Allah Onun Yolunda Olanların Qoruyucusu və Yardımçısıdır

Allaha səmimi qəlbdən yönələn, Onun yolunda olan hər insan Rəbbimizin onu qoruduğuna, Onun doğmalığına və yaxınlığına hər an şahid olur. Allah səmimi qəlbdən edilən, haramdan uzaq olan və halal olan hər işdə möminlərin yolunu açır, onlara rahatlıq verir. Allah Quranın bir çox ayəsində möminlərə mütləq yardım edəcəyini, onları qoruyacağını və daima ali məqama gətirəcəyini vəd edir. Allah bu ayələrdən birində belə buyurur:

«...İman gətirənlərə kömək etmək Bizə vacibdir!» («Rum» surəsi, 47).

Allahın hər an köməyi ilə dəstəklədiyi möminlərə dair ən gözəl örnəklərdən biri Hz. Musanın həyatıdır. Hz. Musa yaşadığı şəhərdən qaçdıqdan sonra, Allaha «Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!» («Qəsəs» surəsi, 24) deyərək dua etmişdir. Allah onun duasını qəbul etmiş və onu bir qövmlə qarşılaşdırmışdır. Bu şəkildə, Hz. Musa, etibarlı insanların yanında qalmaq və işləmək imkanı tapmışdır.

Allah Hz. Musaya peyğəmbərlik verdikdən sonra, Hz. Musanın istəyinə görə onu qardaşı Hz.Harun ilə dəstəkləyərək gücləndirmişdir. Firon və onun ordusunun Hz. Musanın və Hz. Harunun üzərinə düşdükləri zaman Allah yenə onlara yardım etmişdir. Allah dənizi yararaq, Hz. Musa və yanındakılara keçə biləcəkləri bir yol açmış, Firon və ordusunu isə suda boğmuşdur. Allah Hz. Musa və Hz. Haruna etdiyi köməyini «Saffat» surəsində belə bildirir:

«Biz Musa və Haruna də nemət bəxş etdik. Onların hər ikisini böyük fəlakətdən qurtardıq. Onlara yardım etdik və onlar qalib gəldilər» («Saffat» surəsi, 114-116).

Allah, Hz. Nuha da yardım etmiş, qövmünə gələcək tufandan onu və digər insanları qorumaq üçün Hz. Nuha gəmi düzəltməsini vəhy etmişdir.

Allah Hz. İsanı çarmıxa çəkilərək öldürülmək üzrə ikən, onu öz qatına yüksəldərək qorumuşdur. Allah Hz. Yusifi zindandan xilas etmiş, onu yüksək mövqeyə yüksəltmişdir. Rəbbimiz, Peyğəmbərimiz Hz. Məhəmmədə (s.ə.v.) də daima yardım etmiş, onun üzərindəki yükü daima yüngülləşdirmişdir. Allah Quran ayələri ilə Peyğəmbərimizin (s.ə.v.) himayəçisi, qoruyucusu və yardımçısı olduğunu mücdələyərək möminlərin qəlblərinə rahatlıq və inam duyğusu vermişdir.

«De: «Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər» («Əhzab» surəsi, 17).

«And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: «Onlar mütləq qalib gələcəklər. Bizim əskərlərimiz labüd olaraq zəfər çalacaqlar!»« («Saffat» surəsi, 171-173).

«Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər» («Muhəmməd» surəsi, 7).

İnsan hər an Allaha möhtacdır. Heç bir insanın Allahdan başqa yardımçısı yoxdur. Hər hansı sıxıntı ilə qarşılaşdığı zaman ona kömək edə biləcək olan yalnız Allahdır. Allah insanlara rəhmət olaraq, dünya həyatında qarşılaşa biləcəkləri çətinlikləri aradan qaldırmaq üçün bir çox nemət yaratmışdır. İnsanın bu nemətlərdən faydalanarkən, bunları müstəqil güc sahibi olan varlıq kimi düşünməsi böyük xəta olar. Çünki əslində bütün bunları yaradan Allahdır və hər biri ancaq Allahın istəməsi ilə insanlar üçün nemətə və rəhmətə çevrilir. Sözgəlişi, xəstəliyinə görə həkimdən kömək istəyən insana, əslində bu köməyi göstərən yalnız Allahdır. Həkim isə, ancaq Allahın istəməsi ilə insana şəfa verə bilər. Eyni ilə haqqını qoruması üçün özünə vəkil olaraq hüquqşünas tutan adamın da əsl vəkili ancaq Allahdır. Vəkil ancaq Allahın istəməsi ilə bir insanın haqqını qoruya bilər. Həqiqətdə isə hadisələri ən gözəl şəkildə tamamlayan və insana nemətini çatdıran yalnız Allahdır.

Hər işində daima Allaha üz tutan, yalnız Rəbbimizi vəkil tutan bir insanın tək dostu və yardımçısı Allahdır. Allah möminlərə dilədiyi yollardan köməyini çatdırır. Bu həqiqətləri dərk edən bir insan heç bir zaman insanlardan və ya başqa güclərdən kömək ummaz. Bütün yardımın Allahdan gəldiyini bilər, hər şeyi Allahdan istəyər. Bir uğur qazanarkən, qələbə çalarkən, xeyirli bir işlə qarşılaşarkən dərhal Allaha üz tutub şükr edər, köməyinə görə Allaha minnətdarlıq edər. Həyatı boyu Allahın yardımını və dəstəyini gördüyü və bütün bu hadisələri yaradanın Allah olduğunu bildiyi üçün məhz Rəbbimizə minnətdarlıq edər və Ona ürəkdən gələn bir sevgi ilə bağlanar. Allah insanların həqiqi dostunun və yardımçısının ancaq Özü olduğunu Quranda belə xatırladır:

«...Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?! Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!» («Bəqərə» surəsi, 106-107).
(harun yahya Allah ağılla bilinir)