Sayfa 16/16 İlkİlk ... 6141516
158 sonuçtan 151 ile 158 arası

Son xeberler

  1. #151
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    "Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı"

    ABŞ dövlət katibi köməkçisinin müavini Metyu Brazanın "Hesabat Mirşahinlə" verilişinə eksklüziv müsahibəsi

    - Cənab Brayza, hər dəfə biz görüşürük və hər dəfə də mən Sizdən "Təzə nə xəbər var?" deyə soruşuram. Ona görə də sizə yenə həmin o köhnə sulaı vermək lazım gəlir. Bu səfərdən sonra yeni nə var?

    - Əvvəla il yenidir. Və mən sizə, sənə, hamıya hər şeyin ən yaxşılarını arzulayıram. Sakitlik, sözün bütün mənalarında zənginlik arzulayıram. O ki qaldı bizim prosedurlara, tərəflərə arzu edirəm ki, bizim baza prinsiplərinin razılaşdırılmasını başa çatdırsınlar. Bu prosesdə isə təzə olan odur ki, prezidentlər bizimlə, həmsədrlərlə Madriddə onlara təqdim etdiyimiz kağız barədə fikir mübadiləsi aparırlar və bu danışıqların ruhu tamamilə konstruktivdir. Bu o demək deyil ki, prezidentlər butun məsələləri həll ediblər, Qalanları da var. Amma onlar hər ikisi həmin istiqamətdə hərəkət edirlər və bu yaxşıdır.

    -Biz harda qalmışıq. Daha doğrusu biz hansı mərhələdə qalmışıq?

    - Yəni hansı…

    - Bəli…Diplomatiyanın rəva bildiyi dərəcədə?!

    -Olmaz. Danışıqların təfərrüatları barədə danışmaq o qədər də yaxşı alınmazdı. Ona görə ki, bu prezidentlərin işidir. Ancaq onu deyə bilərəm ki, prezidentlər ümumiyyətlə qaçqınların qayıtmaq hüququ, Qarabağla Ermənistan arasında müəyyən dərəcədə əlaqələrin olması, qoşunların çıxarılması və s. ilə razıdırlar. Bu barədə prinsipcə ümumi konsepsiya var. Amma hər şey bütünlüklə razılaşdırılanadək heç kim heç nə ilə razılaşmayacaq. Bu isə o deməkdir ki, nəyin razılaşdırılıb nəyin razılaşdırılmadığını söyləmək çox çətindir.

    -Yəni nə qədər ki, bir müddəa razılaşdırılmamış qalır, deməli heç nə razılaşdırılmayıb.

    -Bəli, mən belə demək istəyirdim.

    -Mən bu günlərdə Dağlıq Qarabağın rəhbəri Bako Saakyanın çıxışının stenoqraması ilə tanış oldum. Mətbuat konfransındakı çıxışının. Bu çıxışında o deyir ki, Dağlıq Qarabağ öz təhlükəsizliyi, müstəqlilliyi hesabına güzəştə getməyəcək. Buna qədər biz Robert Koçaryanın mövqeyini bir neçə dəfə eşitmişik. O da bəyan edir ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində yerləşə bilməz. Azərbaycan prezidenti də elə bu günlərdə, yeri gəlmişkən cəhəboyu bölgələrdə, özü də çox sərt bir şəkildə Azərbaycanın ərazi bütövlüyünün qorunacağı ilə bağlı çıxış etdi və hətta dedi ki, istənilən yolla öz torpaqlarımızı azad edəcəyik. Mən nə Ermənistan tərəfdən, nə Azərbaycanın tərkib hissəsi olan Qarabağ tərəfindən, nə də Bakı tərəfdən heç bir güzəşt, heç bir kompromiss hiss etmirəm, görmürəm. Buna baxmayaraq siz deyirsiniz ki, güzəşt olacaq, güzəştsiz keçinmək olmayacaq və sair. Əgər dediyim fundamental məsələlərdə heç bir kompromiss yoxdursa, onda icazə verin soruşum: kompromiss hardadır?

