burada öz qəsəbəsinin mədəniyyətini əks etdirdiyi kimi, Çində yaşayan fərqli təhsil almış, fərqli inanca, fərqli zövqə sahib olan bir insan da eyni şəkildə öz mədəniyyətini burada əks etdirir. Hörməti, sevgini çox yaxşı bilən insan da burada özünə dost qazanır, bunlardan bixəbər olan insan da. İnsanlara heç dəyər verməyən, yalnız öz mənfəətini güdən bir insan da burada özünə yoldaş qazanır, dərin vicdan sahibi, çox gözəl əxlaqlı bir insan da. Darvinist və ateist insan da burada səsini eşitdirir, yalnız Allahın rizası üçün yaşayan iman sahibi insan da.

Əlbəttə ki, internet, ya da Facebook səhifələrindən istifadə edən insanların məqsəd və mədəniyyət müxtəlifliyini bura sığdırmaq mümkün deyil. Bu mövzudan bəhs edilməsinin əsas məqsədi bu deyil, məqsəd müsəlmanların bu imkandan necə istifadə etmələrini bildirməkdir.

İnternet Allahın axırzamanda inananlar üçün yaratdığı çox böyük nemətdir. İnsanlara bir neçə saniyə ərzində istədikləri hər mövzuda ən doğru məlumatları verə bilən vəsitədir. Bundan əlavə, bir neçə saniyə ərzində internet vasitəsilə eyni anda milyonlarla insanla dialoq qurmaq imkanı da vardır. Şübhəsiz ki, bu, Allahın bəyəndiyi əxlaqı insanlara izah etmək və bütün dünya insanlarının Allaha iman etməsini səmimi şəkildə istəyən müsəlmanlar üçün çox əhəmiyyətli vasitədir.

Ancaq bir tərəfdən də internet imkanı olan bir çox insanın ən məhsuldar saatlarını kompüter arxasında məqsədsiz olaraq keçirdiyi də məlumdur. Üstəlik internetdəki mövzu, məlumat və imkan müxtəlifliyi də insanları asanlıqla bu vəziyyətə sala bilir. İnsan bir mövzuda məlumat əldə etmək üçün girdiyi internet səhifəsində rahatlıqla məqsədindən uzaqlaşa bilir və diqqətini çəkən fərqli mövzulara yönələrək saatlarla vaxt itirir.

Beləliklə, Facebook səhifələri də eyni şəkildə insanları asanlıqla saatlarla kompüterə kilidləyib vaxt itirmələrinə səbəb olan vasitədir. Bəzi insanlar yoldaşlarını tapa bilmək, bəziləri yeni tanışlar əldə etmək, bəziləri də yeni iş imkanları tapa bilmək məqsədilə günlərinin böyük hissəsini bu səhifələrdə keçirirlər. Bir çox insan bu əsnada internet, ya da Facebook mədəniyyətinə özünü qapdırır, öz xarakterindən uzaqlaşaraq burada yaşanan üsluba və xarakterə uyğunlaşır.

Halbuki, hər nemət kimi internetin də, Facebookun da Allahın rizasına uyğun şəkildə istifadə edilməsi əsasdır. Bir mömin hər zaman əlindəki imkanları ağlını və vicdanını əsas götürərək qiymətləndirər. Bu imkanların onu istiqamətləndirib idarə etməsinə izn verməz. Məsələn, müsəlman sağlamlığına zərər verəcək yeməkləri yeyərək yeməyin əsirinə çevrilməz. Gözəl geyinmək üçün bütün pulunu geyimə xərcləyib digər ehtiyaclarını ödəyə bilməyəcək hala düşməz.

