Zamansızlıq və Qədər Gerçəyi

ZAMAN NƏDİR?



Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi.

Bütün hadisələr bizə müəyyən sıra ilə göstərildiyi üçün zamanın həmişə irəli doğru axdığını düşünürük. Məsələn, bir xizəkçi həmişə dağdan aşağı doğru sürüşür, yuxarı doğru sürüşmür və ya su damlası su yığınından yuxarı doğru qalxmır, həmişə aşağı doğru düşür. Bu vəziyyətdə xizəkçinin yuxarıdakı vəziyyəti keçmiş, aşağıya çatdığı vəziyyəti isə gələcəkdir. Halbuki əgər yaddaşımızdakı məlumatlar, bir filmin əvvələ yığılması kimi tərsinə doğru göstərilsə, bizim üçün gələcək, yəni aşağıdakı vəziyyəti keçmiş, yuxarıdakı vəziyyəti isə gələcək olar.

Beynimiz müəyyən sıralama üsuluna görə işlədiyi üçün dünyamız hal-hazırda yuxarıda izah edildiyi kimi işləmir və biz də zamanın həmişə irəli axdığını düşünürük. Halbuki bu, beynimizdə verilən qərardır və dolayısilə tamamilə nisbidir. Əgər yaddaşımızdakı məlumatlar geriyə doğru oynadılan filmlərdəki kimi düzülsə, zamanın axışı da bizim üçün geriyə doğru oynadılan filmlərdəki kimi olacaq. Belə vəziyyətdə, keçmişi gələcək, gələcəyi də keçmiş hesab etməyə başlayar, həyatı da hazırkı nizamdan fərqli şəkildə yaşayarıq.

Gerçəkdə isə zamanın necə axdığını, ya da axıb axmadığını əsla bilmirik. Bu da zamanın mütləq gerçək olmadığını, yalnız qavrayış forması olduğunu göstərir.

Ümumi Nisbilik Nəzəriyyəsinə görə, “zaman mütləq deyil, onu ölçdüyümüz hadisələr silsiləsindən müstəqil varlığı yoxdur.”



Yuxularımız, zamanın nisbiliyinin başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Biz yuxumuzda günlərlə davam etdiyini düşündüyümüz hadisələr yaşadığımız halda, əslində yalnız bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edən yuxu görürük.

Fərqli şərtlərdə, insanların eyni zaman bölümünü, daha uzun və ya daha qısa hiss etmələri də bunun bir nümunəsidir. Məsələn, əməliyyatdakı qardaşının çıxmasını gözləyən insan üçün, bir saat bir neçə saat keçmiş kimi uzun gələ bilər. Ancaq eyni insan çox zövq aldığı bir iş görərkən, bir saatın necə keçdiyindən heç xəbəri olmaya bilər.

Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsinin elmi şəkildə ortaya qoyduğu gerçək belədir: Zamanın sürəti, bir cismin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, sıxılır; daha ağır, daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır.

Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə əkiz qardaşlardan biri Dünyada qalıb digəri işıq sürətinə yaxın sürətdə kosmosa səyahətə çıxarsa, kosmosa gedən insan, geri qayıtdığında əkiz qardaşını özündən daha yaşlı görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş keçməsidir. Eyni nümunə, işıq sürətinin yüzdə doxsan doqquzuna yaxın sürətlə hərəkət edən raketlə, kosmosda səfər edən ata və Dünyada qalan oğlu üçün də düşünülə bilər.

Eynşteynə görə “Əgər atanın yaşı 27, oğulunun yaşı 3 olsa, 30 dünya ili sonra ata dünyaya qayıtdığında oğul 33 yaşında, ata isə 30 yaşında olacaq.” (Paul Strathern, Einstein ve Görelilik Kuramı, 1997, s. 57)

Zamanın nisbi olması, saatın yavaşlaması və ya sürətlənməsi demək deyil; bütün maddi sistemin atom altı səviyyəsindəki zərrəciklərə qədər fərqli sürətlərdə fəaliyyət göstərməsi mənasına gəlir. Zamanın qısaldığı mühitdə insan bədənindəki ürək döyüntüləri, hüceyrələrin bölünməsi, beyinin fəaliyyəti daha ağır işləyir. Bu halda insan zamanın yavaşlamasını heç fərq etmədən gündəlik həyatını davam etdirir.

