Xeyirlərdə yarışıb önə keçmələrindən...

Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 114)

Allahın Quranda "...Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın..." (Maidə surəsi, 48) əmri ilə diqqət çəkilən yarış cahiliyyə cəmiyyətlərində yaşandığı şəkildə "bir-birini əzmək" yarışı deyil, tam əksinə, gözəllikləri və xeyirləri artırmaq yarışıdır. Çünki möminlərin yarışmaqdakı məqsədləri dünyəvi bir çıxar əldə etmək və ya insanlar arasında bir üstünlük meydana gətirmək deyil. Onlar yalnız Allahın əmrlərini yerinə yetirməkdə, Onun bəyəndiyi əxlaqı yaşamaqda və Rəbbimizi razı etməkdə yarışarlar.

Belə bir yarışa girmələri Allah qorxularının və imanlarının bir gərəyidir. Çünki insanın iman mövzusundakı səmimiyyəti və ixlası Allahın rizasını qazanmaq üçün göstərdiyi cəhdlə ölçülə bilər. Allaha və axirətə iman edən bir insan daha əvvəl də ifadə etdiyimiz kimi, Allahın rizasını ən çoxu ilə qazana bilməyi və Allaha ən yaxın insan halına gələ bilməyi məqsəd bilər. Allahın özündən razı olmasını, özünə rəhmət etməsini və cənnətinə layiq görməsini istər. Bu səbəblə də, əlindən gəldiyi qədər cəhd edər. Ağlını, vicdanını və bütün gücünü ən yaxşı şəkildə istifadə edib, Quran əxlaqını və dinin hökmlərini ən mükəmməl şəkildə yaşamağa çalışar. Necə ki, Quranda möminləri Allah qatında önə keçirən ünsürün belə bir cəhdlə xeyirlərdə yarışmaları olduğu bildirilmişdir:

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)

Ayrıca, "Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər." (Ənbiya surəsi, 90) ayəsi ilə hz Zəkəriyyanın davranışı nümunə verilmiş və xeyirlərdə yarışmağın peyğəmbərlərdə də görünən bir xüsusiyyət olduğuna diqqət çəkilmişdir. Allahın Quranda həyatlarından nümunə verdiyi peyğəmbərlər də həyatlarını Allahın rizasını qazanmaq mövzusunda bir yarış içində keçirmişlər. Özlərinə peyğəmbər əxlaqını nümunə götürən möminlər də eyni şəkildə onların Allahın rizasını qazanmaq mövzusunda göstərdikləri bu yolu izləyərlər.

Möminlərin xeyirlərdə yarışmalarının bir başqa səbəbi də dünya həyatının çox qısa, ölümün çox yaxın olduğunu düşünmələridir. Hər an ölə biləcəklərini və belə bir vəziyyətdə də Allahın rizasını qazanmaqda kafi olan cəhdi göstərməmiş olacaqlarına görə axirətdə böyük bir peşmanlıq duyacaqlarını bilərlər. Çünki axirətə keçdikdən sonra insanın bir daha dünyaya geri dönüb xeyirlərdə yarışması, saleh əməllər görməsi mümkün deyil. Odur ki, bu səbəbdən müsəlmanlar daha çox xeyir qazanmaq üçün zamana qarşı böyük yarışa girərlər. Dünya həyatında özlərinə verilən müddətin içərisinə xeyir üçün mümkün qədər çox şey sığdırmağa çalışarlar. Bu yöndə qarşılarına çıxan hər işə şövqlə talib olar və hər fürsəti ən yaxşı şəkildə qiymətləndirməyə çalışarlar. Saleh müsəlmanların bir duası Quranda belə ifadə edilmişdir:

"Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər." (Furqan surəsi, 74)

Ayədə göründüyü kimi, inananların Allaha olan "bizi təqva sahiblərinə öndər et" şəklindəki duaları da onların xeyirlərdə yarışmaq mövzusundakı şövqlərini ortaya qoyur.

Müsəlmanlar bu şövq və qərarlılıqla Allahın "Elə ki azad oldun, qalx (dua et)!" (İnşirah surəsi, 7) əmrini ən gözəl şəkildə yaşayarlar. Bir an belə boş vaxt keçirməməyə çalışar, insanın heç vaxt Allahın rizasını qazanmaq mövzusunda özünü kafi görməyəcəyini bilərək şövq və istəklə xeyirlərdə yarışarlar. Dünyada keçirdikləri hər saniyəyə görə hesab verəcəklərini, həmçinin vicdanlarına tabe olmadıqları və ya daha xeyirlisi var ikən mənasız iş gördükləri hər ana görə məsuliyyət daşıdıqlarını unutmazlar. Bu səbəblə, öz ehtiyaclarından artıq qalan vaxtlarını davamlı olaraq "xeyirli" axtarış içərisində keçirərlər.

Allahın rizasını qazanmaq üçün vücudi və ya zehni baxımdan yorulmağın insana böyük bir qazanc olduğunun fərqindədirlər. Bu səbəblə, yorğunluğu sevinc və nəşə ilə qarşılayarlar. Onlar bunu axirət üçün önəmli bir fürsət bilər və şövqlə Allah üçün yorulmağa, bir işi bitirib dərhal Allahın rizasını qazandıran başqa işə yönəlməyə davam edərlər. Çünki onlar dünya həyatında göstərdiyi bu ciddi cəhdin "Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti qəbul olunar." (İsra surəsi, 19) ayəsində də bildirildiyi kimi, ən gözəl şəkildə qarşılığını görəcəklərini bilirlər.

Belə saleh qullar Allahın izni ilə dünyada ikən dayanmadan səy göstərib, yarışıb önə keçmələrinə qarşılıq axirətdə sonsuzadək ən gözəl məkanlarda yerləşəcək və özlərinə nemətlər veriləcəkdir:

Və öndə olanlar. Onlar öndədirlər! Onlar yaxınlaşdırılmış kimsələrdir. Onlar Nəim cənnətlərində olacaqlar. Çoxu əvvəlkilərdən, Bir azı da axırıncılardandır. Bəzənmiş taxtlar üstündə qərar tutacaq, onlara söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. (Vaqiə surəsi, 10-16)

Allah dünya həyatında Allahın rizasını qazanmaq üçün yorğunluğa talib olanlara axirətdə heç bir yorğunluq toxunmayacağını da müjdələmişdir:

Onlara orada heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər. (Hicr surəsi, 48)
"Elə bir Rəbb ki, Öz lütfü ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət toxunacaqdır!" (Fatir surəsi, 35)
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)