  2. #152
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    "Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı"

    Çox maraqlı və dərin sualdır. Bu Dağlıq Qarabağın statusu barəsindəki məsələdir. Bu bir məqamdır. Və çox əhəmiyyətlidir. Amma başqa məsələlər də var. Deyə bilərəm ki, söhbət o məqamlar və sahələrdən də gedir. Söhbət status məsələsindən gedirsə, onu həll eitmək çox çətindir. Amma bizim işimiz budur. Bizim tapşırıq budur. Danışıqlar nəticəsində kompromissə nail olmaq. Ona görə də Qarabağın çox ciddi olan status məsələsinə gəlincə, bizim işimiz davam edir və mən indi qabaqcadan deyə bilmərəm ki, bu məsələnin həlli necə olacaq. Yalnız onu deyə bilərəm ki, tərəflərin mövqeyi müəyyən dərəcədə bir-birindən fərqlənir. İşləyirik…

    -Adətən bu sualı diplomatlara vermirlər. Amma mən sizi özümə dost hesab edirəm, özümü də sizin dostunuz sayıram. Ona görə də bu sualı vermək lazım gəlir. Şəxsən mən sizə inanıram. Mən bunu Fasye və ya Merzlyakov barədə deyə bilmərəm. Amma şəxsən Metyu Brayzəyə inanıram. Soruşmaq istərdim. Necə düşünürsünüz, bax danışıqlar aparırsınız, söhbət edirsiniz, suallar verirsiniz, təkliflər irəli sürürsünüz, Onlar sizə inanırlar?

    -Bu sualı onlara vermək lazımdır.

    -Bəs siz necə hiss edirsiniz. Onların yanında olursunuz..

    -Mən hiss edirəm. Hiss edirəm. Bəlkə də özün barədə belə danışmaq o qədər yaxşı deyil. Amma bir halda ki, sən soruşursan… Mən düzünü deyirəm. Mən hiss edirəm ki, onlar da inanırlar. Mənim dostlarıma da, Fasye və Merzlyakova da o cümlədən. Bunu da hiss edirəm.

    -Bəs Siz onlara nə deyirsiniz?

    - Kimə? Prezidentlərə?

    -Konkret adlandırmayaq. Tərəflərə. Bir insan kimi maraqlıdır mənə. Siz vasitəçisiniz. Belə demək olarsa, onlarda bizim adamımız. Yəqin onlar da Sizi bizdə öz adamları hesab edirlər…Elə Fasyeni də, Merzlyakovu da. Yəni vasitəçilər bu saat yeganə şeydir ki, iki xalqı birləşdirir, həm erməniləri, həm də azərbaycanlıları. Bax siz nə deyirsiniz onlara? Tutaq ki, mən öz müstəqilliyim baxımından güzəştə getmirəm. Ondan imtina etmək istəmirəm. Tutalım mən Bako Saakyanam və Sizə deyirəm ki, bu heç vaxt olmayajaq. Bir daha Azərbaycanın tərkibinə qayıtmayacağıq. Bunun əksini necə inandırırsınız və ya inandırırsınızmı ümumiyyətlə?

    -Məsələ çox mürəkkəbdir. Əgər tərəflər müstəqillik, ərazi bütövlüyü kimi konsepsiyalarla razılaşmırlarsa, biz təslim ola bilmərik. Biz onlarla danışmalı, onlara qulaq asmalı, elə bir ifadə tərzi tapmalı, istifadə etməliyik ki, onu eşidən tərəflərdən hər biri deyə bilsin ki, yaxşı. Mən istədiyimi aldım. Amma mən istədiyimin hamısını almadım və mən güzəştə gedə bilərəm. Bu qarşımıza qoyulan tapşırıqdır. Amma elə hallar da olur ki, bu tamamilə mümkün olmur. Olur. Olur. Mən ümid edirəm ki, indi belə olmayacaq. Ancaq mümkündür. Mümkündür. Deyə bilərəm ki, mən hiss edirəm, bizim etdiklərimizdə həmişə inkişaf var. Sən soruşdun, indi biz necə ünsiyyətdə oluruq. Bildiyin kimi, biz Madriddə tərəflərə yeni sənəd təqdim etdik. Prezidentlərdən hər biri həyəcanlı idi, onlar bizi dinlədilər, dedik ki, bu frazanı niyə yazmışıq, bu tryuk deyil, və ya bunu o biri prezidentin xahişi ilə salmamışıq. Bununla da prosesdə özünə etimad yaradırsan. Ümid edirəm ki, nəhayət prezidentlər arasında da belə etimad olacaq. Ancaq bu ola bilər ki, prosesdə meydana çıxan sonuncu şey olsun. Ən ağrılı məsələləri etibar olmadan həll etmək olmaz.. Amma bu etibar cənab Fasye, cənab Merzlyakov və cənab Brayzənin prezidentlər bir-birinə etibar etməlidir deməsi ilə yaranmaz. Yox. Biz bu prosesdən istifadə etməliyik ki, prezidentlər arasında belə bir etibar yaransın. İşin mahiyyəti budur.