Bunun kimi, internetdən, ya da Facebookdan istifadə edərkən də möminin məqsədi “Allahın rizasını axtarmaq”dır. Müsəlman internetin, ya da Facebookun özünü əsir etməsinə yol verməz. İnternet qarşısında, Facebook səhifələrində nə qədər vaxt keçirəcəyinə və bu müddət ərzində hansı məqsədlə nə edəcəyinə ağılla və vicdanla qərar verər. Saatların necə keçdiyinin də fərqinə varmayacaq şəkildə şüursuzca və məqsədindən uzaqlaşaraq Facebook mədəniyyətinə özünü qapdırmaz. İnternet xaricindəki xarici dünya ilə sanki əlaqəsini kəsmiş şəkildə ətrafındakılara əhəmiyyət vermədən, bütün diqqətini kompüter ekranındakı Facebook dünyasına verməz.

İnsan internet, ya da Facebookdan istifadə edərək öz məntiqinə əsasən faydalı işlər görməyi hədəfləyə bilər, ancaq mömin eyni anda Quran əxlaqını hərtərəfli yaşamaqla məsuliyyət daşıyır. Buna görə də insanın bir tərəfdən “yaxşı bir iş görüm” deyərkən, digər tərəfdən çox gözəl əxlaq xüsusiyyətindən uzaqlaşması əlbəttə ki, səhv olar. Mömin kompüter arxasında olduğunda da ətrafından qopmadan, yanındakı insanlara qarşı ən həssas və ən gözəl əxlaqı göstərə bilməlidir.

Müsəlman Facebook, ya da buna bənzər imkanlardan istifadə edərkən həyatının hər anında olduğu kimi çox şüurlu olmaqla məsuldur. Mömin iş görərkən, telefonda danışarkən, televizora baxarkən, qəzet, ya da jurnal oxuyarkən, söhbət edərkən hər saniyəsinin, hər hərəkətinin, hər sözünün Allahın rizasına uyğun olub-olmadığını düşünərək hərəkət edər. Beləliklə, internetdə fəaliyyətdə ikən də eyni şəkildə bu şüur açıqlığında olmalıdır.

Mömin bu şəkildə özünü çox yaxşı idarə edə bilərək cəmiyyət üçün də faydalı insan olmalıdır. İnternet mühitindəki, ya da Facebookdan istifadə edən insanlar onu öz mədəniyyətlərinə cəlb edə bilmədiyi kimi, mömin də şəxsiyyəti, əxlaqı, ağlı, vicdanı ilə başqalarına da nümunə olaraq onları öz tərəfinə çəkməlidir. Ona internet mədəniyyətilə yaxınlaşan insana bunun tam əksinə, səmimiyyətlə cavab verməlidir. İnsanları dinsizliyə cəlb edən cahiliyyə üslublarına Quran əxlaqı ilə cavab verməlidir. Onu boş sözlərlə, boş dialoqlarla əylənməyə çağıran anlayışa hikmətlə və ağılla cavab verməlidir. Bu əxlaq göstərildiyi zaman, inşaAllah, bu insanın ətrafındakılar da səhv olan mədəniyyəti tətbiq etməkdən imtina edəcək və onun göstərdiyi səmimi üsluba uyğunlaşacaqlar.

Üstəlik, mömin həqiqətən faydalı fəaliyyətlə, hikmətsiz və məqsədindən uzaqlaşmış, əyləndirici və düşünülən nəticəni verməyən fəaliyyətlər arasındakı fərqi də seçə bilməlidir. Bir mövzu ilk baxışda insana həqiqətən faydalı görünə bilər və insan bu niyyətlə bu istiqamətə yönələ bilər, ancaq sonradan ağılla düşündüyü zaman qarşısında bundan daha faydalı yollar da olduğunu görə bilər. Məsələn, bir insan bir üsulla saatlarla əmək sərf edərək ancaq on-iyirmi insana çata biləcəksə, bir başqa üsulla isə bir-iki saat ərzində on minlərlə insana xitab edə biləcəksə, əlbəttə ki, ikincisini seçməlidir. Beləliklə, internetdə, ya da Facebookda insanın bu həqiqəti nəzərə alması çox əhəmiyyətlidir. Mömin həm vacib olanı təsbit edə bilməli, həm də daha ağıllı və hikmətli olanı seçə biləcək iradəni göstərməlidir.
(məqalə harun yahya)