2 sonuçtan 1 ile 2 arası

İnternetdə Verilənlər Bazası

  1. #1
    Member
    Üyelik tarihi
    Sep 2018
    Mesajlar
    94

    İnternetdə Verilənlər Bazası

    DƏRS HAQQINDA


    Publikasiya dedikdə, informasiyanın nizamlı şəkildə müəyyən auditoriyaya hər hansı davamlı (ani olmayan) vasitələrin köməyi ilə çatdırılması başa düşülür. Ənənəvi olaraq belə vasitə kimi çıxış edən kağız son minillikdə bu sahənin yeganə tam hüquqlu lideri olmuşdur. Lakin hər şeyin bir sonu olduğu kimi, kağızın əsrlərlə davam edən şəksiz hökmranlığı da, yeni elektron publikasiyaların meydana gəlməsi ilə sona çatdı.GİRİŞ


    Publikasiya dedikdə, informasiyanın nizamlı şəkildə müəyyən auditoriyaya hər hansı davamlı (ani olmayan) vasitələrin köməyi ilə çatdırılması başa düşülür. Ənənəvi olaraq belə vasitə kimi çıxış edən kağız son minillikdə bu sahənin yeganə tam hüquqlu lideri olmuşdur. Lakin hər şeyin bir sonu olduğu kimi, kağızın əsrlərlə davam edən şəksiz hökmranlığı da, yeni elektron publikasiyaların meydana gəlməsi ilə sona çatdı.
    Öz sələfinə nəzərən bir çox üstünlüklərə malik müxtəlif elektron publikasiya vasitələrindən yəqin ki, heç biri imkanlarına görə sürətlə inkişaf edən WWW (World Wide Web - ingiliscə "Dünya Hörümçək Toru") ilə müqayisə oluna bilməz. 1993-cü il İnternetdə meydana gəlmiş Web çox sadə və aydın istifadəçi interfeysi, yaxşı düşünülmüş verilənlərin təsviri dili, multimedia məlumatların istifadəçiyə çatdırılması üçün geniş imkanlara malikdir. Bundan əlavə, böyük həcmdə informasiyanın sürətlə ötürülməsinə şərait yaradan mübadilə protokolu, standartlaşdırılmış müştəri-server münasibətləri və ən əsası, İnternetdən qlobal şəbəkə kimi istifadə edərək, bütün dünyada geniş auditoriyaya müraciət etmək imkanı WWW-ni olduqca əlverişli publikasiya vasitəsinə çevirdi.
    Bu üstünlükləri sayəsində sürətlə yayılaraq, Web texnologiyaları publikasiya işində yeni bir dövrün başlanğıcını qoydu, yeni proqramlaşdırma dilləri, multimedia vasitələri, standart və formatlar meydana gəldi. İnformasiya texnologiyalarının bir çox sahəsinə WWW-nin nüfuz etməsi nəticəsində təbii olaraq müxtəlif sorğu sistemlərində zəruri məlumat mənbəyi kimi vacib rol oynayan Verilənlər Bazasının (VB) Web-də publikasiyası məsələsi ortaya çıxdı. Məsələnin həlli üçün yeni proqram vasitələrinin meydana gəlməsi ilə bu vaxta qədər bir-birindən asılı olmayaraq inkişaf etmiş VB və WWW texnologiyalarının üstünlüklərini özündə birləşdirən WWW-də VB publikasiyası sistemləri yarandı.
    Təqdim olunan işdə belə sistemlərin meydana gəlməsi və inkişaf yolu, əsas anlayışları və ümumi təsnifatı qısaca nəzərdən keçirilib. WWW-də VB publikasiya sistemləri iki müxtəlif texnologiyanın qovuşmasında yerləşdiyindən, iş əsnasında həm ODBC və SQL proqramlaşdırma kimi VB ilə bağlı məsələlər, həm də Web-lə əlaqəli HTML, JavaScript, VBScript dilləri, CGI, ISAPI interfeysi, IIS və ASP kimi müxtəlif proqram vasitələri yaxından öyrənilib. Xüsusilə ikinci bölümdə "Azərbaycan Qanunvericiliyi" hüquqi arayış sisteminin misalında praktik olaraq bu tip proqram layihələrinin işlənib hazırlanmasına baxılıb. Burada konkret olaraq qanunverici və normativ aktlardan ibarət VB-nin İntranetdə publikasiyası realizə olunub. Qeyd etmək lazımdır ki, hazırlanmış proqram təminatı hal-hazırda sınaqlardan müvəffəqiyyətlə keçərək, "Biznesmenin Bülleteni" nəşriyyat evi tərəfindən abunələrə telefon xətləri vasitəsilə üç dildə (azərbaycan, rus və ingilis) hüquqi informasiya almaq imkanı verən yeni kompüter sisteminin qurulması üçün istifadə olunur.


    VERİLƏNLƏR BAZASININ WWW-DƏ PUBLİKASİYASI


    Verilənlər Bazasının (VB) WWW-də publikasiya sistemləri iki müxtəlif texnologiya - WWW və VB texnologiyaları üzərində qurulmuşdur. Bunların ardıcıl olaraq meydana gəlməsi, inkişaf prosesi və əsas anlayışlarını qısa şəkildə nəzərdən keçirək.



    İNTERNET NƏDİR?


