Cənnətin gözəlliyini bilmək

Cənnət keçici olan dünya həyatında edilən saleh əməllərin, Allahdan qorxmanın, Allahın rizasını qazanmanın qarşılığıdır. Allah Quranda insana bu vədini belə bildirir:

İman gətirib yaxşı işlər görənləri isə, Biz altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?! (Nisa surəsi, 122)

Cənnətdə yalnız gözəl bağçaların olduğunu düşünmək son dərəcə səhv bir baxış yönüdür. Hər şeydən əvvəl, insan orada ən gözəl şəkildə yeni bir yaradılışla yaradılacaq və sonsuz nemətlər içində olacaq. Bundan başqa, cənnət bütün duyğuların daha iti olduğu, hər şeydən daha çox zövq alındığı bir mühitdir. Dünyada çox qısa sürən zövqlər orada sonsuzdur. Allah dünyadakı nemətləri bir nümunə olaraq yaratmışdır. Əslləri isə cənnətdədir. Oradakı nemətlərə qovuşunca insan dünyadakı nemətlərlə bənzərliklərini görəcək, amma bu nemətlər daha mükəmməl və tükənməz bir halda olacaq. Bunlarla yanaşı, vücuda xas olan qüsurların heç biri cənnətdə olmayacaq. Hər kəs çox gözəl olacaq. Çox gözəl şəkildə yaradılan insanın artıq fiziki yöndən də nöqsanı olmayacaq. Məsələn, tərləməz olar, pis iy verməz, tualet ehtiyacı olmaz və xəstələnməz. Acdığı üçün və ya vücudunun ehtiyacı olduğu üçün deyil, yalnız zövq üçün yeyəcək. Bu nemətlər üçün çalışmağı da lazım gəlməyəcək. Orada arzuladığı və ağlına, xəyalına gəlməyən hər növ əyləncə, möhtəşəm bir memari və texnoloji, mükəmməl və qüsursuz nizam olacaq.

Dünyada nöqsanlı olan və arzu edilən bütün hərəkət və rəftarlar cənnətdə tam olacaq. Allahın əmr etdiyi gözəl əxlaq orada tam şəkildə yaşanacaq. Orada qeybət, böhtan, çəkişdirmə, küfr, yalan, riya, həsəd, qürur, sədaqətsizlik və kin olmayacaq. Salam, xoşbəxtlik və Allahın rizası olacaq. Quranda cənnətin təsvir edildiyi ayələrdən bəziləri belədir:

Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır. (Fatir surəsi, 33)

Cənnət əhli bu gün keflə məşğuldur. Onlar və zövcələri kölgəliklərdə taxtlara söykənmişlər. Orada onlar üçün meyvə və istədikləri hər şey vardır. Rəhmli Rəbbdən (onlara) “salam” deyiləcəkdir. (Yasin surəsi, 55-58)

Nəim cənnətlərində. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər. Onlar üçün məin dolu piyalələr dolandırılacaqdır. Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin). Onun içində ağlı başdan çıxaran heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar. Onların yanında gözəl, baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır. Onlar, sanki örtülü yumurtadırlar. (Saffat surəsi, 43-49)

Onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız! (Zuxruf surəsi, 71)

Ayələrdə də təsvir edildiyi kimi, cənnət insanın xəyalına belə gətirə bilməyəcəyi gözəlliklərin və nəfsin arzu etdiyi hər şeyin mükəmməl bir şəkildə yaradıldığı sonsuz xoşbəxtlik yurdudur. Ancaq yenə Quranda bildirildiyi kimi, cənnət yalnız iman edib saleh əməllərdə olanlar üçün hazırlanmışdır. Bunun açıq şəkildə bildirildiyi ayələrdən bəziləri belədir:

İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx kölgəlikdə yerləşdirəcəyik. (Nisa surəsi, 57)

İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar! (Hud surəsi, 23)

Quran ayələrindəki cənnət təsvirlərini bilib təfəkkür etmək qəflətin və dünya həvəsinin yox olması baxımından son dərəcə təsirlidir. Səmimi şəkildə edilən ciddi təfəkkür cənnətin dünyadakı heç bir mükəmməlliklə müqayisə edilə bilməyəcəyini anlamaq üçün kifayətdir. Bunu anlayan insan cənnət arzusu və həsrəti ilə oranı qazana bilmək üçün çalışmağa başlayar, özünü cənnətdən uzaqlaşdıran və əbədi məhrum edən qəflət halından isə bütün gücü ilə çəkinər.
(harun yahya Gizli tƏhlükƏ: QƏflƏt)