PEYĞƏMBƏRLƏRİN VƏ SƏMİMİ MÖMİNLƏRİN CƏSARƏTİNDƏN NÜMUNƏLƏR

Möminlər iman etdikləri üçün başqalarının çəkinib tərəddüd etdikləri hadisələrdə çox şövqlə, cəsur davranırlar. Məsələn, inkarçıların tələ qurduqları, fiziki təzyiq göstərdikləri zamanlarda belə, son dərəcə qərarlı, cəsur, mərd və güclü xarakterləri ilə nəzərə çarpan möminlər doğru yolda olduqlarından əmin olduqları üçün inkarçıların özlərindən istədikləri kimi hərəkət etmir, Quran əxlaqını yaşamaqdan və imanlarından güzəştə getmirlər.

İnkarçılar möminlərin peşman olmalarını və bir daha gözəl əxlaqı təbliğ etməmələrini istəyirlər. Quranda inkarçıların tarixin hər dövründə bu cür davrandığı xəbər verilir.

Möminlər də inkarçıların hazırladıqları tələlərdən xəbərdardırlar. Belə ki, Allah Öz qatından göndərdiyi Quran ilə bunu onlara xəbər vermişdir. Bu tələlər möminlərə maddi və mənəvi zərər vermək üçündür. Lakin buna baxmayaraq, möminlər Allahın əmrinə uyğun olaraq inkarçılara qarşı çətin və şərəfli mübarizələrini davam etdirir, cəsarətlə onlara qarşı fikri mücadilə aparırlar. Bu, Allahın əmridir:

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54)

Peyğəmbərimizin (s.ə.v) zamanında möminlərlə inkarçılar arasında müharibələr baş vermişdir. İnkarçılar müharibə zamanı ruhdan düşmüş, tamamilə mənəvi sarsıntıya uğramışdır. Peyğəmbərimiz (s.ə.v) və səhabələr özlərindən sonra gələn bütün müsəlmanlara nümunə olacaq güclü cəsarət göstərmişlər. Bəzi müsəlmanlar müharibədə mallarını, bədən üzvlərini, qollarını, ayaqlarını itirmiş, bəzilərinin yaxınları şəhid olmuş, amma cəsarətlərini itirməmişlər. Allah Quranda keçmişdə yaşayan müsəlmanların çox mərd olduqlarına, başlarına bir müsibət gəldikdə “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” (Bəqərə surəsi, 156) dediklərinə diqqət çəkir. Onların bu cəsarətləri Allaha, Peyğəmbərimizə (s.ə.v) və Qurana nə qədər bağlı olduqlarını göstərir. Münafiqlər havanın isti olduğunu bəhanə edərək müharibədən qaçarkən, möminlər mallarını və canlarını ortaya qoyaraq mübarizə aparmışlar.

Peyğəmbərimizə (s.ə.v) müharibə əmri olan ayələr endirildiyi zaman münafiqlər özlərini biruzə vermişlər. Müharibə əmri gəldikdə özünü müsəlman olaraq tanıdan bir çox insanın qəlbindəki xəstəlik üzə çıxmışdır. Allah bu insanların vəziyyətini aşağıdakı ayə ilə xəbər vermişdir:

Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün!… (Muhəmməd surəsi, 20)

Bu ayədən də məlum olduğu kimi münafiqlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri qorxaq olmalarıdır. Bir başqa ayədə Allah bu cür buyurur:

Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki söykədilmiş dirəklərdir. Onlar hər bir qışqırığın öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər! (Münafiqun surəsi, 4)

Müharibə əmri gəlməzdən əvvəl Peyğəmbərimizə (s.ə.v) müsəlman olduqlarını deyən, müharibə olsa mütləq müharibəyə qatılacaqlarına dair söz verən münafiqlər müharibə əmri gəldiyi zaman özlərini elə aparmışlar ki, sanki müharibəyə getmək istəyənlər bunlar deyilmiş. Halbuki vədlərini yerinə yetirsəydilər daha gözəl olardı. Allah bununla əlaqədar olaraq bu cür buyurur:

… Amma onlara daha çox yaraşardı - İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı! (Muhəmməd surəsi, 20)

Allaha və axirətə tam şəkildə iman etmədikləri üçün müharibəyə getməkdən qorxmuş, möminlərin göstərdikləri cəsarəti göstərməmişlər. Halbuki səmimi möminlər bu ayələri eşitdikləri zaman şövqləri daha da artmışdır. Allah bir ayədə möminlərin qərarlılığını vurğulayarkən “… Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.” (Əhzab surəsi, 23)-deyə buyurur. Həqiqi imana sahib olmayanlar isə bu cür çətin imtahanlarda özlərini ələ vermişlər. Çünki cəsarət təqlid edilməyən mömin xüsusiyyətidir. Allah insanlar üçün bir çox imtahan mühiti yaratmış, bu imtahanlarda kimin doğru, kimin yalan danışdığını aşkar etmişdir.

