1982-ci il noyabırın 3-də Naxçıvan torpağında qeyri adi hadisə baş verib. Böyük Azərbaycan şairi Hüseyn Cavid (1882-1941) 100 yaşının tamamında dəfn edilib. Dahi ustad ölümündən 41 il sonra öz doğma torpağına tapşırıldı. Bu filmdə böyük şairin çətin, keşməkeşli və bir qədər də haqsız həyatından söhbət gedir. Ölməz sənətkar keçən əsrin otuzuncu illərində represiyya qurbanı olmuş minlərlə istedadlı şəxslərdən biri idi. Çox saylı təqib və həbslər nəticəsində Hüseyn Cavid öz yaradıcılığına son qoymalı olur. 1939-cu ildə onu Irkutsk vilayətinə Sibirə sürgünə gördərirlər. Böyük şair 1941-ci ildə sürgündə, qərib diyarda dünyasını dəyişir. Buna baxamayaraq Hüseyn Cavid bir çox nəsillərə öz zəngin əsərlərini bəxş edib. Bu günlərdə onun "Azərbaycan" poeması, "Ana", "Peyğəmbər", "Topal Teymur" dramları "Şeyx Sənan" faciəsi və s əsərləri istər yaşlı nəsildə, istər gənclər arasında maraqla və böyük rəğbətlə oxunulur, mütaliə edilir. Film Hüseyn Cavidi tanıyan, onunla ünsiyyətdə olan Qulam Məmmədlinin, Cəfər Rəmzi Ismayılzadənin, Tağı Tağıyevin, Nigar Qasımovanın, Rəşid Fətəliyevin xatirələri üstündə qurulub. Filmdə Hüseyn Cavidin ailəsinin yeganə yadigarı olan qızı Turan Cavidin öz atasının həyatından bəhs edən xatirələrinə də böyük yer verilib. Şairin ölməz əsəri "Iblis"dramının televiziya tamaşasından epizodlar daxil edilib. Həmçinin Irkutsk vilayətinin Şevçenko kəndində azərbaycanlılardan ibarət ekspedisyanın böyük şairin qəbrinin axtarış işləri də lentə alınıb. Filmin finalında Ömər Eldarovun yaratdığı indiki Hüseyn Cavid prospektində yerləşən ölməz sənətkarın heykəlinin açılış mərasimi verilib.
Ssenari müəllifi: Rafael Hüseynov
Rejissor: Zəyyar Ağayev
Operator: Nəriman Şıxaliyev
Səs rejissoru: Firudin Hüseynov
Redaktor: Əhməd Əsgər
Direktor: Ələddin Vəliyev

Film 1992-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.