Allah ağılla bilinir

ÖN SÖZ

Bu kitabın ''Allah ağılla bilinir'' adlandırılmasının mühüm bir səbəbi var. Bir çox insanlar Allaha inandıqlarını, Allahı tanıdıqlarını bildirirlər. Ancaq əslində Allahı lazım olduğu kimi tanıyıb, qiymət verə bilmirlər. Bunun üçün isə ''ağıl sahibi'' olmaq lazımdır.

Bu yerdə mühüm bir detala aydınlıq gətirmək faydalı olacaq: Allahı dərk etmək, Allahı lazım olduğu kimi tanımaq üçün ağıl lazımdır deyiləndə, nəzərdə tutulan heç də zəka deyil. Ağıl və zəka bir-birindən tamamilə fərqlənən iki anlayışdır. Zəka bir insanın bioloji olaraq sahib olduğu zehni qabiliyyətdir. Zəka nə artar, nə azalar. Ağılsa sadəcə möminlərə aid olan bir keyfiyyətdir. Bu, Allahdan qorxub çəkinən, təqva sahibi olan möminlərə Allah qatından böyük bir nemət kimi verilir. Ağıl Allahın səmimi bəndələrinə verdiyi bir nur, bir anlayışdır. İnsanın təqvasının ölçüsündə bu anlayış, yəni onun sahib olduğu ağlın səviyyəsi də artar.

Ağıl sahibi olan insanın ən çox nəzərə çarpan xüsusiyyətləri Allahdan qorxub çəkinməsi, daima vicdanına uyması, hər hadisəni, gördüyü hər şeyi Qurana görə qiymətləndirməsi və hər an Allahın rizasını axtarmasıdır. Sadalanan keyfiyyətlərə malik olmayan insan dünyanın ən zəkalı, ən bilikli, ən mədəniyyətli insanı olsa belə, ağılsız olacaq və bir çox həqiqətləri görməyəcək.

Zəkayla ağıl arasındakı fərqi belə bir misalla da göstərə bilərik: bir elm adamı sinir sistemi ilə əlaqədar illərlə çox dərin və dəqiq araşdırmalar aparmış ola bilər. Əgər ağıl sahibi deyilsə, sadəcə olaraq, sinir hüceyrələri arasındakı proseslərlə bağlı bilikləri əldə edəcək. Bu biliklərin arxasındakı mühüm həqiqəti qavramayacaq. Lakin ağıl sahibi olan insan sinir sistemindəki möcüzəvi xüsusiyyətləri, dərinlikdəki mükəmməllikləri görərək, bu qədər qüsursuz işin ancaq və ancaq bir Yaradanı, üstün ağıl sahibi olan bir planlaşdırıcısı olduğunun labüdlüyünü anlayar. Belə deyək ki, ''sinir sistemini bu qədər qüsursuz yaradan güc əlbəttə, bütün digər canlıların da yaradıcısıdır. Və ölümdən sonra axirət yurdunu yaratmağa da gücü çatandır''.

Bu kitabda bildirilənlər Allahın varlığına ağılla şahid olunması üçündür. İnsanların bir qismi Allahın varlığına inanmır, bir qismi isə Ona ağlı və vicdanı ilə düşünərək deyil, sadəcə belə öyrəndiyi üçün inandığını söyləyir. Ancaq düşünmədikləri və ağıllarını işlətmədikləri üçün Allaha dəqiq bir biliklə inanmağın gərəkliliyini qəbul etməzlər. Ağıl sahibi olan möminlərsə Allahın varlığını, xaliq olduğunu göstərən dəlilləri ağılları ilə görər və sonsuz qüdrət sahibi olan Allahdan içləri titrəyərək qorxarlar.

Allah Quranda yaradan olduğunu təsdiqləyən dəlilləri bildirdikdən sonra, bu dəlillərin ancaq ağıl sahibləri üçün olduğunu bildirməkdədir:

''Sizə həm qorxu, həm də ümid verən ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra torpağı diriltməsi də onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır'' (''Rum'', 30/24).
(harun yahya Allah ağılla bilinir)