  3. #153
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı"

    Daha bir sual, zəhmət olmazsa. Öz aranızda necə davranırsınız? Siz üç həmsədr arasında qarşılıqlı etibar var? Necə işləyirsiniz?

    -Var. Çox var. Xatırlayıram ki, bu iki ölkədən birinin xarici işlər naziri mənə dedi ki, siz üçünüz bir yerdə necə gözəl əməkdaşlıq edirsiniz. Təəssüf ki, bu başqa sahələrdə və başqa münaqişələrdə mümkün deyil. Qarabağ munaqişəsinə gəlincə isə həmsədrlər gözəl əməkdaşlıq edirlər. Bu həqiqətdir. O nazir doğru deyirdi.

    -Bəlkə elə buna görə məsələ həll olunmur. Sizə bir yerdə işləmək elə xoşdur ki, bu problemin həlli bu qədər uzanır?!

    -Yox, söhbət xoş olmaqdan getmir, Yaxşı olan odur ki, biz bir-birimizi belə yaxşı başa düşürük. Bir-birimizə sonadək etibar edirik. Bu o deməkdir ki, biz çox effektiv olaraq prezidentlərin fikirlərini eşidə, sonra isə öz sənədimizə əlavə edə bilərik. Bu çox mühümdür.

    -Orda nə bəyanat vermisiniz belə? Bütün respublikanı həyəcanlandırmısınız? Türkiyə-Ermənistan sərhədləri, sonra Bir millət iki dövlət barədə…İstərdim ki, bu məsələyə bir aydınlıq gətirəsiniz…

    -Tez-tez belə olur. Hesab edirəm ki, hansısa jurnalist çox pis bir iş görüb.

    -Bu ikinci dəfədir.

    -Belə şeylər olur. Bu normal bir şeydir.

    -Bizim növbəti dəfə belə bir şansımız var.

    -Yaxşı…Sual belə idi: Ermənistan-Türkiyə münasibətlərinin Qarabağ münaqişəsinin həllini gözləmədən yaxşılaşması mümkündürmü? Mən dedim ki, mən ümid edirəm. Bizim siyasətimiz belədir ki, bütün bu sərhədlər açılsın və istərdik ki, Türkiyə öz münasibətlərini Ermənistanla normallaşdırsın, amma bunu da başa düşürük ki, bu necə mürəkkəb bir məsələdir. Dedim ki, əlavə edirəm ki, Türkiyədə belə bir siyasət var: bir millət iki dövlət. Bu fakt. Bu sadəcə faktdır. Mən tənqid etməmişəm. Mən dəstəkləməmişəm. Sadəcə olaraq onu demişəm ki, bu faktdır. Bu faktla hesablaşmaq lazımdır. Sadəcə olaraq demişəm, nə Türkiyədən, nə də Türkiyə hökumətindən öz siyasətini dəyişməyi xahiş etmişəm. Mən sadəcə olaraq öz siyasətimizi açıqlamışam. Demişəm ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşsın. Demişəm ki, öz işimi effektiv görürəmsə, mən bu yaxşılaşmada müəyyən rol oynaya bilərəm. Ancaq və ancaq bunu demişəm.

    -Bəs Türkiyə-Ermənistan sərhədləri barədə nə demisiniz. Guya demisiniz ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənib-tənzimlənməməsindən asılı olmayaraq Türkiyə Ermənistanla münasibətlərini yaxşılaşdırmalıdır. Belə bir şey olub?

    -Mən demişəm ki, biz istərdik. Biz istərdik. Amma bu bizim qərarımız deyil. Bu Türkiyə, ya da Azərbaycan hökumətlərinin qərarıdır. Eyni vaxtda biz istəyə bilərik ki, bu belə olsun. O biri məsələyə-Qarabağa gəlincə, əgər biz birlikdə Qarabağ münaqişəsini həll etsək Türkiyə-Ermənistan münasibətləri də yaxşılaşacaq. Biz hələlik eyni vaxtda hər iki işi görürük. Həm burada, həm də orada.


