Səhv etməkdən qorxmamaq



Səhv etməkdən qorxmamaq üçün əvvəlcə səhvin nə olduğunu anlamaq lazımdır. Səhv insanın "istəmədən etdiyi" hərəkətlərdir. Lazımi şəkildə düşünə bilmədiyi, lazım olan tədbirləri ala bilmədiyi, lazımi şəkildə iradə göstərə bilmədiyi, səhlənkarlıq etdiyi, unutduğu və ya yanıldığı üçün yaratdığı vəziyyətlərdir. Bir də qəsdən, qarşı tərəfə zərər vermək məqsədi ilə edilən, kin, qəzəb və ya qısqanclıqla, intiqam duyğuları ilə, rəqabət hissi ilə, pislik etmək üçün xüsusi olaraq hazırlanan davranışlar var. Qəsdən edilən pis məqsədli davranışlarla əlaqədar adama buğz edilməsi, o adama qarşı tədbir görülməsi və diqqətli davranılması son dərəcə normal və hətta vacibdir.

Ancaq yaxşı niyyətli insanın istəmədən etdiyi, hətta ortaya çıxan nəticədən narahat olduğu bir vəziyyətdə, o adama qəzəblənmək vicdana uyğun deyil. Çünki hər şeydən əvvəl o adam yalnız qədərində olanı edir. Allah dilədiyi üçün o səhv baş vermiş, Allah dilədiyi üçün o adamın səhv edəcəyi şərtlər hazırlamışdır.

İnsan Allaha aid varlıqdır. Allahın sonsuz gücü qarşısında acizdir. Allaha tam təslimiyyətlə qədərini yaşayır. Buna görə də həyatı boyu nə edirsə-etsin, hansı vəziyyətlə qarşılaşırsa-qarşılaşsın, bütün bunları Allahın yaratdığını unutmamalıdır. İman edən insan üçün (Allah nə yaradırsa-yaratsın) nə qədər çatışmamazlıq, əziyyət və ya çətinlik olsa da, bu hadisələr "xeyir" və "nemətdir". Allah dilədiyi üçün insan səhv edir. Deməli, bu vəziyyət o səhvin nəticəsində reallaşmışdır. Bunda isə mömin üçün mütləq gözəllik var. Allah hadisələrin bu şəkildə baş verməsini o adam üçün daha xeyirli görmüşdür. O zaman mömin də meydana gələn bu vəziyyətdən narahat olmayacaq, Allahın təqdir edib gözəl gördüyü hadisədə eyni gözəlliyi görəcək.

Məsələn, insan yeriyərkən diqqətini tam cəmləmədiyi və önünə baxmadığı üçün qarşısına çıxan hər hansı bir şeyi sındıra bilər. Ya da saatlarla zəhmət çəkilərək hazırlanmış saxsı qaba dəyib yerə sala bilər. Yatıb qaldığı üçün onu gözləyən insanların işini ləngidə bilər. Bütün bunlarda isə Allahın yaratdığı müxtəlif hikmətlər var. O qırılan əşyanı sındıran Allahdır. Bəlkə o əşya gələcəkdə sahibləri arasında bir narahatlığa səbəb olacaq, bəlkə daha təhlükəli və kiməsə zərər verəcək şəkildə qırılacaq. Bəlkə də onun qırılması ilə Allah ondan daha gözəlinin alınmasını təmin edəcək. Eyni şəkildə yerə tökülən yeməyi tökən də Allahdır. Bəlkə o yeməkdə xarab bir şey var və onu yeyən insanın narahatlığına səbəb olacaq. Bəlkə bu yeməyi yeyən adamın daha faydalı bir şeyi yeməsinə mane olacaq. Bunun kimi, yatdığı üçün gedəcəyi yerə gecikən bir insanı yuxudan oyandırmayan da Allahdır. Çünki onu gözləyən yoldaşlarının gecikməsi lazımdır. Bəlkə bu, onları hansısa bir təhlükədən qoruyacaq, bəlkə daha vacib bir məsələni həll etmək üçün onlara şərait yaradacaq.

Bunlar sadəcə bir neçə nümunədir. Amma mömin gün ərzində yaşadığı bütün hadisələri və etdiyi səhvləri də bu dünyagörüşlə və hikmətlə qiymətləndirməlidir. Allah Quranda belə bildirmişdir:

Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!" (Qəmər surəsi, 52-53)

Ancaq bu həqiqəti düşünməyən bir çox insan səhv etdiyi zaman narahatçılıq keçirir. Səhvin dərəcəsinə görə narahatlığı və kədəri daha da artır. Xüsusilə də, bu səhvin səbəb olduğu vəziyyətdən təsirlənən insanların mövqeyini düşündükcə, bu narahatlığı daha da şiddətlənir. Onların qəzəblənəcəyindən, pis fikirlərə düşəcəyindən çəkinməsi isə bu çətinliyi daha da artırır.

