"BİLİRDİM, AMMA ZAMANIM VƏ İMKANIM YOX İDİ" DEYƏRƏK ÖZÜNÜ ALDADANLAR



Allah Quranı bütün insanlara yol göstərici kitab olaraq göndərmişdir. Qiyamətə qədər bütün insanlar Quranda bildirilən əmrlərə tabe olmaqla, ibadətləri yerinə yetirməklə məsul sayılırlar. Allahın Quranda istisna olaraq bildirdiyi hallar xaricində hər insan ibadətləri yerinə yetirib yetirmədiyi haqqında din günü hesab verəcək. Buna görə Allahın bildirdiyi istisnalar xaricində öz-özünə bəzi bəhanələr uyduraraq, Allaha qulluq vəzifəsini yerinə yetirməyən adam, özünü aldatmış olur. Bu açıq gerçəyə baxmayaraq insanlar davamlı olaraq bəhanələr uydurur və Allaha qarşı olan məsuliyyətlərini göz ardı edirlər.

Məktəb illərində ayrı, iş həyatına başladıqda ayrı, evlənincə, uşaqları olunca ayrı bəhanələr irəli sürərlər. Din əxlaqını yaşamağa səmimi niyyətləri olmadığı üçün müxtəlif mövzuları ibadətlərini yerinə yetirmələrinə mane olaraq görərlər. Qarşıya qoyduqları maneələrdən ən əsası isə zamanlarının və imkanlarının olmaması iddiasıdır.

Gündəlik həyatları boyunca insanlar bir çox işə rahatlıqla zaman ayırırlar. Xüsusilə bir mənfəətləri olduğunda, lazım olsa başqa istəklərindən keçir, amma yenə də o iş üçün lazım olan zamanı nizamlayırlar. Eləcə də imkanları olmadıqda, bütün maneələri qaldıracaq çarələri də çox tez düşünüb tapırlar. Ancaq ibadətlərdən söz getdiyində insanların çoxu eyni qərarlılığı göstərmir.
"Namaz qılmaq istəyirəm, amma vaxt tapa bilmirəm", "işləyirəm, necə oruc tuta bilərəm", "məktəbə gedirəm, dərsə hazırlaşmalıyam, ibadətə vaxt ayıra bilməm", "bura bağ evidir, burada oruc tuta bilmərəm" kimi bəhanələr uyduran insanlara ətrafınızda tez-tez rast gəlmisiniz. Eyni şəkildə "səbrli insan olmaq istəyirəm, amma hər şey bir-birinin ardınca olur", "hirslənmək istəmirəm, amma mühit çox stresslidir" kimi bəhanələrlə çirkin əxlaq göstərən insanları çox görmüsünüz. Bu insanlar əslində Quran əxlaqını həyata keçirməyə səmimiyyətsiz yanaşırlar. Çünki bir az əvvəl də ifadə etdiyimiz kimi, insanlar dünyaya aid bir mənfəət ümid etdiklərində, zamanı və imkanları göz ardı edərək, lazım olduğunda hər cür çarəni taparaq istədikləri şeyi edərlər. Amma mövzu özlərini yaradan və yaşadan Allaha qarşı yerinə yetirilməsi lazım olan məsuliyyət olduğu zaman, dərhal qeyri-mümkünlüklərdən şikayət etməyə başlayarlar.

Bu mövzunun daha konkret şəkildə aydın ola bilməsi üçün belə bir nümunə verək. Bir insana, gündə 1 saatını ayıraraq bir iş görməsi qarşılığında çoxlu miqdarda pul təklif edilsə (məsələn, aylıq qazandığı maaşın 10 qatının ödənəcəyi deyilsə), bu adam imkanları necə olursa olsun, dərhal təklifi qəbul edər. Üstəlik bu insan bir tərəfdən universitet imtahanına hazırlaşa bilər və ya eyni zamanda işləyə bilər. Hər nə olursa olsun, lazım olsa yuxusundan keçər, lazım olsa özünə ayırdığı vaxtdan azaldar, amma zamanı problem olaraq görməz. Eyni şəkildə bütün imkanlarını da dərhal bu işə uyğun hala gətirər. Bu, dünya üzərindəki insanların çoxuna aid olan, inkar edilməsi qeyri-mümkün gerçəkdir.

Buna görə, əgər insan eyni qərarlılığı Allahın razılığı üçün göstərməzsə, bu, böyük bir səmimiyyətsizlik və vicdansızlıq olar. Üstəlik insan etdiyi ibadətlər qarşılığında üç beş manatla müqayisə edilməyəcək qədər qiymətli qazanca qovuşacaq, sonsuza qədər Allahın rəhmətini və cənnətini qazanacaq.

Amma insanların çoxu sahib olmağa çalışdıqları malların, pulların, daşıdıqları kredit kartlarının, yığdıqları dollarların, xoşlarına gələn evlərin, avtomobillərin, gözəl geyimlərin sehriylə Quran əxlaqını bir kənara buraxar, axirəti unudar və dünyaya meyl edərlər. "Vaxtım yoxdur", "çox məşğulam", "görüləcək işlərim var", "işim var", "ideallarım var", "gələcəkdə edərəm" kimi sözlərlə özlərini aldadar, axirət qazancını təmin edəcək ibadətlərə yönəlməzlər. Allahın əmr etdiyi gözəl əxlaqı yaşamaz, namaz qılmaz, oruc tutmaz, Allahın özlərinə verdiklərindən ehtiyacı olanlara verməz, yalnız dünyada qazanc əldə etməyə çalışaraq ömürlərini keçirərlər.

Allah dünyada özlərini aldadaraq, söylədikləri bəhanələrin qəbul ediləcəyini zənn edən və buna görə ibadətlərini yerinə yetirməyən və ya durmadan təxirə salan insanların axirətdə qarşılaşacağı vəziyyəti bizə belə bildirmişdir:

O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! (Qiyamət Surəsi, 13-15)

Buna görə siz də diqqət yetirin, əsla bu insanlar kimi axirətdə etibarlı olmayacaq bəhanələri dünyada səbəb göstərərək özünüzü aldatmayın. Ayədə bildirildiyi kimi, hər nə bəhanə olursa olsun, siz əslində bunun doğru olmadığını qavraya biləcək "bəsirətə" sahibsiniz. Əgər nəfsinizə uysanız, bunun hesabını Rəbbimiz olan Allaha verə bilməzsiniz. Sizin onsuz da hazırda dünyada yaşama məqsədiniz Allaha qulluq etməkdir. Etməli olduğunuz digər işlərin heç biri bundan daha önəmli və əhəmiyyətli deyil. Çünki əbədi qurtuluşunuz, ancaq Allahın rəhmətini qazanmaqla mümkündür.
(sitat harun yahya nə üçün özünü aldadırsan)