    -Siz ön xətdə oldunuz. Qoşunların təmas xəttində. Monitorinqin keçirildiyi yerdə. Bu Sizdə hansı təəssüratlar buraxdı? Qorxdunuz? Qorxmadınız? Sizi necə qoruyurdular?

    -Qorxmurdum. Digər tərəfdən isə mən başa düşdüm. Başqa cür başa düşdüm. İndiyə qədərkindən fərqli olaraq başqa cür başa düşdüm ki, vəziyyət cəbhə xəttində nə qədər ciddidir. Mən münaqişənin fəsadlarını hiss etdim, onun sadə adamlarda oyatdığı effekti hiss etdim. Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı. Mən azərbaycanlı deyiləm. Amma mənə bu bir insan kimi necə ağrılı gəldi. Mən başa düşürəm niyə bu münaqişə bütün azərbaycanlıları ağrıdır? Adam orada olanda başa düşür ki, gərginliyin səviyyəsi çox yuksəkdir və biz hər şeyi etməliyik ki, müharibə bir də heç vaxt olmasın və bu məsələ ədalətli həllini tapsın. Bu ədalətsizdir ki, insanlar öz şəhərində öz evlərində yaşaya bilmirlər. Çox ədalətsizdir. Bir tərəfdən münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək mümkündür. O biri tərəfdən isə güzəştə getmədən kompromiss əldə etmək olmaz, mümkün deyil.

  4. #154
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    "Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı"

    Ağdam necə idi? Mən 1993-cü ildən sonra orada bir dəfə də olmamışam. 15 il əvvəl orada olmuşam. Ağdamda Siz nə gördünüz?

    -Prezident dediyi kimi. Bu şəhər xarabası idi. Bildiyimiz kimi. Ən böyük təəssüratım isə gördüklərim olmadı. Görmədiklərim oldu. İnsanlar, normal evlər, həyat yoxdur orda ümumiyyətlə indi. Bu çox böyük təəssürat yaradır. Bu mənə müharibədən sonrakı Varşavanı xatırlatdı. Mən mənşəcə polyakam. Bunu çox ciddi duydum. Deyə bilərəm ki, onda mən bu münaqişənin insani fəsadları ilə ruh etibarilə birləşdim. İndiyədək heç vaxt olmadığı qədər. Baxmayaraq ki, tarixi bilirəm. Mən tarixi kifayət qədər yaxşı bilirəm. Mən bu ölkə ilə çoxdan tanışam. 11 ildir. Amma sən özün orda olanda bütün bunları bir insan kimi hiss edirsən.

    -Orda sizə deyirdilərmi, ora getmə, bura getmə, bura minalanıb…

    -Hə, əlbəttə.

    -Ona görə soruşuram. Təhlükəsizlik baxımından özünüzü necə hiss edirdiniz? Sizi orada xüsusi adamlar qoruyurdumu?

    -Hə, hə, bizim orda xüsusi geyimimiz var idi. (ingiliscə adını deyir). Monitorinqin öz prosedur qaydaları var. Ona görə ki, ora çox təhlükəli zonadır. Heç kəs bilmir ki, nə olacaq? Əgər monitorinq zamanı tərəflər arasında normal rabitə varsa, risk azalır. Amma əlbəttə risk həmişə var. Bu mənim işimdir.

    -Axırıncı suallarımdır. Necə düşünürsünüz , cənab Brayzə, daha nə qədər belə səfərlər olmalıdır ki, günlərin bir günü münaqişənin həlli ilə bağlı biz konkret qərar və ya heç olmazsa bir xoş xəbər alacağıq?

    -Nə qədər lazımdırsa o qədər. Bəli nə qədər lazımdırsa. Mən hətta cənab Kaspşik kimi həmişəlik bu bölgədə yaşayardım ki, bütün mümkün olanları edim. Amma bu biz vasitəçilərdən asılı deyil. Liderlərdən, hər iki ölkənin rəhbərlərindən asılıdır. Biz hər şeyi Ermənistanda prezident seçkilərinədək etməliyik, amma hesab edirəm ki, Ermənistanın növbəti prezidenti ilə də işləmək lazım gələcək. Baxarıq. Görək hansı əhval-ruhiyyə olacaq? Biz bu il, son iki ildə çox iş görmüşük. Çox iş. Hamı bilmək istəyir ki, sıçrayış nə vaxt olacaq?! Sıçrayış isə bir dəfə baş verir. Ona qədər isə zəmin hazırlamaq lazımdır. Biz bunu edirik. Mən istəməzdim ki, gözləntilər belə yüksək olsun. Adamlar düşünsünlər ki, yaxşı, sıçrayış çox uzaqda deyil. Ola bilər…

    -Bəs siz düşünmürsünüz ki, Ermənistanda seçkilərdən sonra dövlət başçısı olacaq şəxs hər şeyi təzədən, ağ səhifədən başlaya bilər?

