Hər Hadisənin Quran Əxlaqına Uyğun Şəkildə Qiymətləndirilməsi



Möminin həyatının məqsədi Allaha qulluq etməkdən başqa bir şey deyil. İnsan öz ehtiraslarına görə yaşamaq, ehtiraslarının arxasında qaçmaq ya da başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.

Allaha qulluğun yolu isə insanın Quranı özünə rəhbər etməsidir. Mömin üçün əsas məqsəd var gücüylə Quranın hər hökmünə uyğun şəkildə yaşamaqdır.

Qurana baxdığımızda isə möminin yalnız namaz, oruc, həcc kimi möhkəm ibadətlərlə deyil, həmçinin tətbiq edilməsi araşdırma tələb edən ibadətlərlə də məsul olduğunu görürük. Məsələn bir ayədə “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl şəkildə mücadilə et…” (Nəhl Surəsi, 125) əmri verilir.Bu ayədəki “hikmət”in və “gözəl öyüd-nəsihət”in nə olduğunu mömin, həm Quranın ümumi məntiq və üslubuna baxaraq, həm də öz ağıl və anlayışıyla müəyyən etməlidir.

Möminin ağılını və anlayışını çalışdırmağını tələb edən daha bir neçə səbəb var. Məsələn, Allah Quranda möminin qarşılaşacağı insan tiplərini və cəmiyyət modellərini təsvir edir və həmçinin bunlara qarşı istifadə olunan davranış formalarını da bildirir. Çox vaxt müxtəlif insan tiplərinə və onların məntiqinə qarşı deyiləcək sözlər “De” ilə başlayan ayələrdə xəbər verilir.

Möminə qarşılaşacağı vəziyyətlərlə bağlı məlumat və əmr verən belə ayələr Quranda çox açıq şəkildə bildirilir. Ancaq bunların gündəlik həyata tətbiqi əvvəlcə Quranda vurğulanan vəziyyətlərin gündəlik həyatda araşdırılmasını tələb edir ki, bu halda mömin ağıl və anlayışından çox istifadə etməlidir.

Quranda fərqli insan tipləri izah edilir. Müsəlmanlar, müşriklər, münafiqlər, qəlblərində xəstəlik olanlar, xristianlar, yəhudilər və s. Mömin bunlarla bağlı ayələri çox yaxşı öyrənə və Quranda təsvir edilən bu insan xarakterlərini çox yaxşı tanıya bilər. Bununla da insanlarla olan münasibətini və bütün həyatını Allahın əmrləri istiqamətində formalaşdıra bilər.

Mömin bilməlidir ki, ətrafındakı bütün insanlar Quranda təsvir edilən bu insan modellərindən biri ilə mütləq uzlaşır. Çünki bu insan tiplərinin hamısı yaradılmışdır və “Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.” (Ənbiya Surəsi, 16) ayəsinin sirri ilə onlar bir məqsədlə – Allahın Quranda təsvir etdiyi cəmiyyət modelini meydana gətirmək üçün varlar.



Mömin bu gerçəyi bilərək davranışılarını formalaşdırsa, Allahın ona yüklədiyi məsuliyyətləri yerinə yetirə bilər. İnsanın gördüyü hər bir iş, hər bir hadisə əslində Quranda təsvir olunanların oxşar modelləri və tipləridir. Bir ayədə bu mövzu belə açıqlanır:

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət Surəsi, 53)

Beləliklə, bütün kainat əslində Quranın “kainatda” görünən ayətlərinin cəmindən ibarətdir. Necə ki, bir əsər öz rəssamını tanıtdığı, o rəsmdəki hər incə təfərrüat rəssamın fırçasının izlərini göstərdiyi kimi bütün kainat və o kainatın hər təfərrüatı da hər şeyin yaradıcısı olan Allahı göstərmək üçün var.

Mömin bu həqiqəti anladıqca, həm Allahı daha yaxşı tanıyar və həm də Ona daha çox yaxınlaşar və Onun hökmlərinə daha həssas şəkildə itaət edər. Həyatın hər incə məqamının əslində Quranda göstərilən bir “ayə” olduğunu qavradıqca, “gündəlik həyat” dediyimiz anın hər mərhələsində Qurana görə düşünər və Quranın hökmlərini tətbiq edər.

Hər bir proses Allahın yaratdığı qədərə uyğun olaraq formalaşır, buna görə də hər şeyin səbəbi və hikməti var. Möminin vəzifəsi isə qarşılaşdığı hər hadisəni Qurana görə şərh etmək və Quranda ifadə edilən reaksiyaları göstərməkdir. Əgər “boş”, mənasız bir şeylə qarşılaşsa, Quranın hökmünə görə ondan üz çevirməlidir.

Qarşılaşdığı hər hadisəni Quran ayələrinə görə şərh etməsi, möminin hər şeydən əvvəl Qurana əsaslanan mədəniyyət və xarakter formalaşdırmağından asılıdır. Bunun üçün də cahiliyyə cəmiyyətinin ona verdiyi bütün mədəniyyəti və xarakterik xüsusiyyətləri dəf etməlidir. Bir hadisə qarşısında nə etməli olduğuna, cahiliyyə cəmiyyətində mövcud olan meyarlara görə deyil, Qurana görə qərar verməlidir. Quranda isə qarşılaşdığı hər vəziyyətə işıq tutan həll mütləq vardır. Çünki o, “hər şeyin açıqlayıcısı” (Nəhl Surəsi, 89) olaraq insanlara göndərilmişdir.
(məqalə harun yahya)