ZAMANIN NİSBİLİYİ QURAN’DA BİLDİRİLMİŞDİR



Zamanın mütləq gerçək deyil, nisbi qavrayış olduğu müasir elmin gəldiyi son nəticələrdəndir. Elmin 20-ci əsrdə kəşf etdiyi bu gerçəyin Quranda 1400 il əvvəl bildirilməsi isə çox böyük möcüzədir.

Bəzi ayələrdə zamanın insanların sandıqlarından çox daha qısa olduğu belə bildirilir.

Dedi ki: “İl sayı olaraq yer üzündə nə qədər qaldınız?” Dedilər ki: “Bir gün ya da bir gündən az qaldıq, sayanlara soruş.” Dedi ki: “Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz.” (Muminun Surəsi, 112-114)

Quranda başqa ayələrdə isə fərqli ölçülərdə zamanın daha fərqli sürətlə keçdiyi xəbər verilir. Məsələn Allah qatındakı bir günün insanların min ilinə bərabər olduğu ifadə edilir. (Həcc Surəsi, 47) Bu mövzu ilə əlaqədar digər ayələr belədir:

Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric Surəsi, 4)

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr. (Səcdə Surəsi, 5)

ZAMANIN NİSBİLİYİ, QƏDƏR GERÇƏYİNİ DƏ AÇIQLAYIR

Zamanın nisbiliyi ilə əlaqədar şərhlərdən və ayələrdən görüldüyü kimi zaman qavrayana görə dəyişən, sabit olmayan anlayışdır. Məsələn, bizim üçün milyardlarla il davam edən zaman parçası, Allah qatında bir andır. Bizim üçün 50 min illik bir müddət mələklər və Cəbrayıl üçün bir gündür.

Bu gerçəyin bilinməsi, qədər (tale, alın yazısı) mövzusunun qavranması üçün çox əhəmiyyətlidir. Çünki qədər, Allahın keçmiş və gələcək hesab olunan bütün hadisələri “bir an” içində yaratmasıdır. Bu da, Allah qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin yaşanması və bitməsi deməkdir. İnsanların çoxu, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini, Allah qatında keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin həqiqətini heç cür qavraya bilmirlər. Halbuki “yaşanmamış hadisələr” bizim prizmadan baxdıqda yaşanmamış hadisələrdir. Çünki biz Allahın yaratdığı zamana bağlı olaraq həyatımızı davam etdiririk və yaddaşımıza verilən məlumatlar olmadan heç bir şey bilmirik. Allah, dünyadakı imtahan mühitinin nəticəsi olaraq “gələcək” olaraq adlandırdığımız hadisələri yaddaşımıza vermədiyi üçün, gələcəkdə nə olacağını da bilmirik. Allah isə zamana və məkana bağlı deyil, onsuz da bunların hamısını yoxdan yaradan Özüdür. Bu səbəblə Allah üçün keçmiş, gələcək və hal-hazırkı anın hamısı birdir və hamısı baş verib qurtarmışdır. Allah bir hadisənin sonunu görmək üçün gözləməz. Onsuzda bir hadisənin əvvəli də sonu da Onun qatında tək bir anda yaşanır. Məsələn, Fironun sonunun necə olduğunu Allah hələ Hz.Musanı Firona göndərmədən, Hz.Musa hələ doğulmadan, hətta Misir dövləti daha qurulmadan əvvəl bilir və bütün bu hadisələr Fironun sonu ilə birlikdə Allah qatında tək bir an olaraq yaşanmışdır. Bundan əlavə Allah üçün keçmişi xatırlama deyilən bir şey də yoxdur. Keçmiş və gələcək hazır olaraq Allahın daim “qarşısındadır”, hamısı eyni anda mövcuddur. Bu günə qədər yaradılmış və bu gündən sonra da yaradılacaq bütün insanların dünya və axirətdəki həyatları, hər anları ilə Allahın qatında hazırdır və yaşanmışdır. Allahın sonsuz “hifzi”ndə milyardlarla insanla yanaşı bütün canlıların, planetlərin, bitkilərin, əşyaların qədərində yazılı hadisələr də heç zaman azalmadan və ya itmədən vardır. Qədər gerçəyi, Allahın Hafiz (Mühafizə edən, Qoruyan) isminin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən (təzahür) biridir.