    Texnologiyanın inkişafı ilə kompüterlərin şəbəkələrdə (ingiliscə "network") birgə işləməsi mümkün oldu. Bir-birinə qoşulmuş iki şəbəkə isə artıq "interşəbəkə" (ingiliscə "internet") əmələ gətirir. Beləliklə, "İnternet" sözü ən ümumi mənada "qlobal şəbəkədə birləşdirilmiş kompüterlərin məcmusu" deməkdir. Faktiki olaraq İnternet bütün dünyada milyonlarla kompüter, proqram, informasiya bazaları, fayllar və əlbəttə ki, insanlar arasında əlaqə yaradan şəbəkələrdən ibarət şəbəkədir.
    Hələ 60-cı illər "RAND Corporation" və bir neçə təhsil müəssisəsi - o cümlədən, Massaçusets Texnoloji İnstitutu (Massachusetts Institute of Technology, MIT) və Los-Ancelesdə Kaliforniya Universiteti (University of California at Los Angeles, UCLA) yeni şəbəkə protokolu üzərində işləyirdilər. Bu protokol hətta aralıq birləşmələrdən biri sıradan çıxdıqda, iki qurğu arasında yüksək sürətli rabitəni təmin etməli idi. Yeni texnologiya ABŞ Müdafiə Nazirliyini (U.S. Department of Defence, DOD) maraqlandırdı, belə ki, krizis şəraitində rabitə xətlərinin davamlı işini təmin edə bilərdi.
    1969-cu ildə ABŞ MN Perspektiv Araşdırmalar Agentliyi (DOD Advanced Research Projects Agency, ARPA) yeni texnologiya əsasında ilk kompüter şəbəkəsini qurmağa başladı. İlk əvvəl agentliyin şəbəkəsi (ARPA Network, ARPANET) ABŞ ərazisində yerləşən yalnız dord superkompüteri birləşdirirdiyi halda, 70-ci illərin ortasına kimi o, qarşılıqlı əlaqədə olan şəbəkələrin "ümumdünya birliyi" səviyyəsinə qədər genişləndi. Sonradan "İnternet şəbəkəsi" adını almış bu nəhəng müxtəlif cinsli toplum, hər şeydən əvvəl təhsil və elmi-tədqiqat müəssisələrinin oz lokal şəbəkələrini ARPANET-ə qoşması nəticəsində əmələ gəlmişdi.
    70-ci illərin sonu İnternet şəbəkəsində standart rabitə protokolu kimi TCP/IP (Transmission Control Protocol/Internet Protocol - ingiliscə "Ötürmənin idarəolunması protokolu/İnternet protokolu") qəbul olundu. İnternet platforması kimi əsasən, ancaq Unix əməliyyat sistemi istifadə olunurdu. Qeyd etmək lazımdır ki, İnternetlə işləmək üçün vasitə və komandaların əksəriyyəti indi də öz üzərində bu əməliyyat sisteminin izlərini daşıyır.
    80-ci illərdə elmi profilli açıq şəbəkə kimi ARPANET-in əvəzinə ABŞ Milli Elmi Fondu (National Science Foundation, NSF) tərəfindən qurulmuş yüksək sürətli NSFNET şəbəkəsi meydana gəldi. Elə həmin vaxt ABŞ höküməti ARPANET-in hərbi məqsədlər üçün istifadəsini dayandırdı və ABŞ MN öz qapalı şəbəkəsi MILNET-i qurmağa məcbur oldu. NSFNET isə tezliklə öz lokal şəbəkələrini ümumi şəbəkəyə qoşan özəl şirkətlər və ictimai təşkilatlar arasında populyarlıq qazandı, biznes sahəsində İnternet xidmətləri verən ilk şirkətlər meydana gəldi.
