Cahiliyyə insanı dünya həyatına yönəlmiş məqsədləri üçün şövqlənər…

Quranda "O kəslər ki, dinlərini oyun-oyuncaq etmiş və dünya həyatı onları aldatmışdı..." (Əraf surəsi, 51) ayəsində də açıqlandığı kimi, cahiliyyə cəmiyyətində insanlar dünya həyatı haqqında böyük bir aldanış içərisindədirlər. Həyatlarının nə qədər qısa və nə qədər nöqsanlarla dolu olduğunu bildikləri halda yenə də bu keçici həyatı axirətdəki sonsuz həyatdan üstün tutarlar. Bunun ən önəmli səbəblərindən biri isə dünya həyatında əldə etməyi ümid etdikləri mənfəətləri daha asan qazanılan görmələri və axirətin varlığından şübhə etmələridir. Onların bu səhv məntiqlərinə görə, dünya hər an çata biləcəkləri kimi yaxında, axirət isə uzaqdadır.

Bu, əlbəttə ki, son dərəcə səthi bir məntiqdir. Hər şeydən əvvəl insanın dünyadakı həyatı son dərəcə qısa bir zaman hissəsinə yerləşir. Bir qismi uşaqlıq, bir qismi də yaşlılıq dövrü ilə keçən əlli-altmış il sonsuz axirət həyatının yanında heç mübahisəsiz, çox qısadır. Bundan başqa, insan bu əlli-altmış ilə yetişmədən hər an və hər hansı bir səbəbə görə də ölə bilər və yaxında zənn etdiyi dünya həyatı da bir anda yox olub gedə bilər. Və hər insan özünü heç gözləmədiyi bir anda çox uzaqda zənn etdiyi, amma əslində çox yaxın olan axirət həyatına başlayarkən görə bilər. Budur, qafil olan cahiliyyə insanları bu qısa zamanı Allahın rizasını və cənnətini qazana bilmək üçün deyil, yalnız dünya həyatını "özlərinə görə" ən yaxşı şəkildə yaşaya bilmək üçün sərf edərlər. Halbuki bütün həyatları maddi-mənəvi bir çox çətinlik və əzabla keçər.

Dolayısı ilə, bu insanların şövqləndikləri mövzular, əlbəttə, dünya həyatında əldə etdikləri kiçik məqsədlərlə məhdudlaşır. Əslində onların şövq və həyəcan zənn etdikləri hiss dünya həvəsindən başqa bir şey deyil. Dünya həyatına həvəslə bağlı olduqları üçün mənfəət əldə edə biləcəklərini ümid etdikləri böyük-kiçik hər şeyə qarşı daxilən nəfsani bir coşğu duyarlar. Bu məntiqə görə əldə edəcəkləri mənfəətlərin hər biri dünya həyatını daha yaxşı şərtlərlə yaşamalarını təmin edər. Dolayısı ilə kimiləri zəngin ola bilmək, kimiləri cəmiyyətdə yaxşı bir yer əldə edə bilmək, kimiləri də karyera sahibi ola bilmək kimi mövzularda daxilən böyük bir şövq duyarlar. Hədəfləri olan bu mənfəətlərə çatmaq üçün heç bir fədakarlıqdan çəkinməyib bütün çətinliklərə dözərlər.

Bu insanların şövq anlayışlarına gündəlik həyatdan da bir çox nümunə vermək mümkündür. Məsələn, çevrəsində etibar qazanmağı təmin edən bir diplom əldə etmək istəyən şagird hər cür çətinliyə baxmayaraq heç durmadan böyük bir səylə illər boyu çalışa bilər. Bu yolda lazım gəldiyində günlərlə yuxusuz qalmağı, yoldaşlarından və ya əyləncə yerlərindən kənar durmağı, hər səhər tezdən yola düşüb yürüməyi gözə alar. Amma eyni fədakarlığı bir dostuna kömək etmək üçün etməz. Çünki bu fədakarlıqdan əldə edə biləcəyi dünyəvi bir mənfəəti yoxdur.

Burada demək istədiyimiz insanların böyük hissəsinin şövq və həyəcanla bir işin öhdəsindən gələ bilmələrinə baxmayaraq, bunu yalnız öz mənfəətləri müqabilində etmələridir. Bu insanlar eyni şövqü Allahın rizasını və cənnətini qazandıran bir iş üçün hiss etməz, özlərinə görə dünyəvi bir mənfəət görmürlərsə, son dərəcə şövqsüz bir ruh halında olarlar.

Cahiliyyə cəmiyyətinin yalnız dünyəvi mənfəətlər üzərinə qurulmuş bu şövq anlayışına belə bir nümunə yenə vermək olar: Müflisləşmək üzrə olan bir sahibkar şirkətini bu vəziyyətdən qurtara bilmək üçün elə böyük bir istək duyar ki, ağlından, imkanlarından və zamanından ən yaxşı şəkildə istifadə edər. Eyni şirkətdə sabit bir maaşla işləyən bir işçi isə şirkəti iflasdan qurtarmaq üçün eyni şövqü duymaz, dolayısı ilə bu mövzuda ağıllı bir çıxış yolu da tapmaz. Çünki şirkət onun deyil. Şirkət müflisləşdiyində zərərə düşən adam da yenə özü deyil. Göründüyü kimi, cahiliyyə cəmiyyətlərində hər hansı bir mövzudakı şövqün və qərarlılığın təməlində, ümumiyyətlə, bu işin nəticəsində əldə ediləcək dünyəvi mənfəətlər dayanır. Şövqün dərəcəsini təyin edən də yenə mənfəətin dərəcəsidir.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)