“Cherrypal” şirkəti qiyməti cəmi 99 ABŞ dolları olan mini-netbuk təqdim edib. “Cherrypal Africa” adlı qurğu 7 düymlü displey, 400 MQs tezlikli prosessor, 256 Mb həcmli operativ yaddaş və 2 Qb həcmli flaş-yaddaşla təchiz olunub. Netbuk Linux və ya Windows CE əməliyyat sistemləri ilə işləyir.

Bundan əlavə yeni netbukda 8 Qb-dək həcmli SD/MMC yaddaş kartları üçün slot, 10/100 Ethernet və Wi-Fi (IEEE 802.11b/g) kontrollerləri, USB 2.0 portu, iki USB 1.1 portu, iki dinamik və mikrofon təqdim olunur. Onun akkumulyatoru isə qurğunu 4 saatlıq avtonom iş rejimi ilə təmin edir.

Yeni ucuz netbuk dünyanın kasıb əhalisinin internetə çıxış imkanlarını artırmaq üçün nəzərdə tutulub. Bununla yanaşı “Cherrypal Africa” inkişaf etmiş ölkələrdə daha güclü kompyuterə bir neçə yüz dollar xərcləmək imkanı olmayan əhali təbəqəsi üçün də faydalı ola bilər.