Allah Quranda möminlərin gözəl əxlaqından, Özünə olan bağlılıqlarından davamlı bəhs edir, onların cəsarətlərini bir çox ayədə nümunə göstərir. Peyğəmbərimizin (s.ə.v) dövründə yaşanan bu nümunələrdən biri belədir:

Möminlər ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)

Yuxarıdakı ayədən də məlum olduğu kimi möminlər sadəcə Allaha güvənib sığınan insanlardır. Allaha tam təslimiyyətlə təvəkkül etmişlər. Düşmənlərinin onlara qarşı toplanmasından məyus olmurlar. Çünki düşmənlərini də, qarşılaşdıqları çətinlikləri də yaradan Allahdır. Allahın gücünün hər şeyi əhatə etdiyini, düşmənlərin də müstəqil gücə sahib olmadığını bilirlər. Buna görə də ayədə xəbər verilən hadisələrlə rastlaşdıqları zaman hər şeyin yaradıcısı olan Rəbbimizə təvəkkül edirlər. Əleyhlərində görünən hadisələri xeyrə yozmaları, hər hadisədə Allaha yönəlmələri və heç vaxt keflərini pozmamaları inkar edənlərin qorxmasına səbəb olur.

Quranda mömin xüsusiyyəti olaraq göstərilən cəsarətin ən çox təcəlli etdiyi insanlar isə heç şübhəsiz, peyğəmbərlər olmuşdur. Quranda peyğəmbərlərin və təqvalı möminlərin yaşadıqları hadisələrdəki cəsarət nümunələrindən bəziləri bunlardır:

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)

Peygəmbərimiz (s.ə.v) Allahın Quranı vəhy etdiyi və göndərdiyi sonuncu peyğəmbərdir. Sahib olduğu gözəl əxlaq, Allaha və Allahın dininə olan bağlılığı bir çox Quran ayəsində bütün müsəlmanlara nümunə göstərilmişdir. Din düşmənlərinin qarşı çıxdığı, təzyiq göstərməyə çalışdığı Peyğəmbərimiz (s.ə.v) düşmənlərindən qorunmaq üçün dostu ilə hicrət etmiş və yolda bir mağaraya sığınmışdır. Mağaradakı söhbətləri, dostuna söylədikləri Allaha olan güvənini və bundan qaynaqlanan cəsarətini çox gözəl vurğulayır:

Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 40)

Peyğəmbərimiz yanındakı dostuna Allahın onlarla birlikdə olduğunu, buna görə də qəmlənməməsini xatırladaraq müsəlmanlara nümunə olmuşdur. O dövr inkarçılarla qızğın müharibələr baş vermişdir. Bu cür çətin zamanda Allahın dini üçün mübarizə aparan hamı böyük cəsarət nümayiş etdirmişdir. Peyğəmbərimiz (s.ə.v) isə bütün müsəlmanların rəhbəri olaraq ən çox təzyiqlərə məruz qalmış və sahib olduğu cəsarətlə möminlərə nümunə olmuşdur.

Hz. İbrahim

Hz. İbrahim Allahın Quranda bir çox mövzuda nümunə göstərdiyi peyğəmbərdir. Son dərəcə güclü imana sahib olması, Allaha çox böyük təvəkkülünün olması və cəsarətlə inkarçılara qarşı mübarizə aparması hz. İbrahimin əhəmiyyətli xüsusiyyətlərindəndir. Allah bir ayəsində hz. İbrahimin “özünün bir ümmət” (Nəhl surəsi, 120) olduğundan bəhs etmişdir. Bu, bütün müsəlmanlara nümunədir. Hər müsəlman hz. İbrahimi özünə nümunə götürərək “öz-özlüyündə ümmət” ola bilməli, yəni tək qalsa belə, Quranı yaşayan, həmçinin insanlara da yaşadan iman, cəsarət və qərarlılığa sahib olmalıdır.

