2 sonuçtan 1 ile 2 arası

Qızıl balıq

  1. #1
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Qızıl balıq

    Atasının günü-gündən arıqlaması, əldən düşməsi onu çox narahat edirdi. Gözünün ağı-qarası olan atasını itirməkdən qorxurdu. Yaşlı adam onun yalnız atası deyildi, onlar həm də yaxın dost və sirdaş idilər. Həmişə bir-birilərinə dayaq olmuşdular, yaxşı-pis günlərini birlikdə keçirmişdilər. Anası vəfat etdikdən sonra yaşlı atasına o baxırdı. Evlənməyi ağlından belə keçirmirdi. Qorxurdu ki, evlənəcəyi qadın atasına xidmət etməsin, onun qulluğunda dayanmasın və atası da bundan məyus olsun.

    Dənizin ortasında balaca, ancaq çox gözəl və mənzərəli bir adada yaşayırdılar. Hər şeyləri var idi: dalğaların gətirdiyi odun qırıntılarını yandıraraq isinir, dənizdən tutduqları balığı bişirib yeyir, balaca daxmalarının həyətində saxladıqları toyuqların yumurtaları, qoyunların südü ilə dolanırdılar. Ona görə də süfrələrindən heç vaxt süd, balıq, ət, yumurta, yağ əskik olmurdu. Adadakı bütün ağaclar, güllər, çiçəklər, təpələr onların bağları idi. Birlikdə çox xoşbəxt həyat keçirirdilər.

    Atasının vəziyyəti yaxşı olanda bağçanın işləri ilə məşğul olurdu. Meyvə, tərəvəz yetişdirirdi. Yemək bişirmək, paltar yumaq kimi işlərlə isə anası öləndən bəri o özü məşğul olurdu. Bir də ki, balığı o özü tuturdu, atası yaşlandığı üçün onu dənizə buraxmırdı. Çoxdan bəri istifadə etdikləri kürəkli qayıq artıq çürüdüyü üçün ümidləri köhnə bir tilova qalmışdı. Atasının ən çox xoşladığı balıq qızıl balıq idi. Ona görə də tilova qızıl balıq düşəndə evdə bayram olurdu. Baxmayaraq ki, atası mədəsinin qulu deyildi, ancaq yenə də süfrədə qızıl balıq olanda sevincini saxlaya bilmirdi, “Bu balıq cənnətdən gəlib”, - deyirdi...

    Xəstəliyi artdıqca yeməkdən iştahası da kəsilirdi. İki qaşıq şorbanı çox çətinliklə içirdi. Günlərin birində yaşlı adam ağzından bir söz qaçırdı: qızıl balıq. Oğul bu sözü eşidən kimi hövlnak ayağa qalxdı. Atası bu balığı yesə, az da olsa sağalar, özünü yaxşı hiss edər deyə düşündü. Əlini tilova atdı və dənizə üz tutdu...

    Sabahdan bəri tilova heç nə düşməmişdi. Axşam yaxınlaşdıqca evə əliboş qayıtmaq qorxusu onu titrətməyə başlamışdı. Axı atası bu qoca vaxtında ondan bir balıq istəmişdi! Bu arzunu yerinə yetirməsəydi, özünə bağışlamayacaqdı. “Ya Rəbb”, - deyə əllərini göyə açdı: “İndiyə qədər atamın bütün istəklərini yerinə yetirdim. O, indi məndən balıq istəyir. Mən dənizə hökm edə bilmərəm. Atamın istədiyi şey, əlbəttə ki, sənin xəzinəndə var”.

    Dənizdə ani bir yırğalanma oldu. Dalğaların ləpələndikcə qağayılar dənizə baş vurmağa başladılar. Bu, sahilə doğru balıq axınının olduğuna işarə idi. Oğul xeyli ürəkləndi. Gözünü tilovdan çəkmirdi. Ancaq tilov tərpənmirdi...

    Günəş batdı, oğul kor-peşman geri qayıtdı. Daxmaya yaxınlaşmağa az qalmış otların üzərində nəyinsə tərpəndiyini hiss etdi. Əyildi. Yerdə kiçik bir qızıl balıq var idi. Yəqin ki, dünyada ən çox sevindiyi an bu idi. Duaları qəbul olmuşdu. Dodaqlarından şükür tökülürdü. Gözlərini yuxarı dikdi. Balıq səmadakı qağayıların ağzından düşmüşdü. Göz yaşlarını saxlaya bilmirdi...

    Qızıl balığı evə gətirdi. Atası yuxudan yenicə oyanmışdı: “Oğlum, yuxuda yenə ananı gördüm. Həmişəki kimi, bu dəfə də Cənnətdə idi. Mənim üçün yemək bişirirdi”. Oğul əlindəki balığı müqəddəs əmanət kimi tavaya qoyarkən: “Anamın seçdiyi yemək qızıl balıq idi hər halda. Onu qızartmaq üçün mənə göndərdi”, - pıçıldadı.

  2. #2
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502
    Çox sağol yazı üçün. Çox ela yazıdı.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.