Mənfəətlərə Əsaslanan Dostluqlar

Bir çox insan qəbul etmək istəməsə də, bəzi münasibətlərdə insanların fikirlərinin arxasında bir mənfəət güdülür. Bəzi insanlar özlərinə müəyyən mənfəətləri qazana biləcəklərini zənn etdikləri bir insanla qarşılaşarkən hiss etdikləri həyəcanı «sevgi» kimi anlayırlar. Halbuki qəlblərində hiss etdikləri həyəcan bu insanın özünə deyil, onun sahib olduqlarına qarşı duyduqları «güclü bir həvəsdir». Həmçinin bir çox insanın qarşısındakı adama olan sevgisi, bu insanın sahib olduğu mülkə və sərvətin dərəcəsinə bağlı olaraq dəyişir. Zənginlik insan nəfsində həyəcan əmələ gətirdiyi üçün ən çox həyəcan ən zəngin olan adama qarşı hiss edilir. Ancaq yuxarıda da bildirdiyimiz kimi, bu hiss sevgi deyildir, sadəcə olaraq dünya malına qarşı duyulan bir həvəsdir. Zəngin bir adamın əxlaqi xüsusiyyətləri bu düşüncəyə malik olan insanlar üçün heç bir əhəmiyyət kəsb etmir. Buna görə, əsəbi, kobud, eqoist, ağılsız, mərhəmətsiz, qeyri-səmimi, düşüncəsiz olsa belə, yalnız zəngin və ya şöhrətli olması bu adama maraq göstərmək üçün kifayət edir.

Bəzi kimsələr isə özlərini əyləndirən insanlarla birlikdə olmaq istəyirlər və «mənimlə dost olan adamın məni güldürə bilməsi lazımdır» kimi izahatlar verərək, bunu etiraf edirlər. Buna görə, bu yaxınlıq da sevgi ilə bağlı deyildir, yalnız bir şəxsi mənfəət güdməkdən ibarətdir. İnsanın nəfsi gülmək istədiyi üçün özünü güldürəcək birisi ilə birlikdə olmaqdan zövq alması guya onu sevdiyinin mənasına uyğun gəlmir. Fəqət bir çox adam mənfəət əldə etməkdən duyduğu bu rahatlığı sevgi ilə qarışdırır və bu insanı çox sevdiyini iddia edir.

Bəzi adamlar da gözəl insanlarla bərabər görünməyin onlara etibar qazandıracağına inanırlar. Bu səbəbdən dost olmaq üçün gözəl insanları seçirlər, ölçüləri qarşılarındakı adamın boyu, gözünün və saçının rəngi, burun quruluşu kimi fiziki xüsusiyyətlərinə uyğun olur. Gözəllik olduqdan sonra o insan üçün bu adamın ağlının, vicdanının və ya insani xüsusiyyətlərinin heç bir əhəmiyyəti yoxdur. Ancaq bu mahiyyəti başa düşməməsi qarşısındakı adama bəslədiyi duyğunu sözdə sevgiyə bağlayır. Halbuki bu sevgi bu insanlar üçün «bu adamın gözəlliyinin mənə qazandırdığı etibarı sevirəm» mənasını daşıyır. Gözəllik getdiyi zaman qalan ruh isə bu adama görə heç bir əhəmiyyət daşımır. Qarşısındakı adam gözəl olduğu üçün onun mərhəmətsizliyini, diqqətsizliyini, düşüncəsizliyini və ya insanlara qarşı istehza ilə yanaşmasını görməməzliyə vurur.

Bəzi insanların ən mühüm saydıqları mənfəətlərdən biri isə öz ifadələri ilə desək, «həyat təminatı» əldə etməkdir. Bir çox insanın gələcəyinə təminat verə bilməmək, tənha yaşamaq məcburiyyətində qalmaq, iqtisadi cəhətdən möhtac vəziyyətə düşmək, xəstələnəndə ona baxacaq bir nəfəri tapa bilməmək kimi narahatçılıqları vardır. Bəziləri bu narahatçılıqları aradan qaldırmağın ən məşhur və ən sağlam yolu kimi evlənməyi görürlər. Bu səbəblə bu xüsusiyyətlərə malik olduğunu düşündükləri adama bağlanır və onu heç itirmək istəmirlər. Bu «gələcək qorxusu» üzərində qurulan birgə yaşayışı isə çox zaman həqiqi sevgi zənn edirlər.

Həyatları boyunca bu adamda xoşlamadıqları bir çox xarakterə sadəcə bu narahatçılıqlarına görə dözmək məcburiyyətində qalırlar. Qonşuları və ya dostları ilə dərdləşərək, düşdükləri vəziyyətdən şikayətlənirlər, amma soruşanda, yalnız şəxsi mənfəətinə görə bağlandıqları həyat yoldaşlarını çox sevdiklərini söyləyirlər. Lakin Quran əxlaqına uyğun olaraq yaşanan həqiqi sevgidə heç bir şəkildə əvəz gözlənilmir. İnsan qarşısındakı adamı heç bir şəxsi mənfəət gözləmədən, o adamda Allahın təzahürlərini gördüyü üçün böyük bir fədakarlıq və həvəslə sevər. Onun arxasınca heç bir zaman pis sözlər danışmaz. Səmimi sevgiyə görə ancaq onu tərifləyən, qoruyan söhbətlər edər. Ona qarşı heç bir zaman zorakı bir dözüm içində olmaz, acizlikləri və ya çatışmazlıqları ilə qarşılaşsa belə, ona qarşı şəfqətli və mərhəmətli olar, çatışmazlıqlarını sakitcə, hiss etdirmədən örtməyə çalışar; hər an onu rahatlaşdırmaq istəyər, hər istədiyini zövqlə və həvəslə yerinə yetirər. Səmimi sevgisini, dostluğunu və yaxınlığını ən gözəl şəkildə ifadə edər.
(harun yahya Allah ağılla bilinir)