Hz. İbrahimin Allah qorxusundan qaynaqlanan güclü ağılla birləşən cəsarəti bir çox ayədə nümunə verilmişdir. Quranda keçən bir qissədə İbrahim Peyğəmbərin bütlərə sitayiş edən inkarçılara qarşı göstərdiyi cəsarətdən belə bəhs edilir:

Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi. Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz? Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz? Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (İbrahim) ulduzlara bir nəzər saldı. Və dedi: “Mən xəstəyəm!”. Ondan üz çevirib getdilər. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib dedi: “Məgər yeməyəcəksiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi. (Saffat surəsi, 83-93)

Ayələrdə gördüyümüz kimi hz. İbrahim tək olmasına baxmayaraq, bütün qövmə qarşı çıxmış və bütlərin ilah olmadığını, əksinə, insanların taxtadan yonub hazırladığı əşyalar olduğunu çox ağıllı şəkildə izah etmişdir. İnkarçılar bu zamana kimi bütlərə qarşı çıxan heç kimlə rastlaşmadıqları üçün çox qəzəblənmiş, onu cəzalandırmaq istəmişdir:

(Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi. (İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” Onlar dedilər: “Bunun (İbrahim) üçün bir bina tikin, özünü də oda atın!” Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil bir vəziyyətə saldıq. (İbrahim) dedi: “Mən Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” (Saffat surəsi, 94-99)

Hz. İbrahim xalqın qəzəbinə və düşmənçiliyinə baxmayaraq, Allahın varlığından və birliyindən bəhs etməyə davam etmiş, öhdəsinə düşən təbliğ vəzifəsini böyük cəsarətlə yerinə yetirmişdir. Bütün varlıqların, şiddətlə özünə qarşı çıxan qövmü də daxil olmaqla, bütün insanların Allahın nəzarətində olduğunu bilərək, Rəbbimizə güvənmiş və gözəl əxlaq nümayiş etdirmişdir. Qövmün qabaqcılları bütün bunlardan narahat olmuş, onu oda atmaq istəmişlər. Ancaq Allah möcüzə yaradaraq onu oddan qorumuşdur. Bu, Allahın Öz yolunda qorxmadan mübarizə aparan qullarına etdiyi kömək vədinin sübutudur.

Hz. İbrahimin Allaha olan bağlılığı və göstərdiyi cəsarət başqa ayələrdə də bu cür təsvir edilmişdir:

Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız? Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! (Ənam surəsi, 80-82)

Hz. Musa

Hz. Musanın həyatına da Quranda geniş şəkildə yer verilmişdir. Onun inkar edən zalım qövmə qarşı göstərdiyi cəsarəti və səbri də müsəlmanlar üçün çox gözəl nümunədir. Misirin hakimi Firon din əxlaqından uzaq, təzyiqlə dolu sistemi ilə hamını özünə tabe etmiş, qəddar üsulları ilə hər tərəfə qorxu salmışdır. Ayələrdən də gördüyümüz kimi Firon o dövrdə özünə itaət etməyənlərə işgəncə etmiş, qollarını və ayaqlarını çarpaz şəkildə kəsdirmişdir.

Allah bu cür mühitdə hz. Musanı uşaq vaxtlarında sarayına gətirib böyüdən Firon və ətrafındakıları din əxlaqına dəvət etməklə vəzifələndirmişdir. Gözəl əxlaqdan uzaq, insanlara etdiyi zülmlərlə tanınan Firona qarşı mübarizə aparmaq, şübhəsiz, güclü iman və cəsarət tələb edir. Hz. Musa da Allahın verdiyi iman və qərarlılıqla Firona xəbərdarlıq etmiş, məsləhət vermişdir. Firon öz sarayında böyüyən hz. Musanın Allaha iman edərək onun batil sistemindən üz çevirməsinə çox qəzəblənmişdir. Fironun bu qəzəbi Quranda bu cür xəbər verilir:

(Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon onu tanıyıb) dedi: “Biz səni körpə uşaq ikən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!” (Şuəra surəsi, 18-19)

Sonra Firon hz. Musanı sorğu-suala tutur. Düşünür ki, əgər mübahisə zamanı qalib gəlsə, artıq mövzu bağlanacaq. Tanıdıqlarını ətrafına toplayaraq hz. Musanı gözdən salmağa çalışır. Bunun da faydasız olduğunu gördüyü zaman onu həbsə atmaqla təhdid edir. Hz. Musa Allahın varlığını qətiyyətlə, fasiləsiz olaraq onlara təbliğ edir.