“KEÇMİŞ” ANLAYIŞI YADDAŞIMIZDAKI MƏLUMATLARA GÖRƏ FORMALAŞIR



Bizə verilən təlqinə görə, keçmiş, bu an və gələcək kimi hissələrə ayrılmış zaman dilimlərini yaşadığımızı zənn edirik. Halbuki, “keçmiş” anlayışına sahib olmağımızın yeganə səbəbi yaddaşımıza bəzi hadisələrin verilməsidir. Gələcəklə əlaqədar hadisələr isə yaddaşımızda yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız bu hadisələri “yaşanacaq”, “gələcəkdə meydana gələcək” hadisələr kimi qəbul edirik. Halbuki keçmiş bizim üçün yaşanmış, təcrübə edilmiş, görülmüş hadisələr oduğu qədər gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün bunları bilmirik.

Allah, bizə hadisələri müəyyən bir sıra içində, kiçikdən böyüyə doğru axacaq şəkildə, sanki keçmişdən gələcəyə axan bir zaman varmış kimi qavratdığı üçün bizə gələcəyimizlə əlaqədar hadisələri bildirmir, bunların məlumatını yaddaşımıza vermir. Gələcək bizim yaddaşımızda yoxdur, ancaq Allahın sonsuz hifzində (hafizəsində), bütün insanların keçmişləri və gələcəkləri var. Bu, bir insanın həyatını onsuzda mövcud olan filmdən izləməsi kimidir. Film, onsuzda çəkilmiş və bitmişdir. Ancaq, bu filmi irəli yiğma imkanı olmayan insan kadrları tək-tək seyr etdikcə həyatını görür. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.

KEÇMİŞ VƏ GƏLƏCƏK QEYB XƏBƏRİDİR

Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir:

De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah (qeybi və müşahidə edilə biləni bilən Allahım)! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!” (Zumər Surəsi, 46)

Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Bu halda səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud Surəsi, 49)

Allah Peyğəmbərimizə (səv) hələ yaşanmamış bəzi hadisələrdən də xəbərlər vermişdir ki, bunlar gələcəyə dair qeyb xəbərləridir. Məsələn, Məkkənin fəthi (Fəth Surəsi, 27) və Rumun bütpərəstlərə qarşı qalibiyyəti (Rum Surəsi, 3-4), bu hadisələr hələ yaşanmadan əvvəl Peyğəmbərimizə (ə) bildirilmişdir. Peyğəmbərimizin (səv) qiyamət əlamətləri, axır zaman kimi mövzulardakı hədisləri də, o dövr bütün insanlar üçün qeyb olan bu məlumatları Allahın ona öyrətdiyini göstərir.

Nəticə olaraq, bizim keçmiş və gələcək kimi adlandırdığımız hadisə və məlumatların hamısı, Allah qatında gizli saxlanılan qeyb xəbərləridir. Allah istədiyi zaman istədiyi insanın yaddaşına bu xəbərlərdən bəzilərini verərək, qeybin bir qisimini bilinən hala gətirir. Və beləliklə, müşahidə edilə bilən, yəni görülə bilən, şahid olunmuş hala gələn bu hadisələr, insanlar tərəfindən keçmiş olaraq xarakterizə edilir.

QƏDƏRƏ TƏSLİMİYYƏTİN ƏHƏMİYYƏTİ



Keçmiş və gələcəyin gerçəkdə Allah qatında yaradılmış və yaşanmış olaraq gizli və hazır hadisələr olması bizə çox əhəmiyyətli gerçəyi göstərir: Hər insan qeyd-şərtsiz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə, eləcə də gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə vaxt, harada, nə yemək yeyəcəyi, kiminlə nə danışacağı, nə qədər pul qazanacağı, hansı xəstəliklərə tutulacağı, eləcə də nə vaxt, necə, harada öləcəyi hamısı müəyyəndir və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah qatında, Allahın hafizəsində yaşanmış şəkildə var. Yalnız bunların məlumatı hələ bizim yaddaşımızda yoxdur.

Bu səbəbdən başlarına gələn hadisələrə kədərlənən, əsəbiləşən, qışqırıb çağıranlar, gələcəyi üçün narahat olanlar, hirslənənlər əslində özlərini boş yerə üzürlər. Çünki, necə olacağından narahat olduqları və qorxu duyduqları gələcəkləri onsuzda yaşanmışdır. Və hər nə etsələr də bunları dəyişdirmə imkanları yoxdur.

