İnternet-mağaza sahəsində xidmətlər göstərən ABŞ-ın eBay şirkəti Skype səsli və video rabitə servisinin ona məxsus 70 faizini investorlar qrupuna satıb. Bu qrupa Andreessen Horowitz group, Silver Lake və Skype-in həmtəsisçisi Joltid Ltd şirkətləri daxildir. Sazişin məbləği təxminən 2,025 milyard dollar təşkil edir, Interfax yazır.
Skype səhmlərinin qalan 30% eBay-da qalacaq. Xatırladaq ki, eBay Skype şirkətini 2005-ci ildə 2,6 milyard dollara əldə etmişdir.
Skype dünyanın ən iri VoIP-rabitə şəbəkəsidir. Hazırda bu servisin bazasında 521 milyon qeydiyyat yazısı mövcuddur. Gündəlik şəbəkədə olan fəal istifadəçilərin sayı isə 40 milyondan artıqdır. Skype-in 2009-cu ilin üçüncü rübündə əldə etdiyi mədaxil 180 milyon dollar olub. Skype bu gün ən əhəmiyyətli internet-şirkətlərdən biri hesab olunur.