    1995-ci ildə NSF İnternetin maliyyələşdirilməsini kəskin şəkildə azaltdı. O vaxtdan İnternetin işini əsasən özəl şirkətlər təmin edir. İnternetin ümumi qəbul olunmuş mənada "sahib"i yoxdur, buna baxmayaraq, onun işlək vəziyyətdə saxlanması ilə məşğul olan təşkilatlar mövcuddur. İnternet Fəaliyyət Şurası (Internet Activities Board, IAB) ümumilikdə İnternetin arxitektura və strukturuna nəzarət edir və iki qrup - Araşdırma (Internet Research Task Force, IRTF) və Mühəndis (Internet Engineering Task Force, IETF) qrupundan ibarətdir. Bunların hər biri İnternetin uyğun sahədə perspektiv inkişafını müəyyənləşdirir, həmçinin yeni standartların təşkil olunması işini koordinasiya edir.
    İnternetin əsası bir-biri ilə birləşdirilmiş regional şəbəkələrdir. Hər bir belə şəbəkə İnternetə giriş nöqtəsi (Network Access Point, NAP) adlanır. Bir qayda olaraq, bu şəbəkələri müxtəlif İnternet xidmətləri təklif edən ticari şirkətlər idarə edir. Regional NAP ən azı digər iki NAP-la yüksək sürətli kanallarla əlaqəli olur. Sıravi istifadəçi İnternetə qoşulmaq üçün adətən İnternet xidmətləri təminatçısı (Internet Service Provider, ISP) ilə müqavilə bağlamalıdır. ISP regional NAP-la əsasən telefon xətləri ilə yüksək sürətli rabitə kanallarına malik yerli şirkət və yaxud qlobal xidmət ola bilər.
    İnternet istifadəçisi şəbəkədə digər kompüterlərlə "müştəri-server" modeli üzrə mübadilə aparır. İstifadəçiyə İnternet resursları - informasiya və xidmətlərini "server" adlanan host-kompüter (host - ingiliscə "sahib, yiyə, ağa") təqdim edir. İstifadəçi ("müştəri") isə bu resurslara şəbəkə protokolu üzrə informasiyanın uyğun şəkildə gətirilməsini təmin edən müştəri-proqramlar vasitəsilə müraciət edə bilir.
    Burada hər bir kompüter - həm server, həm də müştəri onu şəbəkənin digər kompüterlərindən fərqləndirən unikal IP-ünvana malikdir. IP-ünvan bir-birindən noqtələrlə ayrılmış dörd rəqəm qrupu şəklində (məsələn: 208.218.46.205) təsvir olunur. Lakin bu format istifadəçilər üçün əlverişli olmadığından, daha anlaşıqlı domen adları sistemi (Domain Name System, DNS) işlənib tətbiq olundu. Məsələn, elə yuxarıda göstərilmiş IP-ünvana uyğun DNS-ünvan "x-wing.cc.boun.edu.tr"-dır (tr - Türkiyə, Türkiyə İnterneti domeni, edu - Education, təhsil müəssisələri, boun - Boğaziçi Universiteti, cc - Computer center, kompüter mərkəzi, x-wing - populyar "Ulduz müharibələri" - "Star Wars" trilogiyasında üsyançıların döyüş-uçuş maşını, burada host-kompüterin adıdır). Domen adlarının verilməsinə Şəbəkə İnformasiya Mərkəzi (Network Information Center, NIC) nəzarət edir.
    İnternetdə təqdim olunan hər bir resursa müraciət etmək üçün onun unikal identifikatoru - universal resurs göstəricisi (Uniform Resource Locator, URL) adlanan İnternet-ünvanı (məsələn: [) var. URL-nin birinci hissəsi (burada - http) serverin resursa müraciət üçün hansı üsuldan istifadə etməsini, ikinci hissəsi (burada - x-wing.cc.boun.edu.tr) isə host-kompüterin ünvanını göstərir. Serverin ünvanından sonra URL-in əlavə komponentləri gələ bilər, adətən bu, serverdəki konkret resursun adı (burada - index.html faylı) olur.
    Çox vaxt "Internet" termininə sinonim kimi "WWW" (World Wide Web - ingiliscə "Dünya Hörümçək Toru") termini işlədilir. Həqiqətdə isə bu sözlər heç də sinonim deyil...







