Quranda cinlər



Kitabın əvvəlki fəsillərində cinlərin Hz.Süleymanın əmrinə verilməsinin onun üçün Allahdan böyük bir dəstək olduğunu qeyd etdik. Bu yerdə Quranda cinlər haqqında verilən məlumatlara toxunaq.

Quranda cinlərin oddan yaradıldığı bildirilir. Müvafiq ayələr bu şəkildədir:

"Cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi" ("Rəhman" surəsi, 15).

"Can tayfasını daha öncə tüstüsüz oddan xəlq etmişdik" ("Hicr" surəsi, 27).

Quran ayələri öyrəniləndə cinlərin də eynilə insan cəmiyyətləri kimi bir həyatının olduğu görünür. Ayələrdə cinlərin də gəlib-getmiş ümmətlərinin olmasından bəhs edilir. Onların da soyları və ataları var ("Əraf" surəsi, 38; "Kəhf" surəsi, 50). Cinlər insanlardan daha fərqli bir ölçü və çərçivədə yaşayır, ancaq insanları görə, onların danışığını dinləyə bilir.

Cinlərdən ifrit Hz.Süleymana o, hələ yerindən qalxmadan Səba məlikəsinin taxtını gətirə biləcəyini söyləmiş və "...Mən bu işi görmə yə çox qüvvətliyəm, etibarlıyam!" ("Nəml" surəsi, 39) deyə bildirmişdir. Bu ifadə ilə onun bir yerdən digər bir yerə çox böyük bir sürətlə hərəkət etməsinə, bir maddəni başqa yerə apara bilməsinə işarə edilmiş ola bilər.



Allah cinləri yaratmasının məqsədini "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" ayəsi ilə bildirmişdir ("Zariyat" surəsi, 56). Onlar da elçilər və elçilərə endirilən Kitablar vasitəsilə xəbərdar olunub qorxudulur, dünyada necə davranacaqları ilə sınanır, ibadət və itaət edir, bunun nəticəsində də Allahdan bir əvəz alırlar. Allah "Ənam" surəsində bu şəkildə bildirir:

"Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: "Biz öz əleyhimizə şahidik!" Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər" ("Ənam" surəsi, 130).

Ayədə də bildirildiyi kimi, cinlərlə insanların imtahanı bir-birinə çox bənzəyir. Onların da bəziləri dünya həyatının müvəqqəti bəzəklərinə aldanır, xəbərdar edildikləri halda hidayət yolundan uzaqlaşırlar. Yenə də Quran ayələrindən cinlərin peyğəmbərlərin təbliğini dinlədikləri, Quran oxunarkən ona qulaq asdıqları və öyrəndikləri ilə öz qövmlərini xəbərdar etdikləri anlaşılır. Cinlərin Hz.Məhəmmədin (s.ə.v.) təbliğini dinləməsi "Əhqaf" surəsində belə xəbər verilir:

"Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda (bir-birinə): "Qulaq asın!" - dedilər və (Quran oxunub) qurtardıqdan sonra qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. Onlar dedilər: "Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və düz yola yönəldən bir kitab dinlədik!" ("Əhqaf" surəsi, 29-30).

Allah bir çox ayəsində cinlərə və insanlara birlikdə xitab edir, müxtəlif öyüdlər verir, onları cəhənnəm əzabı ilə qorxudur. "Əraf" surəsinin 38-ci ayəsində Allah "Sizdən əvvəl gəlib getmiş cin və insan tayfaları ilə birlikdə cəhənnəmə girin..." şəklində buyurur ("Əraf" surəsi, 38). Hz.Məhəmmədə (s.ə.v.) bir hidayət rəhbəri kimi nazil edilmiş Quranı yalanlayan cin və insan tayfalarının vəziyyəti isə "İsra" surəsində belə bildirilir:

"De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər"" ("İsra" surəsi, 88).

Allahın cinlərə və insanlara birlikdə xitab etdiyi ayələrdən bəziləri bu şəkildədir:

"Belələri özlərindən əvvəl gəlib getmiş cinlərdən və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır!" ("Əhqaf" surəsi, 18).

"Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" ("Əraf" surəsi, 179).
(harun yahya Həzrəti Süleyman)