İnsana Sahib Olduğu Bütün Gözəllikləri Bəxş Edən Allahdır

Allah hər insana yoxdan bir can vermiş və dünyanı onun üçün ən gözəl və ən uyğun şəkildə yaratmışdır. Məsələn, dünyanın hər yerində insanlar rahatlıqla nəfəs alıb-verə bilirlər. Allah, rəhməti ilə atmosferdəki qazların nisbətini insanlar üçün ən uyğun nisbətdə təsbit etmiş və yaratmışdır. Bir çox insan havasız otaqda nə qədər çətin nəfəs alıb-verildiyini bilir. Havasızlıq artdıqca insanın keçirdiyi sıxıntı hissi də artır. Biz güclə nəfəs alıb-verə biləcək dünyada da yaşaya bilərdik. Ancaq tənəffüs etdiyimiz hava Allahın rəhməti və diləyi sayəsində heç vaxt bizə sıxıntı vermir, əksinə, bizi rahatlaşdırır, xoşumuza gəlir.

Allah, yer üzünün hər yerində növbənöv meyvələr, tərəvəzlər və bitkilər yaratmışdır. Əgər Allah istəsəydi, dünyada bir növ qida olardı və bu qidanın dadı da bizə heç ləzzət verməyə bilərdi. Biz sadəcə olaraq yaşamaq üçün bu qidanı yemək məcburiyyətində qala bilərdik. Bu qidadan başqa da torpaqdan bir şey istehsal etmə imkanımız olmazdı. Ancaq Allah, sonsuz mərhəməti və şəfqəti ilə, insanlar üçün növbənöv meyvə və tərəvəzlər yaratmışdır.

Üstəlik bunların hər birinin dadı bir-birindən fərqli və gözəldir. İnsan yaşamaq üçün yemək yemək məcburiyyətindədir, amma Allahın rəhməti sayəsində, bir yandan da bütün bunların ləzzətindən böyük zövq alır.

Allahın yaratdığı heyvanlar da insanlar üçün müxtəlif gözəlliklərlə yaradılmışdır. Məsələn, at, dəvə, it kimi itaətkar heyvanlar insanlara yardım edirlərsə, quş, pişik kimi ev heyvanları da özlərini sevdirən xoş xüsusiyyətlərə malikdirlər.

Tənəffüs etdiyimiz havadan yer üzünə enən yağışa, torpaqda yetişən məhsullardan yeraltı sərvətlərə, xoşumuza gələn heyvanlardan əsas həyat qaynağı olan suya qədər təbiətdəki hər şey ən kiçik səy belə göstərilməsinə ehtiyac duyulmadan bizə çatır. İnsanın yaşaması və ömrünü davam etdirə bilməsi üçün kainatda son dərəcə təfərrüatlı proseslər baş verir, son dərəcə həssas nisbətlər anbəan qorunur.

İnsandan başqa bütün canlılar sahib olduqları xüsusiyyətlərin fərqinə vara bilmirlər. Bir dovşan nə qədər sevimli olduğunun fərqində olmadan yaşayır. Kəpənək qanadlarındakı simmetriyanın, naxışların və harmoniyanın şüurunda deyil. Sahib olduğu rənglər, naxışlar və simmetriya tovuz quşunu olduqca cazibədar edir. Amma o nə üçün var olduğunu belə bilməyən və gözəllikləri dərketmə qabiliyyəti olmayan canlıdır. Quyruğundakı rənglər və naxışlarla dünyanın ən gözəl mənzərələrindən birini nümayiş etdirən bu varlıq insanların Allaha şükr etmələri və Allahın yaradıcı gücünü görə bilmələri üçün yaradılmış nemətlərdən yalnız biridir.

Allah bütün bu canlılardakı gözəl görünüşləri insanlara nemət olaraq verir. Bu səbəblə insanın canlılardakı estetikanı, simmetriyanı və rəngləri görüb Allahın gücünü lazımınca qiymətləndirə bilməsi və bütün bu gözəlliklərin yaradıcısı olan Rəbbimizə ən gözəl şəkildə şükr etməsi vacibdir.