    BƏS WORLD WİDE WEB NƏDİR?


    Web İnternetin Gopher, FTP, Telnet kimi xidmətlərindən sadəcə biridir. Lakin məhz rahat qrafik interfeysə malik WWW İnternetin ən populyar və sürətlə böyüyən komponentidir.
    World Wide Web layihəsi 1989-cu ildə Tim Bernes Li (Tim Bernes Lee) tərəfindən CERN yüksək enerji fizikası laboratoriyasında işlənməyə başlamışdı. Layihənin məqsədi bütün dünyada alimlər arasında tədqiqatların nəticələri və ideyalar mübadiləsi üçün vahid bir metodun hazırlanması idi. İlkin variantında Web "hipertekst layihəsi" adlanırdı. "Hipertekst" termini hələ 60-cı illərdə Ted Nelson tərəfindən daxil edilmişdi və digər sənədlərə interaktiv göstərici və ya bağlantıları olan tekst demək idi. Bu göstəricilər vasitəsilə oxucu hər hansı söz, ya da ifadəni seçərək uyğun predmet barəsində əlavə informasiya ala bilir. Hipermedia isə daha geniş anlayış olub, multimedia informasiyası daşıyan məlumatları təsvir edir.
    1992-ci ilin noyabrında ABŞ Milli Superkompüterlər Mərkəzi NCSA tərəfindən "Mosaic" ("Mouzeyik") adlanan ilk Web-ə baxış proqramının (Web brauzerin) təqdim olunması WWW-nin populyarlaşmasının başlanğıcını qoydu. 1993-cü ilin əvvəli dünyada ancaq 130 Web qovşağı olduğu halda, web-serverdən informasiyanın alınmasını təmin edən bu web-müştəri meydana gəldikdən ancaq yarım il sonra onların sayı 10000-i keçdi. 1994-cü ilin oktyabrında keçirilmiş sorğunun nəticələrinə görə isə dünyada artıq 20 milyondan çox WWW istifadəçisi var idi. Bir çox iri şirkətlər yeni texnologiyadan hətta öz lokal şəbəkələrində istifadə etməyə başladılar, 1995-ci ilin ortaları bir müəssisə daxilində informasiya mübadiləsinə xidmət edən bu cür şəbəkələri təsvir etmək üçün "Intranet" termini meydana gəldi. Web və ümumən İnternetin coşqun inkişafı komputer aləmində 80-ci illərin əvvəli "fərdi kompüter inqilabı"ndan sonra ən görkəmli hadisə oldu.
    Hipermedia verilənlərdən birgə istifadə etmək imkanı verən bütün bu paylanmış sistem HTTP (HyperText Transfer Protocol - ingiliscə "HiperTekst Ötürmə Protokolu") protokolu üzərində qurulmuşdur. HTTP tətbiqi səviyyə və ya proqram səviyyəsində daimi bağlantısız müştəri-server protokoludur. Müştərinin bildirişi əsasında serverlə bağlantı qurulur, server tərəfindən müştəriyə cavab verildikdən sonra bağlantı kəsilir. "Sadə sorğu" (Simple-Request) sorğu metodu, tələb olunan URL və protokol versiyasından ibarət sətir şəklində (məsələn: get [ HTTP/1.0) serverə göndərilir. "Tam sorğu"da isə belə başlıqdan sonra MIME (Multipurpose Internet Mail Extensions - ingiliscə "Çoxməqsədli İnternet Poçt Əlavələri") formatında əlavə informasiya daşıyan məlumat gedir. Sorğunu aldıqda HTTP-server müştəriyə status haqqında protokol versiyası və uğur/səhv kodundan ibarət "cavab" göndərir. Bundan sonra MIME formatında lazımi verilənlərdən ibarət məlumat müştəriyə çatdırılır.
    Hipermedia sənədlərin - web-səhifələrin hazırlanması üçün Web-də istifadə olunan standart dil isə HTML (HyperText Markup Language - ingiliscə "HiperTeksti İşarələmə Dili") adlanır. O, hipertekst mübadiləsi üçün konkret platformadan asılı olmayan sadə format kimi daha ümumi dil olan beynəlxalq sənəd mübadiləsi standartı (ISO 8879) SGML-in (Standard Generalized Markup Language - ingiliscə "Standart Ümumiləşdirilmiş İşarələmə Dili") əsasında hazırlanmışdır. Burada abzas, başlıq, qrafik təsvir, hipergöstərici, siyahı, cədvəl, müxtəlif tekst formatları kimi hipertekst elementlərinin hər biri HTML-teq (tag - ingiliscə "yarlık, etiket") adlanan əmrlər vasitəsilə işarələnir. Əlavə imkanların daxil edilməsi üçün bu əmrlər çoxluğu genişləndirilir, HTML-in yeni versiyaları meydana gəlir.
    Sabit informativ web-səhifələrlə bərabər dinamik interaktiv səhifələrə də ehtiyac olduğundan, artıq HTML-in 2.0 versiyasında interaktiv formalarla işləmə imkanı daxil edildi. Bu element vasitəsilə istifadəçi verilənləri web brauzerdən daxil edib HTTP-serverə göndərə bilir. Serverdə proqramlar vasitəsilə həmin verilənlərin emalını təmin etmək üçün CGI (Common Gateway Interface - ingiliscə "Ümumi Giriş İnterfeysi") - xarici proqramların HTTP-serverlə qarşılıqlı əlaqəsi standartı hazırlandı.
    CGI ilk əvvəl Unix əməliyyat sistemi üçün işləndiyindən, burada verilənlərin mübadiləsi bir qayda olaraq "standart giriş", "standart çıxış" və ya mühit dəyişənləri vasitəsilə aparılır. İstifadəçinin formanın sahələrinə daxil etdiyi verilənlər HTTP-serverə "sahə1=kəmiyyət1 & sahə2=kəmiyyət2 & ... & sahəN=kəmiyyətN" şəklində (məsələn: "keyword=x-wing & option=0") göndərilir. Server müştəridən gələn sorğuda URL-nin göstərdiyi CGI-proqramı yükləyib bu verilənləri uyğun strukturlarda yerləşdirir. CGI-proqram isə öz novbəsində onları oxuyub lazımi əməliyyatı (məsələn: serverdə "x-wing" sözünün hərflərin böyük və ya kiçikliyini nəzərə almadan daxil olduğu bütün səhifələrin axtarışını) aparır və nəticəni adətən web-səhifə şəklində serverə göndərir. Ən sonda server bu məlumatları HTTP-formatda müştəriyə çatdırır. CGI geniş imkanlara malik, müxtəlif platformalara asanlıqla uyğunlaşdırıla bilən sadə interfeys olduğuna görə indi də web brauzerdən göndərilən verilənlərin web-serverdə emalı üçün istifadə olunan ən geniş yayılmış üsuldur.