    -Düşünmürəm. Mən bilmirəm nə olacaq. Hətta onu da bilmirəm ki, kim seçiləcək. Bir neçə namizəd var. Hesab edirəm ki, liderlik edən namizədlər bizim təkliflərimizin konsepsiyasını dəstəkləyirlər. Onlar bunu dəstəkləyirlər. Düşünürəm ki, onlar da bilirlər ki, indiyədək əldə olunanları itirmək olmaz. Amma tələsmək lazımdır. Vaxt heç bir ölkənin xeyrinə işləmir.

  5. #155
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    "Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı"

    Növbəti addımlar nədən ibarət olacaq? Prezidentlə görüşdünüz. O nəticələrdən razı qaldımı?

    -Bəli. Müsahibənin əvvəlində dediyim kimi. Biz fikir mübadiləsi apardıq. Hər iki prezidentin yanaşmasını, onların narahat edən məsələləri və ideyaları dinlədik. İndi biz bir az fikirləşməli, təhlil etməli, bir-birimizlə, yəni həmsədrlər arasında danışmalı, bu sənədin yeni versiyasını hazırlamalı, sonra onu yenidən hörmətli prezidentlərə göstərməli və bu prosesi davam etdirməliyik.

    -Bizim prezidentimizlə görüşdünüz. Demək olarmı siz ona hansısa təzə bir xəbər verdiniz.

    -Bu sıçrayış xəbər deyil. Bu yenilik odur ki, Ermənistan prezidentinin öz yanaşması var. Və biz ona-Koçaryana Azərbaycanın prezidenti hörmətli İlham Əliyevin baxışlarını çatdırdıq. Sonra cavab oldu. Koçaryanın dediklərini İlham Əliyevə çatdırdıq.

    -Növbəti dəfə Azərbaycana nə vaxt gələcəksiniz?

    -Əvvəla mən ümumiyyətlə getmək istəmirəm. Çox istərdim ki, indi bir az qalım. Düşünürəm ki, bu prezidentlərin münasibətinin gedişindən asılıdır. Yəqin ki, bu Ermənistanda seçkilərdən sonra olacaq. Baxarıq. Əgər həmsədrlər kimi təhlil aparıb pozitiv nəticəyə gəlsək, onda gözlənildiyindən tez qayıdarıq. Amma mənə elə gəlir ki, bu yazda olacaq. Ola bilər ki, yazın əvvəlində, martda. Bəlkə apreldə. Mən daha tez gəlmək istərdim.

    -Yaxşı yol sizə. Uğurlar. Evdə salam deyin. Gözləyirik. Sizi də və çoxdan gözlədiyimiz xəbəri də. Bəlkə nə vaxtsa sizin dediyiniz kimi sıçrayış olacaq. Ondan sonra sizinlə bir yerdə oturub başqa mövzularda danışardıq, futboldan, çiçəklərdən, başqa-başqa şeylərdən.

    -Belə olacaq. Belə olacaq. Mən buna şübhə etmirəm. /ANSPRESS/

  6. #156
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    “Popstar Alaturka” yarışmasında iki azərbaycanlı da iştirak edib

    Bunlar “Azəristar” yarışmasında 3-cü yerin sahibi Ülviyyə Tağıyeva və 5-ci yerin sahibi Aygün olub