Hz. Musa möcüzə göstərdikdə Firon vəziyyətin ciddi olduğunu başa düşür. Lakin bu dəfə də hz. Musanın sehrbazlıq etdiyini düşünür. Qürurundan hadisənin möhtəşəmliyini görə bilmir. Ətrafındakı insanlarla birləşib hz. Musaya tələ qurmağa çalışır.

Hz. Musa Fironun zalım və qəddar hökmdar olduğunu bilməsinə baxmayaraq, zəiflik göstərmədən Allahın əmrini yerinə yetirmişdir. Bütün təhlükələri nəzərə alaraq Fironun qarşısına çıxmış, onu batil dinini tərk edərək Allaha iman etməyə dəvət etmişdir. Hz. Musa Fironun ölüm hökmü verəcəyini bildiyi halda, heç bir tərəddüd etmədən ona Allahın əmrini təbliğ etmişdir. Fironun etdiyi təhdidlər hz. Musanı yolundan döndərməmişdir:

(Firon “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” – dedi. (Musa) dedi: “Əgər sənə açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?” (Şuəra surəsi, 29-30)

Firon hz. Musaya qarşı sehrbazları toplamış, hz. Musa onların sehrlərini puç etmişdir. Bunu görən sehrbazlar hz. Musaya iman gətirmişlər. Bu zaman imanın qazandırdığı cəsarət sayəsində işgəncə və ölümü gözə alaraq Firondan qorxmadan imanlarını etiraf etmişlər.

Hz. Musanın iman və cəsarətini nümunə götürən sehirbazların bu şərəfli hərəkətlərindən Quranda bu cür bəhs edilir:

Onlar (hamı birlikdə) səcdəyə qapanıb Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə - Musanın və Harunun Rəbbinə!” Firon (onlara) dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz! Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!” (Sehrbazlar) belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbr əta et və bizi müsəlman olaraq öldür!” (Əraf surəsi, 120-126)

Sehrbazların bu hərəkətlərindən görünür ki, iman edən insan bir anda cəsur, qorxusuz, üstün əxlaqlı ola bilər.

Ayələrdən birində isə hz. Musanın Allaha olan güvənini artıq Fironun ordusu tərəfindən ələ keçdiklərini düşündükləri anda belə, itirməməsindən bəhs olunur. Qövmü qorxaraq onu mübarizədə tək qoymuş, tərk edib getmişdir. Ancaq hz. Musa səmimi iman etmiş bir nəfərin cəsarətinin belə, inkar edənlərin qarşısını almağa bəs edəcəyini göstərmişdir. Allah Hz. Musanı Firondan qurtararaq inanan qullarına olan kömək vədini reallaşdırmışdır:

İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri (Firon tayfasını) isə suya qərq etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Şuəra surəsi, 61-68)

Hz. Süleyman

Hz. Süleyman da gözəl əxlaqın yayılması üçün cəsarət və qərarlılıqla cəhd edən peyğəmbərlərdən biridir. Allah ona böyük hakimiyyət nəsib etmiş, o da insanlar arasında gözəl əxlaqın hakim olması üçün var gücü ilə çalışmış, bu məqsədlə bənzərsiz üsullardan istifadə etmişdir. Bir çox qövm onun bu üstün vəsflərinə, cəsarətinə, əzm və qərarlılığına heyran qalmışdır. Böyük ordulara sahib olan Səba hökmdarı və qövmünü imana dəvət etmək üçün çox təsirli üsullardan istifadə edərək onlara xəbər yollamışdır:

(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı). O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır). (Məzmunu belədir ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin!”.

(Bəlqis) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!”

Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!”

(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər.

Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!

(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.

Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!” (Nəml surəsi, 29-37)

Hz. Süleymanın bu cür qərarlı və cəsur olması, Allahın rizasını axtarması və dünyəvi heç nəyə tamahının olmaması Səba hökmdarına dərindən təsir etmiş və imanına vəsilə olmuşdur:

… (Bəlqis) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44)

Hz. Nuh

Hz. Nuh da söz eşitməyən qövmünə Allahın dinini qərarlılıqla təbliğ edən peyğəmbərlərdən biridir. Uzun müddət qövmünü doğru yola dəvət edən hz. Nuh müxtəlif üsul və taktikalardan istifadə etmişdir. Ancaq qövmü onu anlamadıqları üçün doğru sözə qulaq asmağa belə dözməmişlər. Bütün peyğəmbərlər kimi hz. Nuhu da təhdid etmişlər. Hz. Nuh bütün bunlara baxmayaraq səbr və qərarlılıqla Allahın varlığı və birliyindən, axirətdən bəhs etmiş, lakin qövmündən iman edənlərin sayı çox az olmuşdur. Hz. Nuhun mübarizəsi ayələrdə bu cür xəbər verilir:

O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”. (Nuh surəsi, 5-9)

Hz. Nuh da digər peyğəmbərlər kimi inkarçıların təhqir, təhdid və hücumlarına məruz qalmışdır.

