ALLAHIN YARATDIĞI QURULUŞDA İNSANDAN BAŞQA ŞÜURLU VARLIQLAR DA VAR

Bura qədər araşdırdığımız bütün hadisələr və canlılar haqqında teleskop, mikroskop və ya hər hansı bir texniki aləti istifadə edərək məlumat ala bilərsiniz. Ancaq sizə çox yaxın olan, fəqət, sizdən çox fərqli bir ölçüdə yaşayan iki varlıq vardır ki, bəlkə də bir çox insan onların varlığını həyatı boyunca heç düşünməz. Quranda bildirildiyinə görə, mövcudluqlarından qəti əmin olunan bu varlıqlar sağınızda və solunuzda olan yazan mələklərdir. Onlar Allahın əmri ilə hər düşündüyünüzü və hər etdiyinizi dayanmadan yazırlar. Allah bu mələklərin vəzifələrini ayələrdə belə bildirmişdir: ''And olsun ki insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq. Xatırla ki, sağında və solunda onun bütün əməllərini yazan iki mələk oturmuşdur. Dediyi hər sözü onun yanında hazır durub gözləyən iki mələk vardır'' (''Qaf'', 50/16-18).

Yazan mələklər Allahın yaratdığı və bir-birindən fərqli vəzifələr verdiyi mələklərə yalnız bir nümunədir. Bunun kimi Quranda bildirilən daha bir çox mələk var: cənnət mələkləri, cəhənnəm zəbaniləri, Allahın əşrini daşıyan mələklər, vəhy mələkləri, Allahın izni ilə insanlara yardım edən mələklər...

Mələklər insanlardan fərqli olaraq imtahana çəkilməzlər. Onlar Allahın çox üstün bir əxlaq verdiyi, dayanmadan Allahı zikr edib ucaltmaq və yalnız itaət etmək üçün yaradılmış varlıqlardır. Mələklərdən başqa sizinlə eyni mühitdə olan başqa varlıqlar da vardır: Allahın insanlardan fərqli ölçüdə yaratdığı, amma eynən insanlar kimi imtahana çəkiləcək, Allah qarşısında axirət günü hesab verəcək cinlər... Quranda cinlərdən bəhs edilərkən belə deyilir: ''Cinlərin əcdadını, canını da tüstüsüz oddan O xəlq etdi'' (''Rəhman'', 55/15).

Ayədə deyildiyi kimi, ''tüstüsüz oddan'' yaradılan bu varlıqlar siz fərqində olmasanız da, Allahın onlar üçün yaratdığı bir məkanda həyatlarını davam etdirirlər. Onlar da doğulur, böyüyür və ölürlər. Bu varlıqların insanlarla eyni olan yaradılış məqsədləri isə Quranda bu şəkildə bildirilmişdir: ''Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım'' (''Zariyat'', 51/56).
(harun yahya Allah ağılla bilinir)