Allahın yer üzündə yaratdığı gözəlliklər o qədər çoxdur ki, saymaqla bitməz. Məsələn, qızılgülün görünüşündə qüsursuz estetika var. Yarpaqları son dərəcə səliqəli və simmetrik düzülüşə malikdir. Yarpaqların üstü isə çox keyfiyyətli parça olan məxmər yumşaqlığındadır. Təbiətin ən gözəl və ən canlı rənglərindən meydana gəlmişdir. Palçıqlı və qapqara torpaqda bitməsinə baxmayaraq rənqlərində bulanıqlığa, ya da kirə rast gəlinməz. Ətri isə dünyanın ən inkişaf etmiş texnologiyaları istifadə edilsə belə bənzəri əldə edilə bilməyəcək xüsusiyyətlərə malikdir. Ən keyfiyyətli ətrin belə müəyyən müddətdən sonra qoxusu ağırlaşdığı halda, qızılgül daima təzə qalan, insana zövq verən möhtəşəm ətir verir. Ancaq gül də bu xüsusiyyətlərinin heç birinin fərqində deyildir. Bütün bu xüsusiyyətləri ilə gül insan üçün böyük nemət olaraq yaradılmışdır.

Yer üzündəki hər gözəllik həm Rəbbimizin neməti, həm də Onun sonsuz gözəlliyinin bir bənzəridir. Buna görə vicdan sahibi olan və düşünən hər insan bütün bu gözəlliklərin əsl sahibi olan Allaha böyük sevgi ilə bağlanır. Allah bütün yaratdıqlarında insanlar üçün düşünüb öyüd alacaq dəlillər olduğunu bildirir:

«Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır!» («Nəhl» surəsi, 13).

Bura qədər saydıqlarımız insanlara verilmiş nemətlərin çox az bir qismidir. Bunlarla bərabər, həyatımızın davam etməsi üçün saysız amillərin bir yerdə olması lazımdır. Əslində yuxarıda verilən nümunələrdən birini belə düşünmək Allahın insanlara olan mərhəmətini anlamağımız üçün kifayətdir. Allahın lütfü ilə ağla, mühakimə etmə qabiliyyətinə malik olan insanın bu qabiliyyətlərini Allahı tanımaq və bilavasitə onu çox sevmək üçün istifadə etməsi lazım gəlir. Çünki vicdanını dinləyərək ətrafında olan mükəmməl nizamı dərk edə bilən insanlar üçün bütün kainat Allaha olan sevgilərini artıran səbəblərlə doludur. Bunları hərtərəfli düşünən bir insan təbii olaraq Allahı lazımınca dəyərləndirib sevə bilər.

Həmçinin, Allah Quranın bir çox ayəsində, insanlara onlara verdiyi nemətlər haqqında düşünmələrini bildirmiş və nemətlərdən bəzilərini insanlara xatırlatmışdır. Bu ayələrdən bəzilərində belə buyurulur:

«Allah insanı nütfədən xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi. Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı O yaratdı, hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır. Doğru yolu göstərmək Allaha aiddir. Ondan kəc olan yol da vardır. Əgər istəsəydi, sizin hamınızı doğru yola salardı. Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində otardığınız ağaclar da içər. Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Allahın nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükr edəsiniz! Sizi yırğalatmasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı» («Nəhl» surəsi, 4-15).

Cuxarıdakı ayədə sayılan nemətlər Rəbbimizin insanlara dünya həyatında verdiklərinin sadəcə olaraq çox az bir qismidir. Allah bu ayələrin davamı olaraq, «Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Allah bağışlayan və rəhm edəndir» («Nəhl» surəsi, 18) şəklində buyurur. İnsanın yalnız burada sayılan nemətlər haqqında düşünməsi belə Allahın insanlar üzərindəki sonsuz ehsanını, şəfqət və mərhəmətini anlaması üçün kifayətdir. Bizə can verən, yaşamağımızı təmin edən, bizi sevindirən, xoşumuza gələn hər varlığı və hadisəni yaradan Allahdır. Buna görə də insan hər an Allaha yönəlməli, sahib olduğu hər şey üçün Rəbbimizə şükr etməli, Ona güclü bir sevgi ilə bağlanmalıdır.
(harun yahya Allah sevgisi)