Ümidsizliyə və Şeytanın Mənfi Təlqinlərinə Fürsət Verməmək



Ümidsizlik iki cür ola bilər. Birinci halda, insan qarşılaşdığı çətinliklər qarşısında ümidsizliyə qapıla bilər. Ancaq iman etmiş hər insan Allahın nəzarəti altında icra edilən və Onun dəstəkləyəcəyini vəd etdiyi işlərdə hər hansı mənfi halın olmayacağını bilər. Çünki Qurandakı ayələrdə Allahın konkret olaraq möminlərin dəstəkçisi olduğu və onları əsla inkarçılar qarşısında köməksiz buraxmayacağı xəbər verilir.

Ümidsizliyin ikincisi isə etdiyi səhv və ya işlədiyi günah səbəbiylə hər hansı insanın öz imanından ümid kəsməsi, Allahın onu bağışlamayacağına və artıq cəhənnəmlik olduğuna özünü inandırmasıdır. Halbuki bu tamamilə Qurana zidd düşüncədir. Əksinə, Allah səmimi tövbə edənlərin bütün günahlarını bağışlayar. Allaha yönəlmək, Onun rəhmətinə sığınmaq üçün heç vaxt “çox gec” deyil. Allah Quranda qullarına belə səslənir:“Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər Surəsi, 53)


Ümidsizlik şeytanın mömini Allahın haqq yolundan uzaqlaşdırmaq üçün verdiyi vəsvəsələrdən biridir. Şeytan bu yolla səhvə yol vermiş möminin əhvalını pozmağa, etdiyi sadə səhvləri həmin insanın gözündə böyütməyə və onu daha da böyük səhvlərə sürükləməyə çalışır. Şeytanın hədəfi mömini imanından və səmimiyyətindən şübhəyə salmaq, ona cəfəng fikirlər aşılamaqdır. Əgər insan şeytanın bu təlqinindən təsirlənsə, getdikcə imani zəifliyə düşər, səhv üstünə səhv etməyə başlayar. “Bir dəfə səhv etdim, artıq geri yol yoxdur” deyərək getdikcə daha da böyük günahlara doğru gedər.



Mömin belə hissə qapıldıqda dərhal Allaha sığınmalı, Quranın nuruyla düşünməli və şeytanın istədiyi bu qorxunc ruhi haldan çıxmalıdır. Bir ayədə möminin bu cür hallardakı rəftarı belə açıqlanır:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. (Ə’raf Surəsi, 200)

Mömin, ixlaslı və səmimi olduqdan sonra səhv etsə də bağışlanma dilədikdən sonra Allahın onu bağışlayacağına ümid edə bilər. Edilən səhv nə olursa olsun yenə də hər an tövbə edib özünü düzəldə bilər. Allah sonsuz rəhmət və ədalət sahibi ola-ola, möminlərə cənnəti və uğur vəd etdiyi halda ümidsizliyə qapılmaq ancaq şeytanın hiyləsidir. Hz. Yaqubun Quranda bildirilən bu nəsihəti bütün möminlər üçün yol göstəricidir:

“… Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər” (Yusuf Surəsi, 87)
(məqalə harun yahya)