Allah ağılla bilinir

GİRİŞ

Oturduğunuz yerdən bir ətrafınıza baxın. Olduğunuz otaqdakı hər şeyin ''düzəldilmiş'' olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan -sayılmayacaq qədər çox əşya... Bunlardan bircə dənəsi də özbaşına əmələ gəlməyib. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan var, o saçaq otağa öz qərarı ilə və ya təsadüfən gəlib yerləşməyib.

Əlinə kitab alan insan onun da bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir, təsadüfən ortaya çıxdığını düşünmür. Həmçinin bir heykələ baxan insan onun bir sənətkar tərəfindən hazırlandığına şübhə etməz. Nəinki saysız-hesabsız sənət əsərlərinin öz-özünə yaranmadığını, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsənin olduğunu heç kim inkar etməz. Başqa sözlə desək, kiçik, yaxud böyük düzən olan yerdə şübhəsiz ki, bu düzənin bir qurucusu və qoruyucusu olduğu da labüddür. Bir gün biri durub, xam dəmir və kömürün təsadüfən poladı, poladın da təsadüfən Eyfel qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi?!

Allahı inkar etməyin tək üsulu olan təkamül nəzəriyyəsinin iddiası da bundan fərqli deyil. Təkamül nəzəriyyəsinə görə, üzvi (orqanik) molekulalar təsadüfən amin turşularını, amin turşuları təsadüfən zülalları (proteinlər), zülallar da təsadüfən canlı orqanizmləri təşkil edir. Lakin canlıların təsadüfən yaranışı ehtimalı Eyfel qülləsinin təsadüfən yaranmasından kifayət qədər az ehtimal olunandır. Çünki ən adi bir hüceyrə belə insanın düzəltdiyi hər hansı bir şeydən daha mürəkkəbdir. Təbiətdəki qeyri-adi harmoniya adi gözlə belə aydın görünür. Bu tarazlığın təsadüfən və ya xaotik halda meydana gəldiyi necə düşünülə bilər?! Ayrı-ayrılıqda hər nöqtəsi Yaradanın varlığını sübut edən kainatın öz-özünə var olduğunu söyləmək ən məntiqsiz iddiadır.

Axı bədənimiz də daxil olmaqla, intəhasız kainatın ən ucqar nöqtələrinədək, hər yerdə mövcud olan tarazlığın da qurucusu və sahibi olmalıdır. Yaxşı, bəs hər şeyi belə incə-incə qurub, meydana gətirən Yaradıcı kimdir?

O, kainatın daxilindəki hər hansı bir maddi varlıq ola bilməz. Çünki, o, öncədən var olan və bütün kainatı sonradan yaradan bir iradə sahibi olmalıdır -hər şeyin varlığının qaynağı olan, amma öz varlığı əzəli və ədəbi olan Uca Yaradan...

Mövcudluğunu ağılla dərk etdiyimiz Yaradanı bizlərə tanıdan dindir. Onun bizə din vasitəsilə çatdırdığı biliyə görə, o, göyləri və yeri yoxdan var edən Rahman və Rahim olan Allahdır.

İnsanların çoxu isə bu həqiqətləri qavramağa imkan verən məntiqə sahib olmalarına baxmayaraq, ondan xəbərsiz yaşayırlar. İnsanlar rəsm gördükləri zaman əvvəlcə onun kim tərəfindən çəkildiyini öyrənmək istəyirlər. Daha sonra da çəkdiyi rəsmə görə rəssamı tərifləyirlər. Fəqət, başlarını çevirdikləri hər tərəfdə o rəsmin saysız gerçəyi ilə qarşılaşdıqları halda, bütün bu gözəlliklərin tək sahibi olan Allahın varlığını dərk etmirlər. Onun varlığını anlamaq üçünsə xüsusi araşdırmaya ehtiyac yoxdur. İnsan doğulduğu andan tək bir otaqda belə yaşasa, o otaqda mövcud olan saysız dəlillər Allahın varlığını dərk etmək üçün kifayət edər.

Sadəcə insan bədənində yaradılışı təsdiqləyən dəlillər cildlərlə ensiklopediyaya sığacaq qədərdir. Bun görə də bir neçə dəqiqə vicdanla düşünmək Allahın varlığını anlamaq üçün yetərlidir. Var olan bu sistem Allah tərəfindən qorunmaqda və Onun tərəfindən davam etdirilməkdədir.

Düşünülməsi lazım olan yalnız insan deyil. Yer üzərində hər kvadrat millimetrdə insanın gördüyü və ya görmədiyi bir həyat yaşanmaqdadır. Təkhüceyrəli orqanizmlərdən bitkilərə, böcəklər*dən dəniz heyvanlarına, quşlardan sürünənlərə qədər hər cür canlı yer üzünü bürüyüb. Əlinizə bir ovuc torpaq alıb araşdırsanız, içində bir-birindən fərqli xüsusiyyətlərə malik cürbəcür canlılar olduğunu görərsiniz. Eyni şeyi nəfəs aldığımız hava üçün də deyə bilərik. Hətta dərimizin üzərində bəlkə də heç adını eşitmədiyimiz canlılar yaşamaqdadırlar. Bütün canlıların bağırsaqlarında həzm prosesini təmin edən milyonlarla bakteriya və ya təkhüceyrəli canlı yaşamaqdadır. Heyvanlar isə insanlardan qat-qat çoxdur. Bitki dünyasını da nəzərə alsaq, anlayarıq ki, yer üzərində həyat olmayan boş bir sahə yoxdur. Milyonlarla kvadrat kilometrlik əraziyə yayılan bu canlıların hər birinin özünə aid bədən quruluşu, yaşayış tərzi, yer üzündəki tarazlığa təsiri kimi saysız xüsusiyyətləri var. Bütün bunların səbəbsiz, məqsədsiz və təsadüfən var olduğunu iddia etmək ağla zidd, mənasız fikirdən başqa bir şey deyil. Çünki heç bir canlı öz istəyi və səyi ilə yer üzünə gəlməyib. İstənilən hər hansı təsadüf də bu qədər mürəkkəb sistemlər təşkil edə bilməz.

Bütün bu dəlillərin bizi apardığı nöqtə isə kainatın bəlli bir ''şüur''la hərəkət etməsi fikridir. Bəs bu şüurun qaynağı nədir? Əlbəttə, kainatdakı canlı və cansız varlıqlar deyil, harmoniyanı quran və quruluşu qoruyan onlar ola bilməzlər. Allahın varlığı və böyüklüyü kainatdakı saysız dəlillə özünü göstərir. Əslində, bu açıq həqiqəti vicdanı ilə qəbul etməyən bir insan yoxdur. Ancaq Quranda bildirildiyi kimi, insanların çoxu ''vicdanları qəbul etdiyi halda, zalımlığı və təkəbbürlülüyü üzündən'' bunu inkar edirlər (''Nəml'', 27/14).

Əlinizdəki kitab bu adamların öz mənafelərinə uyğun bilməyərək üz çevirdikləri həqiqəti ortaya qoymaq, əsassız iddialarının söykəndiyi saxtakarlıqları və çürük məntiqi faş etmək üçün yazılıb. Bir-birindən fərqli mövzulara toxunmağımızın səbəbi də budur.

Bu əsəri oxuyanlar Allahın varlığını isbatlayan şəksiz dəlilləri bir daha görəcək və şahid olacaqlar ki, ''Allahın varlığı hər yeri bürümüşdür və ''ağıl'' bunu bilir. Hər yerə hakim olan bu quruluşu yaradan da, onu dayanmadan qoruyan da Odur''.
(harun yahya Allah ağılla bilinir)