    Lakin CGI-proqramların bir ciddi qüsuru var - hər sorğu üçün icra olunan modul və ya ssenari interpretatoru yeni proses başlamalı olur. Nəticədə isə, populyar serverlərin sistem resursları tez bir zamanda tükənir və məhsuldarlıq aşağı düşür. Problemi həll etmək üçün proqramçılara konkret web-serverin daxili imkanlarından istifadə edərək daha sürətlə işləyən və yaddaşda daha az yer tutan əlavələr yazmaq imkanı verən API-lər (Application Programming Interface - ingiliscə "Tətbiqi sistemləri Proqramlaşdırma İnterfeysi") meydana gəldi. İstehsal etdikləri serverlər üçün uyğun olaraq "Netscape Communications" və "Microsoft" şirkətləri tərəfindən işlənib hazırlanmış NSAPI (Netscape Server API) və ISAPI (Internet Server API) interfeysləri hələ yaxşı standartlaşdırılmasa da, bir çox proqramçılar CGI əvəzinə artıq onlardan istifadə edir.
    Server hissəsindəki bu yeniliklərlə bərabər müştəri hissəsində də dinamikliyə doğru inkişaf gedirdi. Əsas ideya istifadəçi ilə mübadilə aparmaq üçün web-səhifəyə müştəri kompüterdən istifadə etmək imkanının verilməsi idi. Bu halda bəzi sadə əməliyyatların (məsələn: daxil olunmuş verilənlərin səhihliyinin yoxlanması) müştəri hissəsində aparılması serveri əlavə yükdən azad edərdi. Beləliklə, web-səhifələrə icraolunan elementlər gətirmiş Java ("Cava" - populyar qəhvə sortu) texnologiyası meydana gəldi. Qəribəsi odur ki, bu proqramlaşdırma dilinin ilkin yaranma səbəbkarı heç də Web olmamışdır.
    1991-cı il "Sun Microsystems" şirkətinin bir qrup əməkdaşı Patrik Notonun (Patric Naughton) əsasını qoyduğu "Green" layihəsi üzərində işləməyə başladı. Layihənin məqsədi elektron məişət cihazlarında kontroller kimi istifadə olunan müxtəlif prosessorları proqramlaşdırmaq üçün platformadan asılı olmayan universal bir dil yaratmaq idi. İlk əvvəl Oak ("Ouk" - ingiliscə "palıd ağacı") adlandırılmış proqramlaşdırma dilinin birinci işlək variantı 1992-ci ilin payızı hazır oldu. Bəlkə də bu yeni dilin meydana gəlməsi Web-in çiçəklənmə dövrü ilə üst-üstə düşməsəydi o, televizor və mikrodalğa sobalarını proqramlaşdırmaq üçün faydalı, lakin gözə çarpmayan bir vasitə olaraq qalardı. İş ondadır ki, məişət elektronikasında olduğu kimi İnternetdə də müştəri-kompüterlərin müxtəlif prosessorlar üzərində qurulub fərqli arxitekturaya malik olması ilə əlaqədar eyni bir kodun müxtəlif platformalara köçürülməsi problemi mövcuddur. 1993-cü il işçi qrup artıq yeni tendensiyaları duyaraq tədqiqatları İnternet proqramlaşdırması istiqamətinə yönəltdi və 1995-ci ilin yazı Java kompüter ictimaiyyətinə təqdim olundu. Java-kompilyatorun işi nəticəsində hər-hansı icraolunan kod deyil, hər bir konkret platformada icraedici sistem tərəfindən interpretasiya olunacaq baytkod (bytecode) adlanan optimallaşdırılmış əmrlər çoxluğu alınır. "Sun Microsystems" eyni zamanda belə icraedici Java-sistemlə təchiz olunmuş ilk web brauzer "HotJava"-nı təqdim etdi. Web-səhifələri nəzərdən keçirərkən xüsusi HTML teqə rast gəldikdə bu brauzer aplet (applet) adlanan Java-da yazılmış uyğun proqram kodunu serverdən yükləyib müştəri-kompüterdə icra edirdi. Java-nın imkanları o qədər cəzbedici idi ki, "Netscape" istehsal etdiyi "Netscape Navigator" brauzerinin yeni versiyalarında bu texnologiyadan istifadə edəcəyini elan etdi. "Netscape Navigator" o zaman ən geniş yayılmış web brauzer olduğundan Java qısa müddət ərzində İnterneti fəth etdi.
    1995-ci ilin axırları artıq Java texnologiyası kifayət qədər məşhur olduğu bir dövrdə JavaScript ssenari (script) dili meydana gəldi. O vaxt artıq bu dilin prototipi - "Netscape Navigator 2.0" brauzeri və "Netscape LiveWire" server sisteminə daxil olan LiveScript mövcud idi. Sonradan "Netscape" LiveScript adından imtina edərək "Sun" ilə birlikdə JavaScript dilini hazırladı. Sintaksisdəki oxşarlıqlara baxmayaraq "JavaScript Java-nın yüngülləşdirilmiş variantıdır" fikri dəqiq deyil. Bu yeni dil proqramçıya web-səhifədəki elementləri və web brauzerin özünü idarə etmək imkanı verir, bundan başqa, yazılmış ssenari heç bir kompilyasiya olunmadan xüsusi teqlərin köməyi ilə bilavasitə HTML-koda daxil edilir. Beləliklə, Java web-səhifələrə dinamik elementlər əlavə etmək imkanı verirdisə, JavaScript artıq dinamik web-səhifələr düzəltmək imkanı yaratdı.
    World Wide Web özündə hipertekst, multimedia və qlobal kompüter şəbəkələrini birləşdirərək publikasiya işində yeni bir dövrün başlanğıcını qoydu. Sürətlə gedən inkişaf nəticəsində indi nəinki hipertekst və qrafik təsvir, hətta animasiya, audio-video kliplər və nəhayət, "virtual dünya" adını almış üçölçülü realistik səhnələr şəklində informasiyanı bütün dünyada milyonlarla istifadəçiyə çatdırmaq mümkün olmuşdur. Bu maraqlı yeniliklərlə bərabər bir o qədər də səs-küyə səbəb olmayan yeni texnologiya - Verilənlər Bazası kimi "ciddi" informasiya mənbəyinin Web-də publikasiyası sistemləri meydana gəldi.





