“Xəzər-Lənkəran” rəhbərliyi Rusiyanın məşhur “Sovetskiy Sport” qəzetinə rəsmi məktub göndərib. Bu haqda klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Onun sözlərinə görə, məktubda həmin qəzetdə “Xəzər-Lənkəran”ın Ermənistan komandası kimi göstərilməsinə etiraz edilib.

Cənub təmsilçisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Saturn” klubu ilə yoxlama oyunu (0:1) keçirib. Nadirov rusların həmin görüşlə bağlı yazıda yol verdikləri kobud səhvdən xəbərdar olduqlarını bildirib: “Ofisimizə hər həftə “Sovetskiy Sport” qəzeti gəlir və təbii ki, məsələdən xəbərdar olaraq hələ dünən cavabımızı yazdıq. Biz həmin məktubda etirazımızı, xalqımızın düşməni olan ermənilərin torpaqlarımızın müəyyən hissəsini işğal etdiyini, nəticədə 1 milyon qaçqınımızın olduğunu bildirmişik. Hətta məktub göndərməklə kifayətlənməyib, qəzetlə də əlaqə saxladıq, həmin yazının müəllifi ilə danışıldı. Sadəcə, biz məsələni elan etməyi məqsədəuyğun saymadıq”.

Klub rəsmisi həmçinin bildirib ki, bu bilərəkdən yox, texniki bir səhv olub. “Sovetskiy Sport”un növbəti sayında düzəliş edilibməsi nəzərdə tutulmuşdu və artıq rus həmkarlarımız üzr istəyərək, son sayında bu yanlışlığı düzəldiblər.