HESAB GÜNÜ

Qiyamət günü yuxarıda bəhs etdiyimiz hadisələr baş verdikdən sonra Sur ikinci dəfə çalınır. Bu, insanların yenidən diriləcəyi günün başlanğıcıdır. O gün torpağın üstü yüzlərlə, minlərlə il əvvəl basdırıldığı yerdən çıxaraq ayağa qalxan insanlarla dolu olacaqdır. O gün insanların dirilişi və bu səbəbdən düşəcəkləri heyrət Quranda göstərilmişdir: ''Sur çalınan kimi qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Deyəcəklər: ''Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı?'' -bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər səs qopan kimi hamısı qarşımızda hazır duracaqlar. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz'' (''Yasin'', 36/51-54).

O gün bu insanların dünya həyatında düşünmədikləri, anlamaq istəmədikləri və qaçıb gizləndikləri hər şey açığa çıxacaq. İnkar edə, ya da qaça bilmələri üçün heç bir imkan qalmayacaq.

Üzlərini əzab bürümüş, qorxudan başları aşağı əyilmiş bu insanların qəbirlərdən çıxıb bir yerə toplandığı görünər və hər insanın kitabı özünə verilməklə yanına gətirilər.

Görünməmiş böyüklükdə kütlənin bir yerə gələcəyi bu toplaşma günü iman edənlərin vəziyyəti ilə inkar edənlərin vəziyyəti əlbəttə bam-başqadır. Quranda bu mövzu ilə bağlı belə deyilir: ''Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: ''Alın, əməl dəftərimi oxuyun! Mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım''. Bundan belə o, xoş güzəran içində olacaqdır'' (''Haqqa'', 69/19-21). ''Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: ''Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın da nə olduğunu bilməyəydim. Kaş ölüm əbədi olaydı. Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm, səltənətim də məhv olub getdi!'''' (''Haqqa'', 69/25-29).

O gün kimsəyə zərrə ağırlığında bir haqsızlıq edilməz. Hər kəs dünyadakı əməllərinin qarşılığını layiqincə alacaqdır. İnkar edənlər üçün çox çətin olan bu gün onların sonsuz cəhənnəm həyatlarının dəqiqləşdiyi gündür.

Həyatları boyu Allahı inkarda israr edənlərin və onları boş əməllərə dəvət edənlərə uyanların hesab günü nələrlə qarşılaşacaqları aşağıdakı ayələrlə də açıq bildirilmişdir: ''Sur çalınacaq, Allahın istədiyi kimsələrdən başqa dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb müntəzir olacaqlar! Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, onlara ədalətlə hökm çıxarılacaq və haqsızlıq edilməyəcəkdir! Hər kəsə öz əməlinin cəzası veriləcəkdir! Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: ''Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?''. Onlar isə ''Bəli, gəlmişdi, lakin əzab bir kafirlərə vacib oldu!'', -deyə cavab verəcəklər. Belə deyiləcək: ''Girin cəhənnəmin qapılarına, orada əbədi qalmaq üçün! Təkəbbür göstərənlərin yeri necə də pisdir!'' (''Zumər'', 39/68-72).
(harun yahya Allah ağılla bilinir)