Onlar: “Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər. (Şuəra surəsi, 111)

Onlar dedilər: “Ey Nuh! Əgər (dediyin sözlərdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!” (Şuəra surəsi, 116)

Lakin zəiflik göstərmədən, cəsarət və qərarlılıqla Allahın əmrini qövmünə təbliğ etmişdir. Belə ki, qövmünün içində qaldığı müddət ərzində bu gözəl və üstün əxlaqı üzərində əks etdirmişdir.

Hz. Nuhda gördüyümüz əxlaq qınayanın qınamasından qorxmayan, əksinə yalnızca Allahın rizasını itirməkdən qorxan və Ona tam təslimiyyətlə güvənən mömin əxlaqıdır. Nuh Peyğəmbər bu gözəl əxlaqı ilə özündən sonra yaşayan bütün müsəlmanlara nümunə olmuşdur.

Hz. Nuh, qövmünün istehzalarını, azğınlıqlarını gözə alaraq sadəcə Rəbbimizin əmrlərini yerinə yetirmiş və Allahın kömək etmək barədə vədinə qəti şəkildə iman etmişdir:

“Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə. Çünki onlar suda boğulacaqlar!”

(Nuh) gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!” (Hud surəsi, 37-39)

Allah uzun mücadilədən sonra hz. Nuhun inkar edən qövmünü cəzalandırmış, ona lağ edən, əziyyət verən və təhdid edənləri suda boğmuşdur. Hz. Nuh və onunla birlikdə olan möminləri isə qurtarmışdır. Allah Hz. Nuh qissəsi vasitəsiylə Öz yolunda cəsarət və qərarlılıqla mücadilə edənlərin etdiklərini qarşılıqsız qoymayacağını, səbir etdikləri üçün dünyada və axirətdə mükafatlandıracağını, onlara əziyyət edib mane olmaq istəyənlərdən də mütləq intiqam alacağını xəbər vermişdir.

Hz. Məryəm

Hz. Məryəm Quranda iffəti, səbri, səmimiyyəti, imanda qərarlılığı və “qınayanın qınamasından qorxmaması” ilə tanınan mömindir. Allah hz. Məryəmi seçmiş və möcüzəvi şəkildə tərbiyə etmişdir. Hz. Məryəm Allaha olan yaxınlığı və əxlaqıyla bütün qadınlardan üstün edilmişdir:

Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər! (Ali-İmran surəsi, 37)

Allahın yaratdığı bir möcüzəylə hz. İsaya hamilə qalan hz. Məryəm Allahın əmrlərinə laqeydlik göstərmədən, əmr edilən hər şeyi tam şəkildə yerinə yetirmişdir.

Hz. Məryəm Allaha son dərəcə bağlı və iffətinə düşkün, mübarək insan idi. Allah hər zaman işlərində ona kömək etmiş və hər işini xeyirlə nəticələndirmişdir. Hz. Məryəm hər işin Allahın iradəsində olduğunu heç unutmamış və özünü qövmünün atdığı əsassız böhtanlardan yenə də Allahın təmizə çıxaracağını bilmişdir.

Belə ki, Allah da bu işi hz. Məryəm üçün asanlaşdırmış və ona “sükut orucu” tutmasını vəhy etmişdir. Allah hz. Məryəmə qövmü onunla danışmaq istədikdə susmasını və onu günahlandıranlara hz. İsanı göstərməsini bildirmişdir. Beləliklə, hz. Məryəm Allahın köməyi ilə sıxıcı söhbətlərdən uzaq tutulmuşdur. Allah bu şəkildə hz. Məryəmə kömək etmiş və hz. İsa vasitəsiylə qövmünə açıqlama gətirmişdir.

