Səhvləri düzəldərkən bunlar unudulmamalıdır...



Bəzən insanlar qüsurlarını düzəltmək üçün səy göstərirlər. Nəticədə də həqiqətən düzəltdiklərini zənn edirlər. Bir təzyiqlə qarşılaşdıqlarında buna dözürlər. 2-ci təzyiq olduğunda da dözürlər. Amma bir az çox təzyiq olduğunda buna qarşı müqavimət göstərə bilmirlər. Nəfslərindəki bu çatışmazlığı hərəkətə gətirən hər hansı bir təzyiqdə dərhal əvvəlki rəftarlarına geri dönürlər. O ana qədər kökündən həll etdiklərini, tamamilə düzəltdiklərini sandıqları o əksikliklərini əslində heç düzəltmədiklərini də ancaq belə bir vəziyyət meydana gəlincə anlayırlar.

Bəzən də insanların, tez-tez rast gəldiyimiz ifadə ilə desək, “səbr kasası” vardır. Hər şeyə dözürlər, amma o “səbr kasası”nı daşıracaq hadisə anında bütün idarələrini itirirlər. Bəzən bu “səbr kasası” bir sözlə, bəzən bir rəftar, bəzən müəyyən şərait, bəzən də müəyyən bir insandan gələn reaksiyalar və s. ilə daşır. Belə bir adam ən ağır sözlərə qarşı gözəl bir səbr göstərib, gözəl əxlaqla cavab verə bildiyi halda, o söz deyildiyində nəfsindəki ani püskürmə ilə səbrini itirir. Ya da hər kəsin etdiyi səhvlər və ya verdiyi reaksiyalar onu narahat etmədiyi halda, müəyyən bir adamın rəftarı onda müdhiş bir narahatlıq meydana gətirir. Beləliklə, bu “səbr kasasının sərhəddini” yaxşı təsbit edə bilməyən, ya da təsbit etdiklərində də, xüsusilə bu qüsura qarşı nəfslərini yaxşı tərbiyə etməmiş şəxslər də səhvlərinə asanlıqla geri dönürlər.

Amma əhəmiyyətli olan insanın belə vəziyyətlərlə qarşılaşmadan əvvəl o qüsurundan həqiqətən xilas olub-ola bilmədiyini yaxşı analiz edə bilməsidir. Buna görə də elə bir səhvi heç etməyəcək şəkildə özünü öyrədə bilməsidir. Çünki istədiyi təqdirdə insan buna da güc yetirə bilər. Amma bunun üçün vacib olan şərt “insanın özünə qarşı çox dürüst olmasıdır”. Özünə “kənardan baxa bilməsidir. Nəfsinə acımamasıdır. Özünü haqlı görməməsidir. Qüsurunu üzürlü hesab etməməsidir”. Özünü “ehtiyacsız” hesab etməməsidir. Əksiklikləri ola biləcəyinə heç ehtimal vermədən “Mən onsuz da yaxşıyam”, “mən dəyişdim”, “mən əlimdən gələni edirəm”, “mən onsuz da səmimiyəm” deməməsidir. Bu tərz məntiqlərin şəxsiyyətini dəyişdirməsinə mənfi təsir edə biləcəyini bilməlidir.

Belə bir adam nəfsinə qarşı daha sərt tədbirlər almalıdır. İradəsini daha çox gücləndirməlidir. Səhv yönlərinə qarşı daha qəti tədbirlər almalıdır. Nəfsindəki əksiklikləri yaxşı təsbit edib bu mövzuda əksinə hərəkət etməlidir. Məsələn, nəfsində tənbəllik varsa, israrla daha da çalışqan olmaq, hər gördüyü işə atılmaq, hər ehtiyacı olana birinci köməyə qaçmaq üçün diqqət verməlidir. Qürurlu və eqoist bir quruluşu varsa, gün ərzində hər fürsətdə qardaşlarına qarşı qürurunu qıran təvazökarca sözlər söyləməlidir. Narahatlıq duyduğu, hirsləndiyi, qısqandığı, dözmədiyi müəyyən adam varsa, xüsusilə o adama qarşı bir hörmət, sevgi, maraq, şəfqət və qayğı göstərməlidir. Bu adama hörmətlə yanaşmalı, köməyə ehtiyacı olduğunda ilk önə atılan o olmalı, danışıqlarında o adamı ön plana çıxaran və ucaldan sevgi dolu bir üslub istifadə etməlidir.

