Quranda şeytan



Allah Quranda şeytanla bağlı bir çox ayə bildirmiş, insanları şeytanın hiylələrinə qarşı xəbərdar etmişdir. Şeytanın Quranda göstərilən xüsusiyyətlərini öyrənmək insanların onun hiylələrinə düşməməsi baxımından çox mühümdür.

İblisin Allaha üsyanı və alçaldılması

Quranda Allahın Hz.Adəmi yaratdıqdan sonra bütün mələklərə ona səcdə etməyi əmr etdiyi bildirilir. Bütün mələklər Allahın əmrinə uymuş, ancaq iblis bu əmrə itaət etməmişdir. İblis Hz.Adəm torpaqdan, özü isə alovdan yaradıldığı üçün özünün daha üstün olduğunu irəli sürüb və bu səbəblə də Hz.Adəmə səcdə etməyəcəyini söyləmişdi:

"Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. (Allah İblisə) "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. (İblis "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" - dedi" ("Əraf" surəsi, 11-12).

İblis Hz.Adəmə səcdə edəcəyi təqdirdə alçalacağını sanmış, lovğalığı və təkəbbürü üzündən Allahın əmrinə itaət etməmişdi. Allahın hər şeyin Yaradıcısı olduğunu bildiyi, hər şeyin nizamının Allahın diləməsi ilə olduğundan xəbərdar olduğu halda təkəbbür göstərmiş və insandan "daha xeyirli olduğunu" iddia etmişdir. Üstəlik bunları iddia edərkən xoşagəlməz bir üslubdan yararlanmış, bir yandan, Allaha iman etdiyini söylərkən digər bir yandan da ona qarşı çıxmışdır.

Böyüklük arzusunda olan iblis bu hərəkəti ilə təkəbbürünü qoruyacağını düşünmüş, ancaq yanılmışdır. Çünki istədiyinin əksinə olaraq dəyərdən düşmüş, alçalmış və qovulmuşdur. Bütün tarix boyu onun qovulan, bəyənilməyən, alçaldılan və pislərin pisi kimi cəhənnəmdə əzab görəcək olan bir varlıq olduğu bilinir və gələcəkdə də bilinəcək. İblisin Allahın hüzurundan qovulması ayələrdə belə bildirilir:

"(Allah) buyurdu: "Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Çıx, çünki sən alçaqlardansan!"" ("Əraf" surəsi, 13).

"(Allah) buyurdu: "Oradan rüsvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!" ("Əraf" surəsi, 18).

Əslində şeytanın bu vəziyyəti yalnız özünü bəyənən təkəbbürlü insanların vəziyyəti ilə eynidir. Onlar şeytana uyub özlərini böyük sanmaqla hörmət və etibar qazanacaqlarını zənn edirlər. Ancaq tam əksinə olaraq bununla dəyərlərini itirir, alçalırlar. Hər şeydən əvvəl Allah dərgahında gözdən düşürlər, çünki "Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" ("Nisa" surəsi, 36).

İnsanlar arasında da dəyərlərini itirib kiçilirlər; təkəbbürlü insanların heç birinin həqiqi bir dostu, gerçək bir sevəni yoxdur, hətta hamı belə insanlara dərindən nifrət edir. Bu da alçalmanın ən pisidir. Ən böyük alçalma və təhqir isə bu insanların cəhənnəmdə şeytanlarla birlikdə görəcəyi şiddətli əzab olacaq.

"Allahı qoyub yalnız hər cür xeyirlə əlaqəsi kəsilmiş şeytana ibadət edirlər" ("Nisa" surəsi, 117).
(harun yahya Həzrəti Süleyman)