Allahın yaratdığı bu möcüzə ilə qövmünün hz. Məryəmə qarşı qurduğu tələ də pozulmuşdur. Bu hadisə Quranda bu cür xəbər verilir:

(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Məryəm surəsi, 20)

(Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!” (Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışacaq?” – dedilər. (İsa) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi. (Məryəm surəsi, 27-30)

Müxtəlif böhtanlara məruz qaldığı halda şövq və qərarlılığını qoruyan hz. Məryəm cəsarəti, əzmi ilə bütün möminlərə nümunə olmuşdur. Allahın Quranda bütün möminlərə nümunə göstərdiyi üstün məqama yüksəlmişdir:

Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi. Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu. (Təhrim surəsi, 11-12)

Hz. Lut, Hz. Şüeyb, Hz. Hud

Lut, Şüeyb və Hud peyğəmbərin də qövmü azğınlıq etmiş, gözəl əxlaqdan tamamilə uzaqlaşmışlar. Lut qövmünü digər qövmlərdən fərqləndirən xüsusiyyət onların cinsi azğınlıq göstərmələri idi. Qövmünü əxlaqlı olmağa dəvət edən hz. Lutun sözlərini dinləməyən qövmü hz. Lutdan və onun təlqinlərindən azad olmağın yolunu onu qövmündən uzaqlaşdırmaqda görmüşlər. Ancaq azğın qövm yaxınlaşan təhlükədən xəbərdar olmamışdır. Allah hz. Luta mələklər göndərərək qövmün sonunun yaxınlaşdığını müjdələmişdir:

Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!” (Lut) tayfasının cavabı: “Onları məmləkətinizdən çıxarın, çünki onlar təmiz adamlardır!” – deməkdən başqa bir şey olmamışdı. (Əraf surəsi, 80-82)

(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?” (Hud surəsi, 81)

Ayələrdən də gördüyümüz kimi hz. Lut Allaha güvənərək qövmünü xəbərdar etmiş və bunun qarşılığında sürgünlə təhdid edilmişdir. Lakin bu, hz. Lutu qorxutmamış və Allahın köməyinin yaxın olduğunu bilmişdir.

Hz. Şüeyb qövmünün qabaqcılları da qeyri-qanuni işlər görür, zorbalıq edirdilər. Onlar hz. Şüeybə tələ qurur, ona və yanındakılara təzyiq edərək hər cür ədalətsizliyi edirdilər.

Qövmü Şüeyb Peyğəmbərin ətrafındakı yaxınlarından qorxduğu üçün çox pis üsullardan istifadə edə bilmirdi. Hz. Şüeyb isə haqq dini təbliğ etməkdə və yaşamaqda laqeydlik göstərməmiş, nümunəvi şəkildə mücadilə aparmışdır. Hər zaman yaxınlarına deyil, Allaha güvəndiyini, qorxacaqlarsa Allahdan qorxmalı olduqlarını vurğulamışdır.

Qövmü iman etdiyi üçün Hz. Şüeybi yurdundan qovmaq və daş-qalaq edərək öldürmək istəmişdir. Bunun nəticəsində də başlarına böyük fəlakətlər gəlmişdir. Quranda Şüeyb peyğəmbərin qövmünə qarşı qərarlı və cəsarətli münasibəti örnək göstərilir:

Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif görürük. Əgər əşirətin olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!”

(Şüeyb) dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir! Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. (Əzabı) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!” (Hud surəsi, 91-93)

Hz. Şueybin qövmünə etdiyi təbliğdən və onlara qarşı apardığı mücadilədən bir çox ayədə bəhs edilir:

Mədyən tayfasına da qardaşları Şüeybi göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!

Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!

Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!”

(Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. (Şüeyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)? Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!” (Əraf surəsi, 85-89)

Bütün elçilər kimi hz. Hud da qövmünü doğru yola dəvət edib, xəbərdar etdiyi zaman hücum və təhdidlərə məruz qalmışdır. Camaat onu dəli adlandırmış, sözləri ilə zərər vermək istəmişdir. Ancaq hz. Hud qövmünün özünə və ətrafındakılarına etdiyi təzyiqləri cəsarətlə qarşılamışdır. Hz. Hudun sözləri Quranda bu cür xəbər verilir:

(Hud) tayfasının kafir başçıları ona: “Biz səni səfehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab verdilər. (Hud) dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! (Əraf surəsi, 66-67)

(Hud) onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu. Sizin və atalarınızın verdiyi adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin! Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” (Əraf surəsi, 71)
(harun yahya MöminlƏrin cƏsarƏti)