Dünən Sumqayıt şəhərində baş vermiş silahlı insidentin nəticəsində insanların ölümündə və yaralanmasında şübhəli bilinən cinayətkarların fotorobotu tərtib olunub.

Bu barədə "Trend News"a müstəntiq Emil Mirzəyev məlumat verib. "Şübhəli şəxslərin fotorobotları polis bölmələri arasında yayılıb. Hazırda cinayətkarların axtarışları davam edir",-deyə Mirzəyev bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevin ANS PRESS-ə verdiyi məlumta görə, insident Sumqayıtın 1-ci mikrorayon ərazisində qeydə alınıb. Prokuror köməkçisinin sözlərinə görə, adı hələ müəyyən edilməyən iki nəfər naməlum şəxs valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayev və onun atası 53 yaşlı İsmayıl Balayevə odlu silahdan atəş açıb. Nəticədə V.Balayev hadisə yerində dünyasını dəyişib. Onun atası isə 1 saylı Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib. Hazırda o, reanimasiya şöbəsində şok vəziyyətindədir.

Prokuror köməkçisi qətlə yetirilən V.Balayevin millət vəkili İqbal Ağazadənin bacısının qaynı olduğunu bildirib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Naməlum şəxslərin tapılması istiqamətində Sumqayıt şəhər hüquq-mühafizə əməkdaşları əməliyyat axtarış tədbirlərini davam etdirir.