Saleh Əməl



“Saleh” sözü gözəl, doğru, xeyirli mənalarını verir. “Əməl” sözünün isə azərbaycan dilindəki ən yaxın qarşılığı “iş”dir. Beləliklə, saleh əməl yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allahın (cc) razılığına və buyurduğu əxlaqa uyğun hər cür davranışı və hərəkəti ifadə edir.

İnsanı doğru yola salacaq və ona axirətdə böyük nemətlər qazandıracaq olan şey iman etməsilə bərabər o imana uyğun saleh əməllər işləməsidir. Çünki saleh əməl insanın yalnız Allahın (cc) razılığını qazanmaq üçün çalışmasının, səmimi iman etməsinin bir göstəricisidir. Allah (cc) Quranda belə buyurur.

İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar! (Ənkəbut surəsi, 2-3)

Saleh əməl insanın Allahın (cc) razılığını qazanmaq üçün dünyada göstərdiyi səydir. İslamın təbliğ edilməsi, Quran əxlaqının yaşanması üçün çalışılması, Quranın yaxşı dərk edilməsi üçün səy göstərilməsi, müsəlmanların hər cür sosial və şəxsi problemlərinin həlli kimi məsələlərin hamısı namaz, oruc, zəkat, həcc kimi ibadətlərlə bərabər həyata keçirilməli saleh əməllərdir. Göstərilən hər saleh davranış müsəlmanların səbrlərini, qətiyyətlərini, sədaqətlərini, qısaca desək, imandakı bəsirətlərini üzə çıxarır.



Lakin bir cəhətə diqqət etmək lazımdır: bir əməli saleh edən şey onun nəticəsi deyil, onun ardındakı “niyyət”dir. Buna görə də bir əməlin saleh olması ancaq və ancaq Allahın (cc) razılığını qazanmaq üçün edilməsinə bağlıdır. İnsan əgər bu məqsəddən uzaqlaşarsa, başqa insanların razılığını qazanmaq üçün çalışarsa, bunun Qurandakı tərifi “şirk”dir və şirk böyük bir günahdır.

Ona görə də Allahın rizası üçün yaşayan mömin üçün əsas olan şey görülən saleh bir işin nəticələnib-nəticələnməməsi deyil. Məsələn, bir insan Allah rizası üçün bir məsələdən ötrü uzun müddət çalışa bilər, amma nəticə gözlədiyi kimi olmaz. Burada əsas odur ki, iş Allah (cc) rizası üçün görülsün. Ayədəki “…Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi, 216) hökmünə əsasən istənilən nəticənin xeyirli olub-olmadığını bilən ancaq Allah (cc)dır.

İnsanın Allah (cc) üçün saleh əməllər etməsi onun Allaha (cc) olan yaxınlığını və axirətdəki dərəcəsini artırır. İnsanın imanı bu əməllə birlikdə sağlamlaşır. Allah (cc) bir ayəsində belə buyurur:

Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar. (Fatir surəsi, 10)
(məqalə harun yahya)