Həzrəti Süleyman





"Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi" ("Sad" surəsi, 30)

İnsanlara bir rəhmət və hidayət rəhbəri olaraq nazil edilən Quranda Peyğəmbərimiz Hz.Məhəmmədin (s.ə.v.) yaşadıqlarından, inkarçılara qarşı apardığı təbliğatdan və Allahın dinini yaymaq üçün apardığı böyük mübarizədən çox qiymətli hikmətlər verilib. Eyni şəkildə Peyğəmbərimizdən (s.ə.v.) əvvəl yaşamış Hz.Musa, Hz.Yusif, Hz.İsa, Hz.Yunus, Hz.Lut, Hz.Nuh, Hz.Şueyb və Hz.Saleh kimi bir çox elçinin həyatı haqqında da mühüm məlumatlar verilir. Peyğəmbərimiz (s.ə.v.) kimi onlar da axirət gününü xatırladaraq insanları Allaha iman gətirməyə dəvət etmiş, gözəl əxlaqın cəmiyyət tərəfindən mənimsənilməsi məqsədilə haqq dinin təbliğatını aparmaq vəzifəsini öz üzərlərinə götürmüşdülər.

Ayələrdə elçilərin gözəl əxlaqı, səmimi duaları, çətinliklər qarşısındakı hərəkətləri və ürəkdən gələn səyləri bütün insanlara bir nəsihət və xatırlatma kimi tərif edilir. Və Allah insanlara bu müqəddəs elçilərin göstərdiyi yolla getməyi, onlara itaət etməyi tövsiyə edir. Bu hidayət rəhbərlərinin yolu ilə gedən, ehtiyatı əldən verməyən və davranışlarını düzəldənlərin dünya və axirətdə olduqları müddət ərzində bir qorxu və kədər yaşamayacağını müjdələyir ("Əraf" surəsi, 35). Elçilərin göndərilmə səbəbləri "Nisa" surəsində bu şəkildə göstərilir:

"Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik..." ("Nisa" surəsi, 64).

Budur, adı Quranda bu dəyərli və müqəddəs insanlar arasında çəkilən peyğəmbərlərdən biri də Hz.Süleymandır. Hz.Süleyman Hz.Nuhun kökündən gələn, Allah dərgahından hidayət və yüksək elm bəxş edilən bir peyğəmbərdir. Quranda Hz.Süleyman haqqında belə bildirilir:

"...Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq" ("Ənam" surəsi, 84).

Allah Hz.Süleymanı İsrailoğullarına bir xəbərdaredici və qorxuducu kimi göndərmişdi. Və o, Allah dərgahından vəhy alan peyğəmbərlərdən biridir:

"Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik" ("Nisa" surəsi, 163).



Kitabın qarşıdakı fəsillərində müfəssəl şəkildə görəcəyimiz kimi, Allah Hz.Süleymana böyük bir səltənət, tayı-bərabəri olmayan bir var-dövlət, cinlərin və quşların dəstəklədiyi çox güclü ordular və üstün elmi biliklər bəxş etmişdi. Hz.Süleyman yaşadığı torpaqlarda həyatı boyu ədalətlə hökm etmiş, yüksək hökmranlıq və rəhbərliyi sayəsində müxtəlif birlikləri öz ətrafında toplamışdı. Ancaq kainatdakı bütün elmlərin, mülkün və hökmün gerçək sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu hər zaman bilərək hər işində Allahı düşünüb Ona yönəlmişdi ("Sad" surəsi, 30). Ona qarşı olan itaətkar və təslimiyyətli davranışını ömrü boyu qoruyub saxlamışdı.

Bu kitabı yazmaqda məqsədimiz Allahın bir çox xüsusiyyətləri ilə insanlardan üstün tutduğu Hz.Süleymanı Quranda tərif edilən özünəməxsusluğu ilə insanlara tanıtmaq, Rəbbimizin bu seçilən qulunun nümunəvi əxlaqı üzərində dərindən düşünməkdir. Hz.Süleymandan bəhs edən ayələr öyüd almaq məqsədilə incələnəndə onların hər birinin bu günümüzə də işıq salacaq çox mühüm nəsihət və dərslər olması görünəcək.

Bu kitabı yazmaqda digər bir məqsədimiz isə sözügedən bu qissənin bir çox cəhətdən axır zamana aid olmasıdır. Məlum olduğu kimi, axır zaman qiyamətə yaxın bir vaxtda Quran əxlaqının bütün dünya üzərində hakim olacağı və insanlar arasında geniş şəkildə yaşanacağı bir mərhələdir. Keçmiş dövrlərdə edilmiş əxlaqsızlıqlar, təzyiqlər, zülmlər, ədalətsizliklər və degenerasiya bu firavan dövrdə ortadan qalxacaq, hər növ sıxıntının yerini bərəkət, bolluq, zənginlik, gözəllik, sülh və xoşbəxtlik alacaq. Texnologiya getdikcə inkişaf edəcək və bütün bunlardan insanların xeyri və rahatlığı üçün istifadə ediləcək.



"Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi" ("Sad" surəsi, 30).

Peyğəmbər əfəndimizdən (s.ə.v.) alınma hədislərdə axır zamanın bir çox özəlliyi tərif edilir. Bu dövrdə Allah Hadi (hidayət verən) sifətini daşıyan bir şəxsi-mənəvini (Mehdi) səbəb salacaq, inkarçı fəlsəfə və ideologiyaları ortadan qaldıracaq və dünyanın dörd bir tərəfində davam edən zülmə və qarışıqlığa son qoyacaq. Mehdinin ən mühüm vəzifəsi dinin Peyğəmbərimiz (s.ə.v.) dövründəki kimi olmasını təmin etmək, Quran əxlaqını insanlar arasında hakim əxlaqa çevirmək, bütün dünyada sülh və əmin-amanlığı bərpa etməkdir. Peyğəmbərimizin (s.ə.v.) aşağıdakı hədisində isə Mehdinin Hz.Süleyman və Hz.Zülqərneynlə oxşar bir xüsusiyyətinə diqqət çəkilir:

"Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək" (Əl-qavlul muxtəsər fi əlamatil Mehdiyil muntazar, s. 29).

Yuxarıdakı hədisdə Hz.Süleyman və Hz.Zülqərneyn dövrlərindəki yerüstü hakimiyyətlə Mehdi dövründə olacaq hakimiyyətin bir-birinə bənzəyəcəyinə diqqət çəkilir. Elə bu səbəblə Hz.Süleyman və Hz.Zülqərneyn dövrünü açıqlayan ayələr bu baxımdan incələnəndə hər birinin axırzamana və "Qızıl əsr"ə aid mühüm mövzuları əhatə etməsi görünür (Hz.Zülqərneyn dövrü ilə axırzamanın əlaqəsini ""Kəhf" surəsində axırzamana işarələr" adlı kitabımızda oxuya bilərsiniz). Həmçinin axırzamanda elm və texnologiya sahəsindəki inkişaf, iqtisadi və ictimai tərəqqi Hz.Süleyman qissəsindəki bir çox açıqlama ilə çox böyük bənzərliyə malikdir. Ayələrdəki bu söylənənlər iman gətirənlərin dünyada baş verən hadisələri daha geniş bir perspektivdən qiymətləndirməsinə səbəb olan, üfüqləri açan çox hikmətli açıqlamalardır. Bu kitabın bir məqsədi də bütün insanları axırzamanın gəlişi haqda düşünməyə və bunun sevinc və həyəcanını bir-biri ilə bölüşməyə sövq etməkdir.
(harun yahya Həzrəti Süleyman)