ALLAH BİZİM KEÇMİŞİMİZİ VƏ GƏLƏCƏYİMİZİ BİR AN OLARAQ BİLİR VƏ GÖRÜR

Yeri gəlmişkən, burada yanlış qədər anlayışından çəkinməyin lazım olduğu qeyd edilməlidir. Bəzi insanlar, “necə olsa qədərimdə nə varsa o olacaq, o zaman mənim heç bir şey etməyimə ehtiyac yoxdur” deyərək yanlış qədər anlayışı qəbul edirlər.

Yaşadıqlarımızın qədərimizdə müəyyən olduğu həqiqətdir. Biz daha o hadisəni yaşamadan əvvəl o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün təfərrüatı ilə Allah qatındakı Lövhü Məhfuz adlı kitabda yazılıdır. Ancaq, Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verir. Məsələn insan, su içmək istədiyində bunun üçün “qədərimdə varsa içərəm” deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyu içər.

Həqiqətən də qədərində təsbit edilmiş stəkanda, təsbit edilmiş miqdarda su içər. Ancaq, bunları edərkən öz iradəsi və istəyi ilə etdiyinə dair hiss duyar. Və həyatı boyunca bu hissi hər etdiyi işdə yaşayar. Allaha və Allahın yaratdığı qədərinə təslim olmuş bir insan ilə bu gerçəyi qavraya bilməyən bir insan arasındakı fərq budur: Təslimiyyətli insan, öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın istəyi ilə etdiyini bilər. Digəri isə, hər etdiyini öz ağılı və gücü ilə etdiyini zənn edərək səhvə yol verər.

Bir xəstəliyi olduğunu öyrənən təslimiyyətli insan, bunun qədərində olduğunu bildiyi üçün hədsiz təvəkküllü davranar. “Allah bunu qədərimdə yaratdığına görə, mütləq böyük bir xeyr var” deyə düşünər. Amma “hər nə olsa qədərimdə sağalmaq varsa sağalaram” deyərək tədbir görmədən gözləməz. Əksinə, ola biləcək bütün tədbirləri görər. Həkimə gedər, qidalanmağına diqqət yetirər, dərman qəbul edər. Ancaq getdiyi həkimin, həkimin tətbiq etdiyi müalicənin, dərmanların, bunların öz üzərində nə qədər təsirli olacağının, sağalıb sağalmayacağının, qısası hər incəliyin qədərində olduğunu unutmaz. Bunların hamısının Allahın yaddaşında, daha özü dünyaya gəlmədən əvvəl hazır olaraq olduğunu bilər. Allah, Quranda, insanların yaşadıqları hər şeyin əvvəlcədən bir kitabda yazılı olduğunu belə bildirir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22-23)

Buna görə də qədərə iman edən bir insan başına gələn heç bir hadisədən ötəri kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə çox təvəkküllü, təslimiyyətli davranar və daim rahat olar. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəldən müəyyən olduğunu, bu səbəblə başlarına gələn çətinliklərə kədərlənməmələrini və özlərinə verilən nemətlərlə lovğalanmamalarını əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi müvəffəqiyyət və zənginliklər də Allahın təqdiri nəticəsində baş verir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün qədərlərində əvvəlcədən təyin etdiyi hadisələrdir.



Allah ayədə “Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq.” (Qəmər Surəsi, 49) deyə bildirir. Yalnız insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında təyin olunmuş bir qədəri vardır.

O halda, hər anı Allahın qatında yaşanmış, görülmüş və hələ də Allahın yaddaşında hazır olan bir həyat üçün narahat olmaq, qorxmaq, kədərlənmək böyük qəflətdir. Bu halda ağıl və vicdan sahibi bir insanın bu gerçəyi qavrayaraq, Allaha və Allahın yaratdığı qədərə könüldən təslim olması lazımdır. Əslində hər insan zatən Allaha təslim olmuş və boyun əymiş şəkildə yaradılmışdır. Çünki, istəsə də, istəməsə də Allahın özü üçün yaratdığı qədərə boyun əyərək yaşayır. Qədəri inkar edən insan da qədərində “qədəri inkar etmək” olduğu üçün inkarçıdır.

