Hüququ şəxsin ödəməli olduğu vergilər ilk növbədə onun tətbiq etdiyi vergitutma sistemindən asılıdır. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manat və ondan az olan hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Belə ki, hüquqi şəxs sadələşdirilmiş verginin ödəyicisi olduqda, rüb ərzində təqdim edilən mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatdan, habelə satışdankənar gəlirlərin həcmindən Bakı şəhərində 4 faiz dərəcə ilə, digər regionlarda 2 faiz dərəcə ilə sadələşdirilmiş vergini hesablayaraq, dövlət büdcəsinə ödəyirlər. Hüquqi şəxs sadələşdirilmiş vergi ödəyicisi olduqda, ƏDV, mənfəət vergisi və əmlak vergisinin ödənilməsindən azaddırlar. Hüquqi şəxs sadələşdirilmiş verginin tətbiqindən imtina edərək mənfəət vergisinin ödəyicisi olduqda, hesabat ili ərzində əldə olunan vergi tutulan gəlirlə bu gəlirin əldə olunması üçün çəkilən və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə vergi hesablayır və dövlət büdcəsinə ödəyir. Eyni zamanda, mənfəət vergisinin ödəyicisi olan hüquqi şəxs dövlət büdcəsinə balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 faiz dərəcə ilə əmlak vergisini də hesablamalı və ödəməlidir. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manatdan artıq olan hüquqi şəxslər (Vergi Məcəlləsinin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Vergi ödəyicisi, o cümlədən də hüquqi şəxs ƏDV qeydiyyatına alındıqda, həmin şəxs vergiyə cəlb olunan malların (işlərin, xidmətlərin) təqdim olunmasına 18 faiz dərəcə ilə ƏDV tətbiq etməli və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləğini nəzərə almaqla büdcəyə ödəməlidirlər. Qeyd edək ki, ƏDV ödəyicisi olan hüquqi şəxs eyni zamanda mənfəət vergisinin və əmlak vergisinin də ödəyicisidir. Bundan başqa, hüquqi şəxsin hansı vergitutma sisteminin tətbiq edilməsindən asılı olmayaraq vergitutma obyekti yarandıqda həmin şəxsin aşağıda qeyd olunan vergi öhdəlikləri yarana bilər: - mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olduqda torpaq vergisi üzrə; - mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olduqda yol vergisi üzrə; - fəaliyyəti zamanı yerin təkindən faydalı qazıntılar çıxarıldıqda mədən vergisi üzrə; - fəaliyyəti aksizli malların istehsalı və idxalı olduqda, aksiz vergisi üzrə (bu halda hüquqi şəxs mütləq qaydada ƏDV ödəyicisi olmalıdır); - muzdlu işlə əlaqədar işçilərə ödəmələr edildikdə, ödəmələr edilərkən ödəmə mənbəyində verginin tutulması üzrə (Vergi Məcəlləsinin 101.1-ci maddəsindəki dərəcələrlə); - ödəmə mənbəyində vergitutma obyekti yarandığı hər hansı digər halda (əmlakın icarəyə götürülməsi, royalti, qeyri-rezidentə ödəmələrin edilməsi, dividendlərin verilməsi, faizlərin ödənilməsi) ödəmə mənbəyində verginin tutulması üzrə (müxtəlif dərəcələrlə). Hüquqi şəxsin vergilərinin hesablanmasına dair daha ətraflı məlumatları uçotda olduğunuz vergi orqanının Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Menbe: Vergiler Nazirliyi Saytı