  2. #2
    Member
    Üyelik tarihi
    Sep 2018
    Mesajlar
    94

    WWW-DƏ VB PUBLİKASİYASI SİSTEMLƏRİ


    Böyük həcmdə informasiya massivlərinin emalı kompüterlərin ən geniş tətbiq olunduğu sahədir. Verilənlərin effektiv emal edilməsi proqram tərtibatçıları qarşısında bir sıra problemlər qoyur: informasiyanı EHM yaddaşında necə təşkil etməli, onun emalı üçün hansı əməllər daha əlverişlidir və s. 60-cı illər bu sahənin inkişafı ilə İnformatikada mərkəzi anlayışlardan biri olan "Verilənlər Bazası" anlayışı meydana gəldi. "Verilənlər Bazası" dedikdə, müəyyən predmet sahəsinə aid verilənlərin EHM yaddaşında saxlanıb elə nizamlanmış qarşılıqlı əlaqəli məcmusu başa düşülür ki, bunlar bir neçə istifadəçi tərəfindən müxtəlif məsələlərin həllində istifadə oluna bilsin.
    Praktikada daha çox rast gəlinən cədvəlşəkilli VB-lər üçün standarta çevrilmiş VB relyasion modeli həmin dövr "IBM" şirkətində çalışan Edqar F.Kodd (Edgar F.Codd) tərəfindən təklif edilmişdi. Qısa şəkildə, relyasion VB sütun və sətirlərdən təşkil olunmuş cədvəllər, bunlar arasında münasibətləri təyin edən qaydalar və verilənlərin emalı üçün dildən ibarətdir. Yeni model daxilində Koddun təsvir etdiyi "alpha" dili bir sıra sorğu dilləri üzərində işlərin başlanğıcını qoydu. Bunlardan 1974-cü il "IBM" şirkətində təcrübi "SystemR" relyasion VB idarəetmə sistemi (VBIS) üçün işlənib hazırlanmış SQL (Structured Query Language - ingiliscə "Strukturlaşdırılmış Sorğu Dili") tezliklə de-fakto standarta çevrildi. 1987-ci ildə isə SQL artıq VB dilləri üçün rəsmi beynəlxalq standart kimi qəbul olundu.
    dBase, Paradox, DB2 kimi müxtəlif populyar VB formatlarına uyğun VBIS-lər hər biri öz məxsusi əmrlər çoxluğuna malik olduğundan verilənlərin konkret VB növündən asılı olmayaraq SQL sorğularla emalı üçün universal bir vasitəyə ehtiyac var idi. "Microsoft" şirkətində işlənib hazırlanmış ODBC (Open DataBase Connectivity - ingiliscə "Açıq VB Birləşməsi") standartı belə vasitələrdən biri olub tətbiqi sistemlərdə müəyyən abstraksiya səviyyəsini təmin etməklə hər bir VB formatı üçün ayrıca kodun yazılmasını gərəksiz edir - proqramçı API əmrləri vasitəsilə sorğunu ODBC-yə göndərir, o isə standart SQL sorğuları artıq konkret VB-nın xüsusi əmrlərinə çevirərək nəticəni universal formada qaytarır. Bu istifadəçilər üçün də çox əlverişlidir, belə ki, eyni bir proqramdan müxtəlif tipli VB ilə mübadilə aparmaq olur. ODBC əsasən Windows platformasında istifadə olunsa da, tezliklə Unix sisteminə də keçirildi, bir çox proqram təminatı istehsalçıları öz məhsullarını yeni standarta uyğunlaşdırdılar.
    Web öz inkişaf yoluna təzə qədəm qoyduğu zaman VB sistemləri artıq demək olar ki, tamamilə formalaşmışdı. Dəqiq müəyyənləşmiş verilən modelləri, yaxşı inkişaf etmiş təhlükəsiszlik vasitələri, əməliyyatların idarə olunması və informasiyanın tamlığının qorunması üçün etibarlı metodları bu texnologiyanın müxtəlif informasiya emalı sistemlərində geniş istifadəsinə səbəb olmuşdu. Web-in sürətlə inkişafı, xüsusən İntranetlərin geniş yayılması nəticəsində VB-nda saxlanan məlumatların WWW-nin gözəl publikasiya imkanları vasitəsilə istifadəçilərə çatdırılmasını təmin edən yeni sistemlərə - WWW-də VB sistemlərinə ehtiyac yarandı.
    Web və VB sistemləri bir-birindən asılı olmadan inkişaf etmiş ayrı-ayrı texnologiyalar olsa da, hər ikisi ikilaylı müştəri-server arxitekturasına malikdir. WWW-də web server və web brauzer arasında vəzifə bölgüsü çox dəqiqdir: web server HTML-səhifələri müştəriyə çatdırır, web brauzer isə onları uyğun şəkildə təsvir edir. Yəqin ki, bu cür standartlaşdırma web-texnologiyalarının belə tez qəbul olunması səbəblərindən biridir. VB müştəri və server hissələri arasında analoji bölgü o qədər də aşkar deyil, belə ki, bu bölgü hər bir konkret layihə üçün proqram tərtibatçıları tərəfindən təyin edilib qoyulan tələblərdən asılı olaraq müxtəlif ola bilir. WWW-də VB texnologiyası isə varisi olduğu bu ikilaylı texnologiyaları üçlaylı müştəri-server arxitekturasına əsaslanan yeni tipli sistemlərdə birləşdirir.