Əgər nəfsinin pis xüsusiyyəti varsa, bu pis xasiyyətinin özünə “Allahın sevgisini itirə biləcəyini” yaxşı düşünməlidir. “Allahın sevgisi, dostluğu, rəhməti” bir insanın dünyada qarşılaşa biləcəyi bütün nemətlərdən daha üstün və heç nə ilə müqayisə edilməyəcək böyük bir nemətdir. İnsana “Al, dünyanın hamısı sənin olsun, bütün zənginliklər, bütün evlər, avtomobillər, bütün yeməklər, gözəl məkanlar, qısacası ağlına gələn hər şey və hamısı sənin olsun” deyilsə, amma bu insan Allahın sevgisini itirmiş olsa, bunların heç biri onu xoşbəxt edə bilməz və heç birinin dəyəri olmaz. Allahın sevgisindən məhrum olmaq heç bir nemətlə müqayisə edilə bilməyəcək bir itkidir. İnsanın əlində sahib olduğu bir dünya malı olmasa, amma Allahın sevgisi, dostluğu, yaxınlığı olsa, bundan duyula biləcək xoşbəxtlik heç bir şeylə müqayisə edilə bilməyəcək qədər böyük olar. Buna görə əgər insan bir əksiyini düzəltməkdə “iradəsinin çatmadığını”, “əlindən gələni etdiyini, amma həll edə bilmədiyini” düşünürsə, əvvəl bu böyük təhlükəni yaxşıca düşünməli, sonra eyni sözü o qədər rahat söyləyib-söyləyə bilməyəcəyini bir daha düşünməlidir. “İradəm çatmır” sözü möminin söyləyəcəyi bir söz deyil. Mömin özünə gücsüzlüyü, iradəsizliyi yaraşdırmaz və belə bir şeyi əsla qəbul etməz. Nə qədər çətinlik çəkirsə-çəksin yenə də söyləcəyi söz “Mən Allahın iznilə bunu həll edərəm, Allah mənə kömək edər” olar. Bu sözü söyləyən bir insana Allah o yolda bütün qapıları açar, güc-qüvvət verər. O səhvini düzəldən ağılı Allah o insanın ruhunda meydana gətirər.

Bu səbəblə səhvini düzəltmək istəyən insanın ilk edəcəyi şey ”Allaha güvənib dözmək” olmalıdır. Nəfsinə qarşı dürüst və səmimi yaxınlaşmaq, bu mövzuda əlindən gələn bütün səyi göstərmək və Allahın özünə kömək edəcəyindən qəti əmin olmaq...

Allahın insanlardan “güclərinin çatmayacağı bir şeyi istəməyəcəyini” əsla unutmamalıdır. Əgər Allah insanın qarşısına həll etməsi, düzəltməsi lazım olan bir səhvi çıxardırsa, o adama mütləq bunu edə biləcək gücü də vermişdir. Quran ayələrində bu əhəmiyyətli sirr insanlara belə bildirilmişdir:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...(Bəqərə surəsi, 286)

... Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik... (Ənam surəsi, 152)

Digər tərəfdən də Allah Öz rizası üçün belə bir işdə stabillik göstərən qullarına “Öz Qatından mütləq bir kömək” də vəd etmişdir:

... Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar. (Talaq surəsi, 4)

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! (Ancaq) Rəbbinə üz tut! (İnşirah surəsi, 5-8)

Allah səmimi səy göstərən qullarına nə qədər böyük çətinliklərlə qarşılaşırlar- qarşılaşsınlar mütləq bir “asanlıq” yaradacağını vəd etmişdir. Allah qullarına nə olursa-olsun “yalnız Allaha yönəlib-dönmələrini”, əsl həlli ancaq burada tapa biləcəklərini xatırlatmışdır.
(məqalə harun yahya)