Amerikalıların “feel good movie” (”özünü yaxşı hiss et filmi”) adlandırdıqları bir şey var.

Qısası, bu ifadə kinodan çıxarkən üzünüzdə təbəssüm əmələ gətirən, ürəyinizi sakit, könlünüzü xoş edən filmlər haqqında işlədilir. Təbii ki, “özünü yaxşı hiss et filmi”ni ayrıca bir kino janrı qəbul etmək olmaz, bu, fantastik film də ola bilər, dramatik film də. Hər halda hər bir kinosevər, heç olmasa, ayda bir dəfə bu filmlərdən birinə baxmaq istər.
Belə filmlərdən biri “Balaca gün işığı” (“Little miss sunshine”) filmidir. Bu filmə baxan adam bir də baxmaq istəyir, baxmayan isə çox şey itirir. Bir-birindən fərqli altı nəfərdən ibarət, göy qurşağı kimi rəngarəng, lakin qanadsız quş kimi uğursuz və çarəsiz bir ailənin hekayəsidir. Ana, ata, baba, qardaş və böyük oğul hamısı birlikdə köhnə bir “Folksvagen” minibusuna minib, ailənin kiçiyi Olivin qatılacağı “Little miss sunshine” yarışına gedirlər. Yolda başlarına cürbəcür hadisələr gəlir. Maşınları xarab olur, pullarını itirirlər, onlardan biri ölür. Hər halda bu filmə baxan adam vaxtını itirmiş olmaz. Aşağıda oxuculara bir neçə “özünü yaxşı hiss et filmi” haqqında qısa məlumat veririk.

“Ellinq” (2001) (“Elling”)
Rejissor: Petter Naess
Rollarda: Per Kristian Ellefsen, Sven Nordin
Norveç filmidir. 2001-ci ildə “Ən yaxşı xarici film” nominasiyasında “Oskar”a namizəd olub. Bədəninin yaşı böyük, beyninin yaşı kiçik 40 yaşlı Ellinq anasının vəfatı ilə qəflətən yalqız qalır. O vaxtadək ona yalnız anası baxdığından qarşıdakı həyata uyğunlaşmaqda onu böyük çətinliklər gözləyir.

“Ameli” (2001)
(“Le Fabuleux destin d'Amelie Poulin”)

Rejissor: Jan-Pyer Jönet
Rollarda: Odri Tauto, Mettyu Kassovitz
Bəlkə də çoxları bu filmi görüb, ya haqqında eşidib. Gənc Ameli Polin Paris küçələrində asudə, sərbəst gəzib dolaşan bir qızdır. Həm də rastlaşdığı hər kəsə yaxşılıq etmək arzusundadır. Yeni əsrin ən gözəl filmlərindəndir...

”İyulda” (2000)
“İm Juli”

Rejissor: Fatih Akın
Rollarda: Moritz Blebtro, Kristian Pol
Hamburqdan yola çıxıb, türk qızının dalınca düşən alman müəllim Daniel səfərinin minlərlə kilometrlik məsafədə yerləşən Ortaköydə başa çatacağını təsəvvürünə belə gətirmir. Fatih Akının ən gözəl, ən yumşaq ssenarili filmlərindən biridir.

”Məhəbbət hər yerdə” (2003)
(“Love Actually”)

Rejissor: Riçard Kurtis
Rollarda: Keyra Naytli, Kolin Förz
İngiltərənin hər yerini məhəbbət alovu bürüyüb. Ev qulluqçusundan tutmuş ölkənin baş nazirinədək hamı... Bir filmdə bir düjün məhəbbətin romantik münasibətlərindən bəhs etməklə rekord vuran bu ekran əsəri adını kino tarixində müstəsna bir yerə yazdırıb.

“Oyaq qalanlar” (1998)
(“Waking Ned”)

Rejissor: Kirk Cons
Rollarda: Devid Kelli, Fionnula Flanaqan
Lotereyada pul udduğunu bilən kimi həyəcandan ölən qoca Ned və uduşu ala bilmək üçün Nedi diri qələmə verməyə çalışan qoca dostlarının komik macəralarından bəhs edir. Əsl ingilis yumorudur.

“Məhəbbətə cəsarətin çatarmı?” (2003)
(“Jeux d'enfants”)

Rejissor: Yann Samuel
Rollarda: Gilyöm Kane, Marion Kotilar
Uşaq yaşlarından dost olan Jülen və Sofinin qəribə bir oyunları var. Növbə ilə bir-birinə ən ağlasığmaz əmrlər verərək, cəncələ salırlar. Bundan da həzz alırlar. Film tamaşaçıda “Oynamaq uşaq işidirmi?” sualını oyadır.

”Avtostopçunun qalaktika bələdçisi” (2005)
(“The Hitcchiker's Guide to the Galaxy”)

Rejissor: Qart Cenninqs
Rollarda: Martin Friman, Sem Rokvell
Başqa planetdən gələnlərin bütün Yer kürəsində təmir-bərpa işləri aparması səbəbindən evsiz qalan Artur Dent qalaktikalararası bir səyahətə çıxaraq dincliyini pozan bu çəkic səslərini kəsmək qərarına gəlir. Duqlas Adamsın məşhur romanının ekran variantı olan bu fantastik film tamaşaçıların sevimlisinə çevrilə bilib.


İlqar Oqtayoğlu