Halbuki səhv edən insanın keçirdiyi bu hisslər tamamilə yersizdir. Hər şeydən əvvəl bu, Quran əxlaqına uyğun deyil. Möminin "hər şeydə xeyir olduğunu bilərək" qəlbinin rahat olması, yəni aram tapması lazımdır. Necə ki, başqa bir insan səhv etdiyi zaman, o səhvi bağışlayır və narahat olursa, özü də səhv etdiyində vəziyyət bundan fərqlənməməlidir. Çətinliyə düşməməli, kədərə qapılmamalıdır. Amma səhvindən dərs almalıdır. Üzərində dərin-dərin düşünməlidir. Bir daha təkrarlanmaması üçün hansı tədbirləri almalı olduğunu təsbit edib bunları planlamalıdır. Səhvi ucbatından səbəb olduğu vəziyyəti aradan qaldırmaq üçün əlindən gələni etməlidir. Zərər verdiyi insanlar varsa, onlardan üzr istəməlidir. Könül alan gözəl sözlərlə, Allahdan qorxan, gözəl əxlaqlı, vicdanlı bir insan olduğunu bu insanlara göstərərək, o səhvi istəmədən etdiyini bildirərək qarşı tərəfi əxlaqı ilə rahatlaşdırmalıdır.

İnsan etdiyi səhv ilə bəzən kiçik problemlərə, bəzən də çox həyati və böyük problemlərə yol aça bilər. Bu da insanı təlaşlandırmamalıdır. Nəticə maddi və ya mənəvi mənada zahirən düzəldilməsi mümkün olmayan miqyasda olsa belə, ya da adi və sadəcə həll edilə bilən çətinliklərə gətirib çıxarsa da, bu, möminin düşüncə tərzini dəyişməz. Mömin əlbəttə ki, vicdan əzabı, peşmanlıq hiss edər. Çünki Allah insanı vicdanını dinləməsi, peşman olub tövbə etməsi, Allahdan bağışlanma diləməsi və səhvini təkrarlamaması üçün qərar alması üçün xüsusilə səhv edəcək xarakterdə yaratmışdır.

Əlbəttə ki, insan səhv etməmək üçün əlindən gələni etməli, ağlını, vicdanını, iradəsini, qabiliyyətlərini, imkanlarını son damlasına qədər istifadə edərək üzərinə götürdüyü bir məsuliyyəti və ya edəcəyi bir işi qüsursuz və mükəmməl şəkildə yerinə yetirməyə çalışmalıdır. Amma səhv etdiyi zamanda da Quranda səhv edən möminin göstərməsi üçün bildirilən əxlaqı yaşayaraq bu vəziyyəti düzəltməlidir.

Möminlərin hər mövzudakı ölçüləri Quran olduğu üçün səhv edən bir insana olan nəzərləri də yalnız Quran əxlaqına uyğun olur. Mömin qarşısındakı insan kimi özünün də hər an səhv edə bilən, aciz bir insan olduğunu anlayır. Hər insana hər şeyi etdirənin Allah olduğunu bilir və Allahın diləməsilə bir insanın səmimiyyətlə, yoxsa qəsdən belə bir səhv etdiyini hiss edir. Səmimi olan insana isə sadəcə bir səhvinə görə nə sevgisində, nə də hörmətində bir dəyişiklik olmur.

Üstəlik, Allah Quranda möminlərə "bağışlayan və xoşniyyət olmağı", "bağışlamağı" əmr etmişdir. Beləliklə, Müsəlman qardaşının kiçik, ya da böyük bir səhv etməsi möminin bu əxlaqı göstərəcəyi anlardır. Səhv edən qardaşını narahat etmədən, etdiyi səhvə görə onu minnət altında qoymadan doğru yolu göstərəcək, səhvlərini düzəltməsinə kömək edəcək. Bağışlayacaq, sevgi ilə, xeyirxahlıqla cəsarətləndirərək qardaşının o səhvdən xilas olmasını və daha yaxşı olmasını təmin edəcək.

... Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz! (Şura surəsi, 40)

... Amma onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah bağışlayandır, rəhm edəndir!. (Təğabün surəsi, 14)

Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir! (Nur surəsi, 22)

Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti) çox bəyənilən əməllərdəndir! (Şura surəsi, 43)

Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa surəsi, 149)
(məqalə harun yahya)