Mömin, Allahın yaratdığı qədərə təslim olmalı, bununla birlikdə qarşılaşdığı hadisələrdə əlindən gəldiyi qədər səbəblərə sarılmalı, ehtiyat tədbir görməli, hadisələri xeyirə istiqamətləndirmək üçün çalışmalı, amma bütün bunların qədər içində reallaşdığı və Allahın ən xeyirlisini əvvəldən təqdir etdiyinin şüuru və rahatlığı içində olmalıdır. Quranda bu rəftara nümunə olaraq Hz.Yaqubun oğullarının təhlükəsizliyi üçün aldığı ehtiyat tədbirdən danışılır. Hz.Yaqub, pis niyyətli insanların diqqətini çəkməmək üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi nəsihət etmiş, amma bunun Allahın təyin etdiyi qədərə əsla təsir etməyəcəyini də onlara xatırlatmışdır:

(Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusuf Surəsi, 67)

Allah, insanların nə edirlərsə etsinlər qədərlərini dəyişdirə bilməyəcəklərini bir ayəsində belə bildirir:

“Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!” (Ali-İmran Surəsi, 154)



Ayədə də görüldüyü kimi, bir insan ölməmək üçün xeyr və ibadət olan bir işdən qaçsa belə əgər ölüm yazılmışsa onsuzda öləcək. Hətta, ölümdən qaçmaq üçün istifadə etdiyi yollar və üsullar da qədərində müəyyəndir və hər insan qədərindəki hadisəni yaşayacaq. Allah, bu ayədə də insanlara qədərlərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və onların ürəklərini təmizləmək olduğunu ifadə edir.

Qəmər Surəsinin aşağıdakı ayələrində isə insanın hər etdiyinin sətir-sətir yazılı olduğu bildirilir, cənnət xalqının yaşadıqları isə yaşanmış hadisələr olaraq izah edilir. Daha əvvəl də ifadə edildiyi kimi, cənnətdəki gerçək həyat bizim üçün gələcəkdir. Ancaq, cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri bu anda Allahın hifzində var. Biz doğulmadan əvvəl də bütün insanlığın dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içində yaşanmışdır və Allahın hifzində mühafizə edilir:

Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!

Kiçik, böyük hər şey sətir sətir (yazılı)dır.

Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarındadırlar.

(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurundadırlar. (Qəmər Surəsi, 52-55)

Qeyd: bu və bundan sonrakı ayələr Qurani-Kərimin ərəbcə orijinalındakı zaman formasındadır. Burada Ali Bulaçın Qurani Kərimin Türkcə Məalından istifadə edilmişdir.



Allah qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcəyin olmadığını Quranda istifadə edilən üslubdan da anlaşılır. Görüldüyü kimi bizim üçün gələcək zamanda olacaq bəzi hadisələr, Quranda çoxdan olub bitmiş hadisələr kimi izah edilir. Çünki Allah keçmişi də gələcəyi də, bir an olaraq zatən yaratmışdır. Bu səbəblə gələcəkdə olacağı izah edilən bir hadisə onsuz da olub bitmişdir. Amma biz görmədiyimiz üçün onu gələcək zənn edirik. Məsələn, axirətdə insanların verəcəkləri hesabatın bildirildiyi ayələr, çoxdan olub bitmiş hadisə kimi izah edilir:

Sur üfürüldü, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öldü. Sonra bir daha ona üfürüldü, artıq onlar ayağa qalxmış vəziyyətdə müşahidə edirlər.

Yer öz Rəbbinin nuru ilə işıqlandı, kitab qoyuldu, peyğəmbərlər və şahidlər gətirildi, onlar arasında ədalətlə hökm verildi…

Kafirlər dəstə-dəstə Cəhənnəmə sürükləndilər…

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə sövq edildilər…

(Zumər Surəsi, 68-73)

Yuxarıdakı ayələrdə, ölümümüzdən sonra yaşanacaq hadisələr, yaşanmış və bitmiş hadisələr kimi izah edilir. Çünki Allah, bizim tabe olduğumuz nisbi zaman ölçüsünə tabe deyil. Allah bütün hadisələri zamansızlıqla təqdir etmiş, insanlar bunları etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. Kiçik böyük hər cür hadisənin, Allahın məlumatı daxilində həyata keçdiyi və bir kitabda yazıldığı ayədə xəbər verilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus Surəsi, 61)
(məqalə harun yahya)