Hz.İbrahim və hz.lut giriş



Tarix boyunca peyğəmbərlər göndərildikləri qövmləri Allaha bir və yeganə olaraq iman etməyə və yalnız Ona qulluq etməyə çağırmışlar. İnsanlara haqq dini təbliğ etmiş və nümunəvi insan modelini xüsusilə öz yaşayışları ilə tanıtmışlar. Bu səbəblə Allahın seçilmiş qulları olan peyğəmbərlərin üstün şəxsiyyətləri, gözəl əxlaqı, davranış tərzləri və hadisələr qarşısında göstərdikləri əks-təsirlər möminlər üçün ən gözəl nümunəni təşkil edir. Peyğəmbərlər içində yaşadıqları cəmiyyətlərə özləri nümunə olduqları kimi Quranda tərif edilən vəzifələri ilə özlərindən sonra gələn möminlərə də yol göstərmişlər. Allah peyğəmbərlərin möminlər üçün gözəl nümunə olduğunu Quranda belə bildirir:

"Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!" ("Əhzab" surəsi, 21).

Peyğəmbərlərin hər birinin Quranda təriflənən bir çox gözəl xüsusiyyətləri var. Bu səbəbdən iman edənlər Quranda peyğəmbərlərlə bağlı bildirilən hər incəliyi diqqətlə incələməli, bu müqəddəs insanların yaşayışını, göstərdikləri gözəl əxlaq nümunələrini, Allaha olan dərin bağlılığını özlərinə nümunə götürməlidir. Hər peyğəmbərin göndərildiyi qövm, qarşılaşdığı hadisələr, Allahın varlığını anladarkən istifadə etdiyi metodlar bir-birindən fərqli olub. Buna görə də peyğəmbərlərin içində olduqları qövmlərin xüsusiyyətləri, insanların Allaha iman etməyə dəvət ediləndə peyğəmbərlərə göstərdikləri müqavimət, peyğəmbərlərlə birlikdə inananların qarşılaşdığı çətinliklər bizə işıq tutan çox vacib bilgi və təcrübələrdir.

Bu kitabın yazılmasında məqsəd də Allahın "İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir..." ("Mümtəhinə" surəsi, 4) ayəsi ilə təriflədiyi İbrahim peyğəmbəri və onunla eyni vaxtda yaşamış Lut peyğəmbəri tanımaq və onların bütün üstün xüsusiyyətlərindən nümunə götürməkdir. Heç şübhə yoxdur ki, Quranda Hz.İbrahim və Hz.Lut haqqında verilən məlumatların hər biri özündə bir çox hikmətləri daşıyır. Bu kitabda qeyd olunmuş hikmətləri izləyəcək və bunları necə nümunə götürüb həyatımıza keçirə biləcəyimizi araşdıracağıq.
(harun yahya Hz.İbrahim və hz.lut)