    Burada adətən müştəri kimi web brauzer, server kimi VB serveri çıxış edir, aralıq layda isə web server və server əlavəsi proqramı yerləşir. Brauzer vasitəsilə istifadəçinin göndərdiyi sorğulardan web server özü HTML-səhifələrə olan sorğulara cavab verir, verilənlər üçün sorğuları isə server əlavəsi proqramına ötürür. Server əlavəsi bunları uyğun şəklə salıb VB serverinə göndərir, o da verilənlər üzərində lazımi əməliyyatları apararaq nəticəni geri qaytarır. Bu dəfə server əlavəsi nəticəni brauzerin qəbul etdiyi formata çevirib web serverə, o isə öz növbəsində web brauzerə göndərir. Göründüyü kimi, belə sistemlərdə server əlavəsi proqramları vacib uzlaşdırıcı rol oynayır. Bunları əsas üç kateqoriya: adi CGI-lı, hibrid CGI-lı və API-li server əlavələrinə ayırmaq olar.
    CGI web serverin funksiyalarını artırmaq üçün proqramlar yazmağa imkan verən ilk standart olduğundan əvvəllər WWW-də VB sistemlərinin çoxu onun əsasında qurulurdu. Proqram təminatı bazarında təklif olunan CGI-lı server əlavələrinın əksəriyyətinə xas cəhət şablonlardan istifadə olunmasıdır. Şablon hər bir CGI-proqramın özünə məxsus əlavə qeyri-HTML teqləri (məsələn: "Allaire Corporation" şirkətinin məhsulu "Cold Fusion"-da DBML-teqlər kimi) olan HTML səhifədir. VB-na sorğunun icra olunması üçün brauzerdən lazımi şablon faylının adı göndərilir, CGI-proqram isə bu faylı oxuyaraq göstərilən əməliyyatları yerinə yetirir və qeyri-HTML teqləri uyğun HTML teqlərlə əvəz edərək yekun web səhifəsini geri qaytarır. SQL operatorları bilavasitə HTML səhifələrdə də yerləşdirmək olar, lakin bu zaman onların müştəri hissəsində pis niyyətli istifadəçi tərəfindən dəyişdirilməsi təhlükəsi yaranır, bu baxımdan şablonların istifadə olunması daha əlverişlidir. Qeyd edildiyi kimi, üstün cəhətlərinə baxmayaraq CGI-ın sistem resurslarına çox tələbkar olması onun ciddi çatışmazlığıdır. Hibrid CGI-lı arxitektura isə CGI-ın üstünlükləri ilə bərabər daha yüksək məhsuldarlığa malikdir.
    Hibrid CGI-lı server əlavəsi iki komponent - xırda CGI-proqram və iri köməkçi prosesdən ibarət olur (məsələn: "Aspect Software Engineering" şirkətinin istehsal etdiyi "dbWeb"-də). Hər dəfə brauzerdən uyğun sorğu aldıqda web server məlumatları CGI-proqrama göndərir, o isə bunları sadəcə köməkçi prosesə ötürərək, demək olar ki, başqa heç bir iş görmür. Praktik olaraq bütün faydalı işi köməkçi proses yerinə yetirdiyindən CGI-proqram çox kiçik olub, nisbətən az resurs işlədərək daha tez yüklənə bilir. Bu çox vacib məqamdır, belə ki, hər dəfə brauzerdən sorğu gəldikdə CGI-proqramın ayrıca surəti yaddaşa yüklənir, köməkçi proses isə (Windows NT-də sistem servisi, Unix-də Demon kimi) ancaq bir dəfə - adətən əməliyyat sistemi ilə bərabər yüklənərək fon rejimində işləyir.
    Qeyd olunduğu kimi, bəzi web serverlər əlavə proqramları üçün CGI əvəzinə istifadə oluna biləcək API-interfeyslər təklif edir. Burada server əlavəsi proqramı web server tərəfindən öz daxili kodunun bir hissəsi kimi istifadə olunan kompilyasiya edilmiş proseduralar yığımı (Windows NT-də DLL, Unix-də müştərək obyekt kimi) şəklində realizə olunur (məsələn: "Netscape"-in istehsal etdiyi "LiveWire"-də). Müxtəlif web serverlərin təklif etdiyi interfeyslər də bir-birindən fərqlənir, lakin proqram təminatı bazarında mövcud olan API-li server əlavələrinin əksəriyyəti bunlardan iki ən geniş yayılmış interfeys - NSAPI və ISAPI-ni dəstəkləyir. Sadalanmış variantlardan ən sürətlisi olduğuna baxmayaraq, API-lərin istifadə olunmasında müəyyən risk elementi də var, belə ki, bu tip server əlavəsi faktiki olaraq web serverin bir hissəsi kimi işlədiyindən proqramda səhv baş verərsə, qəza nəticəsində server öz işini tamamilə dayandıra bilər.
    WWW üçün VB sistemlərində çox vaxt müştəri əlavələri - brauzerin imkanlarını genişləndirən proqramlar istifadə olunur. Formal təsnifatı aparılmasa da, hazırda bunları dörd kateqoriyaya ayırmaq olar: köməkçi proqramlar, qoşulan modullar, Java-apletlər və ssenari dilində proqramlar.
