Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə fəaliyyətdə olan daha bir bankın lisenziyası ləğv edilib.

«APA-ECONOMICS»in AMB-nin rəsmi məlumatına əsasən verdiyi xəbərə görə, «Banklar haqqında» qanunun 16.1-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrin əsasında AMB-nin İdarə Heyətinin qərarı ilə «Birlik Bank»a bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib.

Həmin qərarla «Birlik Bank» ASC-yə müvəqqəti inzibatçılar təyin edilib.

Qeyd edək ki, təsisçisi 20 yerli fiziki şəxs olan «Birlik Bank» 1993-cü ildən fəaliyyət göstərib. Ötən il dekabr ayının 1-nə bankın aktivlərinin həcmi 53,775 mln. manat, depozit portfeli 1 mln. manat, o cümlədən əhalinin əmanətləri 53,310 min manat, kredit portfeli 36,293 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 520,330 min manat, məcmu kapitalı 20,058 mln. manat, o cümlədən nizamnamə kapitalı 16 mln. manat təşkil edib. Bankın ölkə üzrə 3 filialı fəaliyyət göstərib.

Dekabrın 1-nə bankda çalışan işçilərin sayı 35 nəfər, orta aylıq əmək haqqı 169 manat, cəmi müştərilərin sayı 1 233, o cümlədən fiziki şəxslərin sayı 495, hüquqi şəxslərin sayı 738 olub.

Xatırladaq ki, 2010-cu ilin dekabrın 2-də AMB həmçinin «Debütbank» ASC-yə və «Kövsərbank» ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyaları ləğv edib. APA ECONOMICS