    Dünən Türkiyənin “Popstar Alaturka” yarışmasında iki azərbaycanlı da iştirak edib. Bunlar “Azəristar” yarışmasında 3-cü yerin sahibi Ülviyyə Tağıyeva və 5-ci yerin sahibi Aygündür. Aygün Orhan Gencebay, Ebru Gündeş, Bülent Ersoy və televiziya işçisi Armağan Çağlayandan ibarət münsiflər heyətinin və tamaşaçıların qarşısına ilk olaraq “Berivan” mahnısı ilə çıxıb. ANSPRESS-in məlumatına görə, bütün iştirakçılarda olduğu kimi Aygünə də özünü təqdim etmək üçün 30 saniyə vaxt verilib. Bu zaman Aygün 20 Yanvar tarixinin Azərbaycanda matəm olduğunu bildirib. “Bu gün Azərbaycanda matəm günüdür, amma mən burda səhnəyə çıxmışam. Və bu gün burda sizlərlə səhnəni paylaşdığıma görə çox sevinirəm”. Münsiflər heyəti matəmin nə ilə əlaqədar olduğunu soruşduqda isə Aygün belə cavab verib: “Erməni soykırımı, falan”.

    Münsiflər heyəti Aygünün mahnını məşq zamanı daha yaxşı ifa etdiyini bildiriblər. Armağan isə Aygünə ayaqqabılarının ayağına kiçik olması ilə bağlı irad tutub.

    Daha sonra isə səhnəyə Ülviyyə çıxıb. Armağan Çağlayan ona Sibelcanı təqlid etdiyini və kök olduğunu bildirib. Buna baxmayaraq, münsiflər heyəti onun ifasını bəyəniblər. /ANS PRESS/

  7. #157
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Bu gün xalq artisti Şəfiqə Axundovanın ad günüdür

    Şərqdə ilk opera yazan qadın bəstəkarın 84 yaşı tamam olur
    Bu gün şərqdə ilk opera yazan bəstəkar qadın, xalq artisti, «Şöhrət» ordenli Şəfiqə Axundovanın ad günüdür. Bəstəkarın 84 yaşı tamam olur.
    O, 1924-cü ildə Şəkidə anadan olub. Şəfiqə Axundova dahi bəstəkar Üzeyir Hacıbəyovun tələbələrindədir. O, ilk musiqi təhsilini Asəf Zeynallı adına Bakı musiqi məktəbində tar sinfi üzrə alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun rəhbərliyi altında xalq musiqisinin əsaslarını mükəmməl öyrənir və məhz onun xeyir duası ilə sənətdə ilk uğurlu addımlarını ataraq mahnılarını yazıb.«Neyçin gəlməz», «Nədən oldu», «Nə sən mənsiz, nə mən sənsiz» kimi mahnılarla dinləyici qəlbinə yol tapıb. Bununla kifayətlənməyən Şəfiqə Axundova mürəkkəb və çətin bir janra əl ataraq uğurla qələmini sınayır, şərqdə ilk opera yazan qadın kimi adını tarixə yazdırıb. 1971-ci ildə «Gəlin qayası» operası ilə müsiqi aləmini valeh edir. Hazırda 500-dən artıq bəstəsi olan sənətkar xanım hələ də yazıb yaradır. /ANS TV/

  8. #158
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    “Xəzər-Lənkəran” futbol turnirində növbəti qələbəsini qazanıb

    Bu gün yarışın 3-cü turu çərçivəsində “Xəzər-Lənkəran” “Aktobe” ilə qarşılaşacaq
    Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan 16-cı “Birlik kuboku”nun oyunları keçirilib. B qrupunda yer alan “Xəzər-Lənkəran” 2-ci oyununda Tacikistan təmsilçisi “Reqar-Tadaz” kollektivini 2-1 hesabı ilə məğlub edib. Baxmayarq ki, hesabı taciklər açıblar. Ancaq 2-ci hissədə təşəbbüsü ələ almış Ağasəlim Mircavadovun yetirmələri yeni transfer Nadir Nəbiyevin dublu sayəsində matçdan qalib ayrılıblar.

    Qrupun digər görüşündə Litva çempionu “Kaunas”, Qazaxıstanın “Aktobe” klubuna 4-2 hesabı ilə qalib gəlib. 2 turdan sonra maksimum nəticə göstərmiş “Xəzər-Lənkəran” turnir cədvəlinə inamla başçılıq edir. “Kaunas” və “Aktobe” hərəyə 3 xal toplayıb. Bu gün yarışın 3-cü turu çərçivəsində “Xəzər-Lənkəran” “Aktobe” ilə qarşılaşacaq. Qrupu birinci yerdə başa vurmaq üçün komandamıza bu oyunda heç-heçə də qane edir. /ANS TV/

Sayfa 16/16 İlkİlk ... 6141516

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.