Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 2-də “Buta Palace”da keçiriləcək milli yarımfinal konsertində final uğrunda mübarizə aparacaq 6 namizəd hazırlıqlarını tamamlamaq üzrədir. APA-nın məlumatına görə, namizədlər – Azad Şabanov, Səfurə Əlizadə, Ülviyyə Rəhimova, Məryəm Şabanova, Elli Miçiyeva və “Milk&Kisses” qrupu yeni yazdırdıqları mahnı ilə münsiflər heyətinin və tamaşaçıların qarşısına çıxacaq. Onların hamısı mahnılarını ingilis dilində ifa edəcək.

Almaniyada yaşayan və “Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək istəyində olan Elli Miçiyevanın yarımfinal gecəsində ifa edəcəyi mahnının bəstəkarı İsa Məlikovdur, sözləri isə Ellinin özünə və İsa Məlikovun həyat yoldaşı Taulinaya məxsusdur. “Up, up” (“Yüksəklərə, daha da yüksəklərə”) adlanan mahnı çox ritmikdir. Səhnəyə Elli ilə birgə rəqqaslar da çıxacaq. Mahnıya millilik qatmaq üçün ud, zurna və zərb alətlərindən istifadə olunub.

Azad Şabanovun mahnısının sözləri Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqi koordinatoru, “Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi “Day after day” mahnısının müəllifi Zəhra Bədəlbəyliyə, musiqisi Vaso kimi tanınan Vüsal Qarayevə məxsusdur. Mahnı “Smile” (“Təbəssüm”) adlanır. İfaçı üçün mahnının ritminə uyğun geyim də hazırlanıb. A. Şabanovla birgə həmin gün səhnəyə rəqqaslar da çıxacaq.

“Milk&Kisses” qrupunun ifa edəcəyi mahnının sözləri elə qrup üzvləri olan Fəridə Nelson ilə Dilarə Kazımovaya, musiqisi Dilarə Kazımova və “Unformal” qrupunun üzvü, dj Vuperə məxsusdur. “İ am on fire” (“Mən yanıram”) adlanan mahnı ritmikdir. Mahnıya uyğun gözəl rəqs hazırlanır. Səhnə geyimləri mahnının ritminə, konsepsiyasına uyğundur. Artıq bir müddətdir ki, qrup Azərbaycan Dövlət Filarmoniyasında ciddi məşqlər edir.

Ülviyyə Rəhimova fevralın 2-si üçün hazırladığı mahnının sözlərini özü yazıb, bəstəkarı isə Sergey Quliyevdir. “İn love” (“Vurulmaq”) adlanan mahnı adından da göründüyü kimi, sevgidən bəhs edir. Ü. Rəhimovanın imici ilə fotomodel Validə Abbasova məşğul olur. Həmin gün namizədlə birgə peşəkar rəqqaslar da səhnəyə çıxacaq.

Namizədlər arasında yaşca ən kiçiyi olan Səfurə Əlizadə milli yarımfinal gecəsində sözləri Günel Musayeva və Zəhra Bədəlbəyliyə, musiqisi Elvin Musayevə məxsus olan “Söz ver” adlı mahnını ifa edəcək. Sevgidən bəhs edən mahnı həm Azərbaycan, həm də ingilis dilində səslənəcək. Səfurə ilə birlikdə səhnəyə “Nero” qrupu da çıxacaq. S. Əlizadə də ifa edəcəyi mahnıya uyğun xüsusi geyim hazırlatdırdıb. O, geyimin hazırlanmasında anasının müstəsna xidmətləri olduğunu deyib: “Çox ciddi hazırlaşıram. Demək olar ki, istirahət etmirəm. Hər şeyin yaxşı olacağına ümid edirəm. Özümə tam güvənirəm”.

Məryəm Şabanova isə milli yarımfinal konsertində sözləri və musiqisi özünə məxsus olan “İ’ve had enough” (“Məndən bu qədər”) adlı kompozisiya ifa edəcək. O, səhnəyə “Spider” şou-balet rəqs qrupu ilə çıxacaq. Ritmik olan bu mahnı da sevgidən bəhs edir. M. Şabanovanın geyimi də xüsusi modelyer tərəfindən hazırlanıb və mahnıya uyğundur.

“Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya açıqlamasında deyib ki, fevralın 2-də keçiriləcək yarımfinal konsertində 6 namizəddən 3-ü finala yüksələcək: “Hər şey münsiflərin qərarından asılıdır. Biz yarımfinal konsertinin mükəmməl təşkili üçün var gücümüzlə çalışırıq və şounun möhtəşəm olacağına inanırıq”.

A. Kərimli bildirib ki, “Eurovision-2009” müsabiqəsini qalibi, norveçli Aleksandr Rıbak və bir neçə il əvvəl bu müsabiqənin qalibi olmuş ukraynalı Ruslana fevralın 1-də Bakının qonağı olacaqlar: “Fevralın 2-də axşam saat 20:00-da yarımfinal şousu başlayacaq və İTV-dən, eyni zamanda internet vasitəsilə canlı yayımlanacaq. Yarımfinal şousu iki saat davam edəcək. Şou bitdikdən sonra təşkilatçılar, qonaqlar, eləcə də finala keçəcək namizədlərinin iştirakı ilə mətbuat konfransı olacaq”.

Onu da əlavə edək ki, milli yarımfinal konsertində Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edən və üçüncülük qazanan Aysel Teymurzadə də xüsusi proqramla çıxış edəcək.

Hər kəsə Uğurlar!!!