    Köməkçi proqramlar müştəri hissəsində yerləşib, lazım gəldikdə brauzer tərəfindən yüklənən ayrıca proqramlardır. Adətən brauzer özü təsvir edə bilmədiyi verilənləri müvəqqəti fayla yazıb uyğun köməkçi proqrama ötürür, bu da alınan məlumatların həcmi böyük olduqda çox vaxt aparır. Qoşulan modullar isə brauzerlə daha sıx inteqrasiya olunaraq eyni işi daha sürətlə yerinə yetirir. Hazırda onlar "Netscape"-in "plug-in" və "Microsoft"-un "ActiveX" komponentləri kimi iki müxtəlif şəkildə mövcuddur. Qoşulan modulların bu iki tipi arasında heç bir uyğunluq yoxdur və daxili iş prinsipləri tamamilə fərqlidir, belə ki, "ActiveX" komponentləri brauzerlə standart mübadilə vasitəsi kimi OLE-dən (Object Linking and Embedding - ingiliscə "Obyektlərin qoşulması və daxil edilməsi") istifadə etdiyi halda "Netscape"-in modulları adi API metodlarına əsaslənır.
    Java-apletlər və ssenari dillərindən JavaScript barəsində artıq söhbət getmişdi. Bu tip əlavələr hər dəfə serverdən müştəri kompüterə yükləndiyinə görə, istifadəçinin proqramı kompüterində yerləşdirib hər yeni versiyasını almağına ehtiyac qalmır. Xüsusən Java-apletlərin hər sorğu zamanı şəbəkə ilə ötürülməsi qeyri-effektiv görünsə də, həqiqətdə bu, kifayət qədər sürətlə baş verir, belə ki, istifadə olunan sistem kodunun əksər hissəsi artıq brauzerin Java-sistemində yerləşir və aplet ancaq proqramın əsas əmrlərindən ibarət olur. Java tam mənada proqramlaşdırma dili olduğundan bu tip müştəri əlavələri nisbətən geniş imkanlara malik olub WWW-də mürəkkəb VB sistemləri üçün (məsələn: "BulletProof" şirkətinin istehsal etdiyi "JAGG") əlverişlidir. 1996-cı il "Sun" və "JavaSoft" şirkətlərinin təqdim etdiyi JDBC (Java DataBase Connectivity - ingiliscə "Java VB Birləşməsi") isə artıq Java dilində yazılmış proqramlardan müxtəlif VB-lərə ODBC-dəki kimi müraciət etmək imkanı verir. Ssenari dillərinə gəldikdə, bunlar əsasən müştəri hissəsində daxil olunmuş verilənləri yoxlamaq üçün istifadə olunur. Hazırda bu dillərdən JavaScript daha geniş yayılsa da "Microsoft" proqram təminatı bazarında VBScrpt-i (Visual Basic Script) aktiv şəkildə təbliğ edir. Bu tip müştəri əlavələrinə xas ümumi arzuedilməz cəhət ilkin proqram mətninin açıq şəkildə web səhifəyə daxil olmasıdır.
    Nisbətən az yayılmış WWW üçün qarışıq VB sistemləri (məsələn: "Working Set" şirkətinin istehsal etdiyi "DataRamp") məhz müştəri əlavələrinin istifadə olunmasına əsaslanır. Burada Web və VB komponentləri bir-biri ilə artıq vahid üçlaylı sistem şəklində deyil, birgə işləyən bir cüt ikilaylı sistem kimi mübadilə aparır - web brauzer sadcəə müştəri əlavəsi formasında realizə olunmuş VB müştərisini yükləyir, o isə VB serveri ilə öz protokolu üzrə mübadilə aparır. HTTP deyil, VB sistemlərinə xas seanslı protokolun istifadə olunması verilənlər üzərində əməliyyatları tam idarə etməyə şərait yaradır. Yeri gəlmişkən, üçlaylı sistemlərdə HTTP-nin daimi bağlantısız protokol olması ilə əlaqədar çətinlikləri aradan qaldırmaq üçün adətən "oyuqlar" (cookies) və ya formaların gizli (hidden) sahələri ilə işləyən əlavə proqram kodunun yazılması lazım gəlir. Digər tərəfdən qarışıq VB sistemlərinin eyni zamanda çox sayda istifadəçiyə xidmət etmək imkanı HTTP-li varianta nisbətən xeyli azdır və belə arxitekturanın yəqin ki, ən üstün cəhəti burada hazır VB sistemlərini kiçik dəyişikliklərlə WWW-də yerləşdirməyin mümkün olmasıdır.
    Son olaraq qeyd etmək lazımdır ki, bu bölümdə nəzərdən keçirilmiş verilənlər bazasının WWW-də publikasiya sistemləri proqram təminatı bazarında yeni proqram vasitələrinin meydana gəlməsinə səbəb olmuşdur. Tətbiqi sistemlərin nisbətən gənc növü olduğundan bu tip proqram təminatının işlənib hazırlanması zamanı proqramçı müxtəlif spesifik məsələləri həll etməli olur. Növbəti bölümdə belə layihələrə praktik misal kimi "Azərbaycan Qanunvericiliyi" hüquqi arayış sisteminin əsas realizasiya mərhələləri nəzərdən keçirilir.





Benzer Konular

  1. Cevaplar: 0
    Son Mesaj: 05-22-2013, 05:30 PM
  2. İnternetdə pulları necə qorumalı?
    By Baku in forum Xəbər Lenti
    Cevaplar: 0
    Son Mesaj: 03-07-2013, 09:20 PM
  3. İnternetdə tanışlıq
    By dj_ziya in forum Məhəbbət - Sevgi - Eşq
    Cevaplar: 37
    Son Mesaj: 02-26-2012, 11:44 PM
  4. İnternetdə üç ölçülü xəritə
    By POWER_RANGERS in forum İnternet
    Cevaplar: 0
    Son Mesaj: 04-29-2010, 12:57 AM
  5. İnternetdə yeni kəşfiyyatçı
    By zeynalov_ in forum İnternet
    Cevaplar: 0
    Son Mesaj: 01-03-2010, 07:36 PM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.